"ƏSLİNDƏ, BU, KORRUPSİYANIN BİR FORMASIDIR" - SƏRDAR CƏLALOĞLU


"ƏSLİNDƏ, BU, KORRUPSİYANIN BİR FORMASIDIR" - SƏRDAR CƏLALOĞLU





“Azərbaycanda seçkilər saxtalaşdırıldığına görə partiyaların maliyyələşməsi tamamilə ədalətsizdir”

“Bu, saxtakarlıq əsasında dövlət büdcəsinin talan edilməsidir”

“Bu gün parlamentdə oturan insanların 90%-i saxta mandatlarla oturub”

Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün 2018-ci ilin dövlət büdcəsində 3 milyon manat vəsait nəzərdə tutulmuşdu. Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Bu qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.

Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Hazırda Milli Məclisdə 12 siyasi partiya mandat sahibidir.

Bunlar aşağıdakılardır:

1. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev, 69 deputat)

2. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı, 2 deputatları – Fəzail İbrahimli, Rafael Hüseynov)

3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – (sədr Qüdrət Həsənquliyev, 1 deputat)

4. Demokratik İslahatlar Partiyası – (sədr Asim Mollazadə, 1 deputat)

5. Böyük Qurtuluş Partiyası – (sədr Fazil Mustafa, 1 deputat)

6. Milli Dirçəliş Hərəkatı Partiyası – (sədr Fərəc Quliyev, 1 deputat)

7. Ana Vətən Partiyası – (sədr Fəzail Ağamalı, 1 deputat)

8. Vətəndaş Birliyi Partiyası – (sədr Sabir Hacıyev, 1 deputat)

9. Azərbaycan Sosial Rifah Partiyası – (sədr Xanhüseyn Kazımlı, 1 deputat)

10. Vəhdət Partiyası – (sədr Tahir Kərimli, 1 deputat)

11.Azərbaycan Demokratik Maarifçilik Partiyası – (sədr Elşən Musayev, 1 deputat)

12. Azərbaycan Sosial Demokrat Partiyası – (sədr Araz Əlizadə, 1 deputat)

Parlament partiyalara 2018-ci ildə dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitinin məbləğini dəqiqləşdirib. Məlum olub ki, hazırda parlamentdə 69 deputatı olan hakim Yeni Azərbaycan Partiyası 2018-ci ilin dövlət büdcəsindən ümumilikdə 1 milyon 367 min 857 manat vəsait alıb.

Milli Məclisdə 1 deputatla təmsil olunan Böyük Quruluş Partiyasının ötən il dövlət büdcəsindən aldığı vəsait 117 min 857 manat təşkil edib.

Parlamentdə 1 deputatla təmsil olunan digər 9 partiyanın da hər birinə 117 min 857 manat vəsait ayrılıb. Bunlar Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Birliyi Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası.

Milli Məclisdə 2 deputatla təmsil olun Vətəndaş Həmrəyliyi Partiyasının ötən il büdcədən aldığı vəsait 235714 manat olub.

“Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən dövlət büdcəsindən ayrılmış vəsaitin 10%-nin Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünməsində bir ədalətsizlik özünü göstərir. Yəni belə çıxır ki, 2018-ci ilin dövlət büdcəsində siyasi partiyalar üçün nəzərdə tutulan 3 milyon manat vəsaitin 300 mini seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bölüşdürülüb. Əslində, bu özü ölkədə siyasi fəaliyyətin qarşını almağa yönəlik addımdır, sonra da deyilir ki, müxalifət xarici təşkilatlardan qrant alır. Halbuki, hakim partiya qərəzsiz müxalifətin formalaşması üçün büdcədən ayrılan vəsaiti düzgün bölüşdürməlidir ki, ölkədə qərəzli müxalifət olmasın və hakimiyyətin atdığı addımlara sağlam tənqidi münasibət sərgiləsin. Necə ki, qardaş Türkiyədə müxalifətə diqqət göstərilir, müxalif partiyaların hər cür qayğısına qalınır, bizim ölkədə də buna ehtiyac var. Bu cür çüzi məbləğlə ölkədə sağlam müxalifət inkişaf edə bilər? Niyə hansısa müxalifət partiyası gözünü xaricdən gələn qranta dikməlidir ki? Çox güman ki, iqtidar müxalifətə sağlam yanaşsa və ayrılan vəsaitlər düzgün bölüşdürülsə, burada da sivil, qərəzsiz müxalifət olardı.

Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünməsi ədalətsizlikdən başqa bir şey deyil.

Ayrılan vəsaitin 40 faizinin Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölüşdürülməsi bəs deyilmi ki, deputat maaşından əlavə, hansısa partiya təmsilçisinə ildə 117 min 857 manat verilir? Bu ədalətsizlik dövlət büdcəsinin talanmasından başqa bir şey deyil.

Adları çəkilən müxalif partiyalardan isə eləsi var ki, bir papkası, bir də özüdür, hansısa birinin xalqın problemləri barədə Milli Məclisdə heç səsi də çıxmır. Halbuki, əslində, Milli Məclisdə təmsil olunmaq üçün kifayət qədər sağlam müxalif partiya və onların nümayəndələri var. Məsələn, Azərbaycan Demokrat Partiyasının böyük bir qərargahı, çoxlu sayda üzvləri olduğu, eyni zamanda partiya sədri Sərdar Cəlaloğlunun cəmiyyətdə yüksək mövqeyi olduğu halda, diqqətsizlik üzündən partiyanın binası bərbad gündədir, binada heç bir lazımi şərait yoxdur. Gərəkli partiyalara maliyyə yardımı ayırmaqdansa, bir papkası, bir özü olanlara külli miqdarda vəsait ayrılır ki, bu da siyasi partiyalar arasında haqlı olaraq narazılıq doğurur.

“Bu, korrupsiyanın bir formasıdır”

Parlamentdə təmsil olunan partiyalar deputat başına 118 min manat ayrılması ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə dedi ki, bu, tamamilə yanlış bir şeydir: “Çünki ölkədə proporsional seçki sistemi olmadığına görə, siyasi partiyaların topladığı ümumu səsi müəyyən etmək mümkün olmaz. Hansısa partiyadan bir nəfər namizəd bir dairədə 70% səs toplaya bilər, başqa bir namizəd isə 5% toplaya bilər. İkincisi də Azərbaycanda seçkilər saxtalaşdırıldığına görə partiyaların maliyyələşməsi tamamilə ədalətsizdir. Əslində, bu, korrupsiyanın bir formasıdır. Yeni Azərbaycan Partiyası bir tərəfdən seçkiləri saxtalaşdırır, sonra da seçki saxtakarlığı əsasında partiyalara çatan dövlət vəsaitləri birmənalı şəkildə Yeni Azərbaycan Partiyasına istiqamətlənir. Yəni bu gün Yeni Azərbaycan Partiyasına verilən pullar Azərbaycanda seçkiləri real udan partiyalara verilməlidir, hansı ki, bu gün o partiyalara bu pullar verilmir və partiyalar da böyük bir maliyyə çətinliyi çəkir. Eləcə də bu gün parlamentdə oturan insanların 90%-i saxta mandatlarla oturub və o mandatlar da müxalifətə məxsudur. Ona görə də mən bunu siyasi korrupsiya kimi dəyərləndirirəm, bunu başqa cürə dəyərləndirmək olmaz. Azərbaycan parlamentində kim özünə arxayındırsa, birlikdə seçkilərdə iştirak edək, baxaq görək, o, çox səs toplayır, yoxsa mən çox səs toplayıram. Yəni bu, tamamilə saxtakarlıq əsasında dövlət büdcəsinin talan edilməsidir. Mən dediyim hamısına aiddir, istəyir müxalifət adı qoyulan adamlar olsun, istəyir də Yeni Azərbaycan Partiyası olsun. Əslində, orada heç bir real müxalifət qüvvəsi yoxdur. Parlamentdəki qüvvələrin hamısı Azərbaycan hökumətinin maraqlarını müdafiə edən və siyasi konyuktura mənasında müxalif olan partiyalardır. Ona görə, mən “siyasi partiyalar haqqında” qanunla mövcud vəziyyət arasında çox böyük ziddiyyət olduğunu deyirəm. Ona görə də deyirəm ki, bu, bir korrupsiyadır. Əslində, bu, başqa bir şey deyil”.

“Bir halda ki, proporsional seçki sistemi yoxdur, sən haradan bilirsən ki, hansı partiya nə qədər səs toplayıb?”

S. Cəlaloğlunun firkincə, seçkilər obyektiv və demokratik keçirilərsə, ölkədə proparisonal seçki olarsa, onda bu qanun işləyə bilər: “Proporsional seçki yoxdur, sən haradan bilirsən ki, hansı partiya 3%-dən çox səs toplayıb? Tutaq ki, proporsional seçki olanda 3%-dən artıq səs toplaya bilər, amma deputatı olmaya bilər, onda dövlət onu maliyyələşdirir. Bir halda ki, proporsional seçki sistemi yoxdur, sən haradan bilirsən ki, hansı partiya nə qədər səs toplayıb? İkincisi də ölkədə demokratik, ədalətli, bərabər seçkilər yoxdursa, sən onda nəyə əsasən parlamentdə saxta mandatla oturmuş adamların hesabına dövlət bücdəsindən milyonlarla pulu Yeni Azərbaycan Partiyasının büdcəsinə istiqamətləndirirsən? Bu, cinayətdir, vaxt gələcək bunların hamısı araşdırılacaq. Həm seçkilərin saxtalaşdırılması dövləti cinayətdir, həm də saxtakarlıq əsasında Yeni Azərbaycan Partiyasının maliyyələşdirilməsi cinayətin bir formasıdır”.

Şamo EMİN

Tarix: 2-03-2019, 14:44
Xəbəri paylaş





Xəbər lenti