“Erməni nazirin təhdidi cavabsız qalmamalıdır”-politoloq


Elxan Şahinoğlu: “Əgər düşmən ağlını başına yığmasa, Azərbaycan ordusu tək Qarabağ istiqamətindən deyil, bütün sərhədboyu hücuma keçib İrəvana qədər irəliləyə bilər”

Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycanı təhdid edib. Erməni nazir deyib ki, min illərin təcrübəsinə əsasən daim müdafiədə oturan ordu sonda məğlub olur.

“Ona görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş əməliyyatlarının bərpasından gedəcəksə, biz ləngiyən deyilik”-D.Tonoyan bildirib. “Erməni ordusu hücuma keçəcək?”-müxbir ona dəqiqləşdirici sual verib. “Nəyə görə də yox!”-Tonoyan bildirib. Virtualaz.org-un xəbərinə görə, müdafiə naziri onu da deyib ki, Ermənistan Rusiyadan silah almaq üçün daha 100 milyon dollar güzəştli kredit götürəcək. Və bu vəsait imkan verəcək ki, Ermənistan Azərbaycanla silahlanma yarışına girmədən qarşıya qoyulmuş vəzifələri yerinə yetirsin. Lakin Tonoyan bu kredit çərçivəsində hansı silahların alınacağını deməyib, bunun hərbi sirr olduğunu bildirib.

Xatırladaq ki, Rusiya son illərdə Ermənistana əvvəlcə 300 milyon, daha sonra 100 milyon dollar güzəştli silah krediti verib.
Ermənistanın iqtisadi və demoqrafik imkanları Azərbaycanla müqayisə olunmazdır. Məhz buna görə də Ermənistan “keyfiyyət üstünlüyünə” diqqəti yönəldəcək. Nazir bildirib ki, Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək. “Və siz də gördünüz ki, biz indi rəqibin tədrici irəliləməsini neytrallaşdırmağa imkan verən silahlar alırıq”-Tonoyan belə deyib. Və dəqiqləşdirib ki, söhbət həm də SU-30SM qırıcılarından gedir. Ermənistan bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 belə qırıcı alacağını elan edib.

Lakin Tonoyanın sözlərinə görə, Ermənistan hücum silahları da almağa başlayıb. Onun fikrincə indi çox şey dəyişir-müdafiə siyasətinin qurulmasında psixologiya, yanaşmalar fərqlidir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, Ermənistan müdafiə nazirinin bu təhdidinə Azərbaycan Müdafiə Nazirliyi çox kəskin cavab verməlidir: “Faktiki olaraq bizi hədələyib. Ermənilər nəinki torpaqları boşaltmaq, hətta əlavə torpaq işğal etmək haqqında düşünürlər. Yəni o demək istəyir ki, növbəti toqquşmada işğal etdiyimizdən daha artığını işğal edəcəyik. Bu açıqlama cavabsız qalmamalıdır. Dərhal Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti də işğalçıya konkret, sərt şəkildə cavab verməlidir. Yəni Ermənistan Rusiyadan aldığı silahlara arxayın olmasın. Əgər düşmən ağlını başına yığmasa, Azərbaycan ordusu tək Qarabağ istiqamətindən deyil, bütün sərhədboyu hücuma keçib İrəvana qədər irəliləyə bilər. İstənilən halda, bu cür təhdidləri cavabsız qoymaq olmaz. Azərbaycanın ünvanına edilən bu hədə cavabsız qalmamalıdır. Müdafiə nazirimiz Zakir Həsənov Tonoyana anladığı dildə sərt cavab verməlidir. Necə ki, vaxtilə erməni generallardan biri “Mingəçevir Su Elektrik Stansiyasını vura bilərik” hədəsinə qarşı Bakıdan İrəvana “biz də Metsamor Atom Elektrik Stansiyasını darmadağın edərik” cavabı ünvanlamışdı. Bununla da ermənilər Mingəçevir söhbətini bir daha dillərinə gətirmədilər”.

E.Şahinoğlu bir məqamı da vurğuladı: “Ermənistanın müdafiə naziri David Tonoyan Xocalı qurbanlarını andığımız gün bizi hədələyib. “Biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş əməliyyatlarının bərpasından gedəcəksə, biz ləngiyən deyilik” deyən Tonoyan Azərbaycana açıq-aşkar hədə qorxu gəlir. Ən azı Bakıda yüksək səviyyədə Tonoyana xatırladılmalıdır ki, əgər özünün dediyi kimi, o, Ermənistanın iqtisadi və demoqrafik imkanlarının Azərbaycandan geri qaldığını etiraf edirsə, müharibənin nəticəsini bu geriləməyə uyğun hesablamalıdır. Tonoyana deyilməlidir ki, siz 2 milyonsuzsa, biz 10 milyona yaxınıq və ağlınız Azərbaycanda 1990-ların xaos illərinə getməsin, bu dəfə müharibə tək Qarabağı əhatə etməyəcək, Dağlıq Qarabağdakı döyüşlərin üstünə Naxçıvan, Qazax, Tovuz, Gədəbəy yəni hardan mümkündürsə zərbələr ediləcək. Siz müdafiəyə yox hansısa istiqamətdən hücum keçəcəksinizsə, biz həmin yerdə müdafiə olunub, başqa yerlərdən hücuma keçəcəyik. Total xarakter daşıyacaq budəfəki müharibəni işğala son qoyulmayana qədər dayandırmaq da mümkün olmayacaq. Bunları Toroyanın və erməni cəmiyyətinin diqqətinə çatdırmaq lazımdır. Azərbaycan XİN-in “nazirlərinə görüşünə hazırlıq gedir” kimi yumşaq açıqlamaların əvəzinə, Azərbaycan Müdafiə Nazirliyinin sərt açıqlamalarına ehtiyac var. Onsuz da status-kvonu uzadan bu görüşlərin nəticəsi yoxdur və qazanan İrəvandır”.
Erməni nazirin yeni silahlarla bağlı dediklərinə gəldikdə, politoloqun sözlərinə görə, Tonoyan də anlayır ki, Azərbaycan milyardlarla dollar silahı və hərbi texnikanı anbarlarda saxlamaq üçün almır, onlardan istifadə olunacaq: “Bunun qarşılığında əlacsız qalan Tonoyan yalnız bunu deyir: “Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək”. Miqdara üstünlük vermək üçün pulun olmalıdır, o da yoxdur, Ermənistanı qurtaran Rusiyanın peşkəş verdiyi raketlər və qırıcı təyyarələrdir. Təsadüfi deyil ki, Tonoyan Ermənistanın bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 yeni qırıcı təyyarə alacağını bildirib. Bu ikibaşlı ifadədir. Tonoyan bizə Rusiyanın kimin yanında olduğunu xatırladır”.
Azərbaycanın Xarici İşlər və Müdafiə nazirliklərindən sualımızla bağlı bildirildi ki, məsələ ilə bağlı müvafiq reaksiya olacaq.


Musavat.com

Tarix: 26-02-2019, 16:35
Xəbəri paylaş





Xəbər lenti