Kasıb ölkənin varlanması, trilyonçular ölkəsinin acları


Dövlətin idarə edilməsi, ölkənin rifaha qovuşdurulması xüsusunda dünyada olduqca gözəl örnəklər var. O gün sabiq maliyyə naziri Saleh Məmmədov o dövlətlərdən biri haqqında yazmışdı.

Bu dövlət Cənubi Koreyadır. Ötən əsrin 50-ci illərinin ortalarına qədər vətəndaş müharibəsi və parçalanma yaşayan, kasıbçılıq içində boğulan dövlət bu gün dünyanın ən böyük iqtisadiyyata malik 10 dövlətindən biridir.

Eyni yarımadanın şimalında yaşayan eyni xalq böyük məhrumiyyətlər, maddi sıxıntılar çəkir. Cənubdakı cəmi bir şirkətin varidatı, büdcəsi şimaldakı dövlətin var-dövlətindən, büdcəsindən çoxdur. Cənubi Koreyaya dair son iqtisadi xəbər belədir: ixracatında yeni rekord qeydə alınıb, dünyaya 600 milyard dollarlıq əmtəə satıb.

Bu kimi başqa örnəklər də var: Yaponiya, Sinqapur, Avstraliya, Norveç, İsveç, İsveçrə, Hollandiya, Danimarka, Kanada və sair.

Bir də var pis örnəklər. Kasıblığın dibində yaşayan, əhalisi aclıq çəkən, dünyanın ən kasıb on ölkəsinin sırasında yer alan Zimbabve, Şimali Koreya, Banqladeş, Nigeriya, Kamboca, Yəmən, Ruanda, Somali, Sudan və s.

Əslində “dünyanın ən kasıb 10 ölkəsi” nominasiyasına ən azı 50 dövlət-namizəd var. Adam bilmir hansının adını siyahıya salsın. 

Budur, onlardan biri olan Zimbabvedən də yeni xəbər gəlib. Ötən il özünə 37 ildən sonra yeni prezident seçən, Muqabeni ferma saxlamağa göndərib, onun yerinə vitse-prezident Mananqaqvanı gətirən Zimbabvedə yaxşılığa doğru dəyişiklik yox imiş.

Bu ölkədə iqtisadi-siyasi durum eynidir: həmin  işsizlik, həmin inflyasiya, həmin kasıblıq, həmin təhsilsizlik, həmin korrupsiya və s.

Bu ölkə niyə belədir?

Birincisi, Zimbabvenin yaxşı pula gedən təbii sərvətləri yoxdur.

İkincisi, ölkə 37 il boyunca iqtisadiyyatdan başı çıxmayan diktator Robert Muqabe tərəfindən idarə olunub və bu illərdə ölkənin ən ağıllı adamları ya məhv olunub, ya da həbsxanalarda ölüb gediblər.

Üçüncüsü, Zimbabvedə vəziyyətdən çıxış yolları axtarılmayıb, hər şey necə var, elə qalıb.

Nəticədə ölkənin “dollar” adı daşıyan valyutası o qədər dəyərdən düşüb ki, 1 trilyon dollara bir yumurta düşür.

Bir-iki il öncə Zimbabvedə hər kəs milyarder idi, indi hamı trilyonerdir.

Yeni prezident nə qədər çabalasa da, xeyri yoxdur, çünki bu ölkədə hər şey məhv olub - əsasən də təhsil sistemi.

Hansı ölkənin təhsil sistemi çökürsə, o ölkənin gələcəyi ola bilməz. Bu aksioma Zimbabvenin timsalında bu gün bir daha sübut olunur. Bu ölkədə artıq nəyisə həll edə biləcək savadlı kadr yoxdur.

Yaxşı, bəs Nigeriyanın təbii sərvəti, bol nefti vardı, ona nə oldu ki, əhalisi yoxsulluq girdabındadır?

Bol təbii resurslar, neft-qaz hələ firavanlıq demək deyil. Ölkə iqtisadiyyatının lokomotivləri düzgün, etibarlı relslər üzərinə oturmursa, bu qatar yanlış istiqamətə gedəcək. Bir müdrik şəxsin dediyi kimi, yanlış istiqamətə gedən qatarda əks tərəfə addımlamağın isə xeyri yoxdur, qatar hamını o səmtə aparacaq.

Nigeriya əlindəki neft pullarından səmərəli istifadə edə bilmədi. Ölkədəki tamahkar korrupsionerlər, vəzifəli şəxslər bu ölkəyə gələn neft milyardlarını basıb yedilər, darmadağın dağıtdılar, ölkənin kasıb əhalisi quru yurdda qaldı.

Bir dövləti ağ günə çıxarmaq üçün ən başlıcası yeraltı, yerüstü sərvətlərin zənginliyi deyil, əsas faktor quru torpaq üstündə xariqələr yaratmaq, bataqlıqda kurort şəhərciyi yaratmaq üçün iradə, səriştə yiyəsi olmaqdır.

İsrailin keçmiş prezidenti Şimon Peresin 5-6 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə etdiyi bir tarixi çıxış var. Peres deyirdi ki, biz İsraili təhvil alanda bu balaca ölkənin əkib-becəriləsi torpağı az idi, hər tərəf qayalıqlardan və bataqlıqlardan ibarət idi, ancaq məqsədyönlü siyasətlə, insan əməyi ilə ölkəni bugünkü İsrail halına gətirdik.

Gerçəkdə də torpağı yarımsəhra və səhralıqdan ibarət olan İsrail bu gün nəinki öz əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin edir, hətta yaxın qonşularına və uzaq ölkələrə meyvə-tərəvəz, ərzaq satır.

Çünki Zimbabvedən, Nigeriyadan fərqli olaraq İsraili idarə edənlər öz ailələrini yox, bütövlükdə dövləti, xalqı yaxşı dolandırmağı düşünüblər və dürüst olduqları üçün buna nail olublar.

Bu baxımdan hər bir dövlətin qarşısında iki yol var, biri İsrail, Cənubi Koreya, Kanada yoludur, o biri Zimbabve, Nigeriya, Somali, Şimali Koreya yolu. Seçim anı olmasa da, düşünmək məqamıdır.

Xalid KAZIMLI
Tarix: 29-12-2018, 09:48
Xəbəri paylaş





Xəbər lenti