Ölkədə halallıq bərpa olunmalıdır


Rafiq Manaflı
Dövlətin büdcəsi dövlətin çörəyidir. Büdcəsinə haram qatılmış dövlətin çörəyinə haram qatılıb. Və bu haramçılıq bütöv bir cəmiyyətin dəngəsini pozub, dəyərlərinə, ideallarına, əxlaqına haram qatıb.
Acınacaqlıdır, amma ölkənin ağıllı, ziyalı adamları bu haramı zəm-zəm suyuna çəkmək üçün ildə 5-6 dəfə dəri-qabıq dəyişirlər.
Rəzalətdir, amma dünən böyrümüzdə dayanan xəyanətkar satqınlar daxil siyasilərin və vətəndaş cəmiyyətlərinin nümayəndələrinin bu harama şərik olmaq üçün açmadıqları qapı, minmədikləri avtobus qalmayıb.
Küfrdür, amma ölkənin dindarları, baş mollasından üzü aşağı, bəzi istisnalarla bu haramı Qurandan yuxarıda tuturlar, həmin istisnalar isə zindanlarda çürüdülür, çarmıxa çəkilirlər, çöldəkilər də cəhənnəmi gözləri ilə götürə-götürə yaşayırlar.
Bu haramçılıq bir ölkəni haram bataqlığına çevirib və bu bataqlığı qurutmaq 5-10, heç beş min – on min nəfərin işi deyil. Bütün xalq toparlanmalıdır, haram tikəni yemirəm deməyi bacarmalıdır.
Bacarmalıdır, çünki haramda ruzi-bərəkət olmaz, tıxanıb boğazda qalar. Necə ki, bir-bir vurulan nazir-oliqarxlar, qudurmuş məmurlar, göydə gedən yandaş iş adamları bunu öz dərilərində hiss ediblər. İlham Əliyev da, ailəsi də, ətrafı da hiss edəcək.
Bu gün yaşadığımız ən xırda sosial problemdən ən böyük siyasi-iqtisadi-hərbi uğursuzluqlara qədər, hamısının başında dayanan Əliyevlərin ölkəmizə gətirdiyi haramçılıqdır. Üzbəüz döyüşdə erməninin belini qırmış qalib xalq yenidən qəddinin bükülməsinə imkan verməməlidir, bu haramçılığı kökündən qoparıb zibilliyə atmalıdır. Yoxsa elə allah kərimdir deyib bu günə şükr edə-edə gedəcəyik. Kərimin quyusu isə ölkəni basmış bataqlıq kimi dibsizdir.
Ölkədə halallıq bərpa olunmalıdır və olunacaq. Mütləq olunacaq. Bu gün meydanda haqq davası, halallıq davası aparan kişilərin, kişi qeyrətli xanımların hesabına olunacaq. Bir gün tez, bir gün gec.
Tarix: 28-08-2021, 09:11
Xəbəri paylaş





Xəbər lenti