“ŞƏHİDLƏR ŞƏRƏF, QEYRƏT, UCALIQ ZİRVƏSİDİR..” !!!


HEÇ KİM, HEÇ NƏ UNUDULMUR !!!

ŞƏHİDLƏR ÖLMƏZDİLƏR… ÖLMƏZİ AĞLAMAZLAR!!!

25.02.2019… Bu gün 1997 ci ildə xüsusi təyinatlı hərbi dəstənin özlərini partladaraq həlak olan kəşfiyyatçılarımızdan birinin – Mustafayev Dinar İbrahim oğlunun goğum günü münasibətiylə anım mərasimi uyuduqları məkanda – 2 ci Fəxri Xiyabanda qeyd olundu. Mərasimdə bir çox QHT rəhbərləri, Dinarın döyüşçü yoldaşları, ictimai fəallar , Sumqayıt şəhəri 28 saylı orta məktəb şagirdləri, aprel döyüşlərində şəhid olan Mirzəyev Mahir Sabir oğlunun atası, həmçinin kəşfiyyatçıların komandiri polkovnik Xətai Baxışov iştirak etdi.

Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova “Torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizi sayğıyla yad edək və ardından Dövlət himnimizi səsləndirək” təklifiylə mərasimi açıb, qısaca Dinar Mustafayevin keçdiyi həyat yolu haqda məlumat verdi:

”Yaşasaydı bu gün əzizlərini başına toplayıb bəlkə də evində o baş-bu başa qaçan balalarıyla, döyüş yoldaşlarıyla birgə doğum gününü qeyd edəcəkdi. Dinar Ermənistanın Qaraqoyunlu mahalının Gölkənd kəndində dünyaya göz açıb. Bu ailənin başında duran İbrahim kişi üçün halallıqdan qiymətli heç nə olmadığı üçün, bu ruhda tərbiyə etdi balaları və ocağının başına toplaşanlar da halallığı bu günə qədər qoruyub saxlayıblar. Odur ki, yüksək mənəvi-əxlaqi dəyərlər ruhunda böyüyən Dinar heç vaxt erməni kimi düşmənin qabağında əsir olmağı özünə sığışdıra bilməzdi,  dostları da həmçinin . Onlar, ya qələbə çalmalıydılar ya da həlak olmalıydılar. Onları bu ruhda tərbiyə edən komandirləri polkovnik Xətai Baxışovun da əməyi danılmazdır. Bu gün həm də tariximizin ən qanlı, ağır günlərindən biri – dünyada anoloqu olmayan Xocalı soyqırımının ildönümüdür. Hələ ki, Şəhidlərimizi başıaşağı, çiynimizdə ağır Vətən dərdiylə yada salırıq”…

Daha sonraçıxış üçün söz  anım mərasiminə gələnlərə verildi… Polkovnik Xətai Baxışov, şəhid atası Mirzəyev Sabir, Türkiyədən gələn Erkan Sevilmiş, tanınmış və sevilən şair Yusif Nəğməkar, dostlarından az öncə yaralanıb huşsuz meşədə qalan, 23 aylıq məşəqqətli erməni əsirliyindən qayıtsa da, bu gün də sağlamlığına qovuşa bilməyən səkkiz oğuldan biri Aqil Əhmədov, ilahiyyatçı həm də ictimai fəal Hacı Afət xanım Mustafayeva, Şəhid Vüqar Yarəhmədovun anası – təqaüddə olan Elza xanım Yarəhmədova, Şəhid Aqşın Həsənovun anası – təqaüddə olan Bərdə sakini Xanım Həsənova və bir çoxları çıxış etdi.

Erkan Sevilmiş: “Qarabağ həm də bizim qanayan yaramız, sağalmayan yaramız… Biz hər zaman sizin yanınızda” – dedi.

Şəhid anası Elza xanım: ”Bizi ən çox ağrıdan o ki, oğullarımız da gedib, torpaq hələ də işğalda. Ona görə 22 il keçsə də heş cür sakitləşə bilmirik”…

Şəhid anası Xanım Həsənova: “Mən də o biri valideynlər də burda təkcə öz övladımızı ziyarət etmirik. Bu yeddi balanın hamısı bizim oğullarımızdı. Ancaq ruhlarını hələ şad etməmişik Bu bizi çox ağrıdır çox”…


Polkovnik Xətai Baxışov: ”Nə qədər biz varıq hər zaman Şəhidlərimizi yad edəcəyik. “…

Hacı xanım Afət Mustafayeva Şəhidlərimizin ruhuna dualar oxudu: “Müqəddəs kitabımız Qurani Kərimdə deyildiyi kimi Şəhidlərə ölü deməyin Əksinə onlar allah dərgahında diridilər”…

Şair Yusif Nəğməkar “Papaqçıya” şerini səsləndirdi:

“İstəyir yüz il də, min il də yaşa

Papaqsız hər nizam çaş düşməlidir,

Xocalı dərdini dərk etməz başa,

Papaq əvəzinə daş düşməlidir.”

Sonda Dinar Mustafayevin anası Firəngiz xanım Mustafayeva və bacısı müəllimə Turac xanım mərasimə qatılan hər kəsə təşəkkürlərini bildirdilər.

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir

Şəhidlər azadlığın od-şimşək zərrəsidir.

Şəhidlər tarıxləşən – istiqlal türbəsidir.

Şəhidlər bulud kimi buludlar saxlamazlar

Şəhidlər ölməzdilər, ölməzi ağlamazlar!!!

Tarix: 27-02-2019, 08:37
Xəbəri paylaş





Xəbər lenti