Ermənistan sərhəd bölgəsinin əhalisini təxliyə edir – İki mühüm ssenari


Ermənistan sərhəd bölgəsinin əhalisini təxliyə edir –   İki mühüm ssenari
Diqqətçəkən proses gedir və ortaya iki versiya çıxır: ya yeni müharibə, ya da...
 
Ermənistanın Dilican (Tavuş) vilayətinin qubernatoru Hayk Qalumyan Azərbaycanla həmsərhəd rayonlardan əhalinin təxliyyəsi ilə bağlı planın yeni redaksiyasının hazırlanması barədə sərəncam imzalayıb. Sözügedən sənəddə vilayətə daxil olan yaşayış yerləri "yaşayış üçün təhlükəli" adlandırılıb. Sənədə görə, əhalinin həmsərhəd zonadan 10 kilometr aralıya, ölkənin iç bölgəsinə təxliyyəsi nəzərdə tutulur.
 
Bəhs edilən  sənəd avqustun 19-da imzalanıb. Sənədə edilən əlavələr və dəyişikliklərdə Dilican rayonunun Azərbaycanla həmsərhəd kəndlərindən təxliyyə edilərək köçürüləcək erməni sakinlərin sayı, onların yaş bölgüsü, yenidən yerləşdirilmə məkanları, yaş bölgüsünə uyğun olaraq müvəqqəti ərzaq təminatı, onlara geyim, alt paltarı və ayaqqabılar verilməsi, habelə bu şəxslərin qəbul məntəqələrinin yaradılması, sonradan Dilicanda müvəqqəti və ya daimi yaşayış yerlərinin müəyyənləşdirilməsi kimi məqamlar qeyd olunub.
 
Erməni mediası Qalumyanın sərəncamını Qazağın işğalda olan 7 kəndinin Azərbaycana qaytarılmasına hazırlıq prosesinin tərkib hissəsi kimi qiymətləndirir. Bildirilir ki, “yaşayış yeri üçün təhlükəli” qeydi işğalda olan kəndlərin qaytarılmasına etiraz edən kəsimin sakitləşdirilməsi üçündür. Ermənistanda bəzi ekspertlər isə bildirirlər ki, bu sərəncam kəndlərin qaytarılması üçün yox, həmin ərazidə Azərbaycanla hərbi qarşıdurmanın yaşana biləcəyi ehtimalından irəli gəlir.
 
Mövzu ilə bağlı AYNA-ya danışan ekspertlər də hesab edirlər ki, Dilican sakinlərinin sərhəddən bir qədər kənara köçürülməsinin səbəbi doğrudan da Qazağın işğalda olan kəndlərinin qaytarılması prosesi ola bilər. Çünki həmin ərazilər 7 kəndə yaxın yerləşən ərazilərdir.
Картинки по запросу
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri, politoloq Fərid Şəfiyevin fikrincə, sərhədin həmin istiqamətində hərbi gərginliyin olması gözlənilmir: “Ermənistanın o istiqamətdən Azərbaycana hücum edəcəyi ehtimalı azdır. Ona görə ki, Azərbaycan Ordusunun gücünü, verəcəyi cavabı bilir. Ermənistanın gücü də yoxdur ki, Azərbaycan ərazilərinə hücum etsin. Xırda təxribatlar törədirlər, bundan sonra da törədəcəkləri istisna edilmir”.
 
“Qaldı ki, işğalda olan Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılmasına, məsələ gündəmdədir. Düzdür, Ermənistan da öz növbəsində Başkənd məsələsini qaldırır. Hesab edirəm ki, sərhədlərin delimitasiya və demarkasiya işində problem həllini tapacaq. Gec-tez işğalda saxlanılan kəndlərimizin qaytarılması məsələsi qaldırılmalıdır”, - deyə Mərkəz rəhbəri vurğulayıb.
 
Şəfiyevin qənaətincə, Dilicanın sərhəd kəndlərinin əhalisinin köçürülməsi işğalda olan kəndlərin qaytarılması prosesinə hazırlıq ola bilər: “Kəndlərimizin konkret hansı tarixdə qaytarılmasını söyləmək çətindir. Proseslərin gedişindən asılıdır. Lakin deyə bilərəm ki, məsələ gündəmdədir. Delimitasiya və demarkasiya işləri həyata keçiriləndən sonra təbii ki, işğaldakı kəndlərimizi Ermənistanın qaytarması şərt olacaq. Düzdür, müəyyən mübahisəli vəziyyət də var - Başkəndə görə. Məsələ necə yoluna qoyulacaq, bunu demək bir qədər çətindir”.
 
“Burada iki məqam var: bizə məxsus olanı tam götürürük. Amma bu halda Başkənd faktiki olaraq ermənilərə təhvil verilməlidir. Yaxud da, hansısa formada ərazi mübadiləsi olmalıdır. Məsələ burasındadır ki, Başkəndin ərazisi 40 kvadrat kilometrdir. Bizim işğalda olan Qazağın 7 kəndinin və Kərkinin ərazisi ümumilikdə 120 kvadrat kilometrdir. Təbii ki, ərazi mübadiləsi deyərkən, tam mübadilədən söhbət gedə bilməz. Bu, çox həssas məsələ olduğu üçün ətrafında spekulyasiya etmək istəmirəm. Hesab edirəm ki, müvafiq komissiya işinə başlayanda problemin həlli ilə bağlı aydın təsəvvür yaranacaq”, - deyə politoloq fikrini yekunlaşdırıb.
POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ
Siyasi icmalçı Asif Nərimanlı isə qeyd edib ki, Ermənistanın sərhəd rayonlarında “yaşayış üçün təhlükəli” bölgələr məsələsi müharibədən sonra aktuallaşıb: “Hətta Ermənistan hökuməti sərhəd kəndlərində yaşayan əhaliyə əlavə güzəştlər edir. Bu bölgələr, əsasən Mehridən Gorusa qədər olan ərazilərdir, çünki müharibədən sonra Azərbaycan işğal dövründə irəli çəkilmiş dövlət sərhədinin Zəngilandan Laçına qədər olan hissəsini de-fakto bərpa edib. Nəticədə bu istiqamətdə yerləşən kəndlərin bir hissəsi ordumuzun nəzarətinə keçdi, bir hissəsi neytral zonaya çevrildi. Lakin Dilican (Tavuş) istiqamətində dövlət sərhədinin müəyyənləşməsi ilə bağlı indiyə qədər heç bir addım atılmayıb. Bu baxımdan, həmin ərazilərdə əhalinin evakuasiya edilməsi qərarı Qazağın 7 kəndinin qaytarılması məsələsini gündəmə gətirir. Evakuasiya qərarının Zəngəzur (Sünik) bölgəsi ilə bağlı qəbul edilməməsi də bu ehtimalı gücləndirir”.
 
“Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndinin təhvil verilməsi məsələsinin 10 noyabr razılaşmasına daxil edildiyi, lakin Ermənistan hakimiyyətinin yükünü azaltmaq üçün sonraya saxlanıldığı haqda məlumatlar var idi. İndi əsas gündəm sərhədlərin delimitasiya və demarkasiyasının yekunlaşmasıdır. Bu proses SSRİ xəritələrinə uyğun aparılır, bu da həmin kəndlərin qaytarılması zərurətini yaradır. Son proseslər də bu istiqamətdədir. Avqustun əvvəlində Ermənistan tərəfi Rusiya hərbçilərinin Əskipara kəndinə gətirildiyini rəsmi olaraq təsdiqlədi”, - deyə ekspert vurğulayıb.
 
Onun fikrincə, Rusiya hərbçilərinin bu bölgəyə gəlməsinin bir neçə səbəbi ola bilər: “Birincisi, sərhədin bu istiqamətdə müəyyən edilməsi prosesinə nəzarət. Kəlbəcər istiqamətdə sərhədin müəyyənləşməsi prosesi göstərdi ki, Ermənistan Rusiyanın bölgədəki maraqlarına uyğun olmayan mövqe tutur. Həm “beynəlxalq müşahidəçiləri” bölgəyə gətirmək istəyi ilə Rusiyaya qarşı alternativ yaratmağa çalışdı, həm də Rusiyanı proseslərdə tərəf etmək istədi. Mümkündür ki, Rusiya eyni prosesin Dilican istiqamətində yaşanmasını istəmir. Qazağın 7 kəndinin təhvil verilməsi Paşinyan hakimiyyəti üçün prosesin ən ağrılı tərəfi ola bilər. İkincisi, Qazağın işğal altındakı kəndlərindən üçü esklavdır və bunların təhvil verilməsi üçün mütləq dəhlizə ehtiyac var. İstisna deyil ki, bu dəhlizlərin təhlükəsizliyini rus hərbçilər təmin etsinlər. Üçüncüsü, kommunikasiyasının açılması məsələsində Rusiya üçün aktual olan Qazax-İcevan istiqamətindəki yolun təhlükəsizliyinin təmin edilməsidir”.
 
Nərimanlı bütün bunların eyni prosesin tərkib hissəsi olduğunu söyləyib: “Çünki kommunikasiyanın bərpa edilməsi üçün öncə sərhədin delimitasiya və demarkasiya prosesi həyata keçirilməlidir. Moskva üçün üçərəfli bəyanatlarda prioritet məsələlənin məhz kommunikasiyanın bərpa edilməsi olduğunu nəzərə alsaq, delimitasiya prosesinin icrasının yaxın dövrdə ola biləcəyi fikri önə çıxır.  Ermənistanın məhz sərhədə görə birtərəfli qaydada dayandırdığı kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun fəaliyyətini yenidən bərpa etməsi, Paşinyanın Azərbaycanla sərhəddə ordunu geri çəkib, sərhədçiləri yerləşdirməyə hazırlaşdıqlarına dair açıqlamaları da delimitasiya və demarkasiya məsələsi istiqamətində razılaşmaların olduğunu deməyə əsas verir”.
 
“Bütün bu proseslər fonunda Tavuş qubernatorunun evakuasiya ilə bağlı qərarı Qazağın 7 kəndi ilə bağlı hazırlığın getdiyini göstərir. İstisna deyil ki, təhvil verilmə prosesi ağrılı olsun. Çünki Paşinyan hakimiyyətinin buna masada razılaşması daxili problemlərini artıra bilər. Bu baxımdan, həmin istiqamətdə hərbi toqquşmanın ola biləcəyi, məhz bu toqquşmadan sonra Paşinyanın masaya gələcəyi də gözləniləndir. Evakuasiya qərarı buna hazırlıq da ola bilər”, - deyə siyasi şərhçi fikrini tamamlayıb.
Tarix: 24-08-2021, 23:49
Xəbəri paylaş





Xəbər lenti