İmişli “MERO”sunda korrupsioner şəbəkə



İmişli “MERO”sunda korrupsioner şəbəkə
Bu yaxınlarda Aktualxeber.az saytında “İmişli “MERO”da avtomobillərin texniki baxışı vatsapla həyata keçirilir” və ““MERO”da onlayn rüşvət” başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə İmişli Rayon Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsində baş verən qanunsuzluqlardan və buna şərait yaradanın isə BDYPİ-nin Yol Patrul Xidməti Alayının komandiri Fuad Mayılovdur. Düzdür, qanunla “MERO”lar Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyevə tabedir. Lakin qeyri-rəsmi şəkildə ölkənin əksər rayonlarındakı “MERO”lara nəzarət F.Mayılovun kurasiyasındadır. Qeyd edək ki, İmişli “MERO”sunun rəisi təqaüd yaşına çatmış Qulu Qüdrət oğlu Quliyev 2019-cu ildə Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə təyin olunub. Təqaüd yaşı keçmiş, nəqliyyat vasitələrini vatsap nömrələrlə texniki baxışdan keçirən, ağlagəlməz “rüşvət piramadası”na rəhbərlik edən Q.Quliyevin təqdimatını da F.Mayılov verib. Çünki bu təqaüdçü yaşındakı Qulu bəy saçını yollarda komandir olaraq ağardıb. Hələ Salyan postunun (Baş Dövlət Yol Polisi İdarəsinin YPX alayının 728-ci saylı postunun) komandiri olan zamanlarda onun korrupsioner adı dillərdə məşhur idi. Həmin vaxtlar postdan haqq vermədən daimi işləyən bir avtomobil belə keçə bilmirdi.

Məlumdur ki, avtomobili olan şəxslər ildə bir dəfə olmaqla, “MERO”-ya getməli və avtomobilinin saz vəziyyətdə olub-olmaması ilə bağlı sənəd almalıdır. Əgər vətəndaş öz avtomobilini texniki baxışdan keçirmirsə, hər 20 gündən bir 50 manat cərimə ödəməli olur. Əsas mətləbə keçək! Məsələ bundadır ki, F.Mayılova yaxınlığı ilə seçilən “MERO” rəisləri “kreativ” üsul seçiblər. Belə ki, onlar nəqliyyat vasitələrini vatsap nömrələr vasitəsilə “texniki baxış”dan keçirirlər. Qanunda nəzərdə tutulub ki, avtomobil qeydiyyatda olduğu ərazidə texniki baxışdan keçirilməlidir. Amma F.Mayılovun adamları üçün bu elə də fərq etmir. Sadəcə avtomobilə məxsus texpasportun, sürücülük vəsiqənin fotosunu “MERO” əməkdaşlarının vatsap nomrələrinə göndərirsən və bu bəs edir ki, avtomobilin “texniki baxış”dan keçsin.

İmişli “MERO”dakı qiymətlər belədir: Minik -80 manat; Kamaz 140 manat; Qazel 100 manat; Qoşqu ilə 60 manatdır.Baxmayaraq ki, bütün avtomobillər üçün dövlət rusumu 30 manatdır. Qoşqu isə dövlət rusumu 10 manatdır. Təsəvvür edin, gün ərzində “texniki baxış”dan keçən 200-300 maşından gələn pul vəsaitini hesablamaq üçün orta məktəb şagirdi olmaq bəs edər. Onu da əlavə edək ki, Qulu Quliyev özü üçün “təhlükəsizlik” tədbirləri də görüb. Belə ki, vatsap nömrələr vasitəsilə qanunsuz şəkildə əldə olunan pullar onun yaxınlarına şəxsi kart hesablarına köçürülür və axşam nəğdləşdirilir. Bundan əlavə olaraq, Q.Quliyev müştəri göndərən sığortaçılardan da özünü “qorumağı” bacarıb. O, işlədiyi sığorta şirkətinə bəri başdan şərt qoyur ki, əgər bu barədə haradasa danışsalar qanun qarşısında məsuliyyət daşımalı olacaqlar.

Bundan əlavə sürücülük vəsiqəsi və avtomobilinə nömrə almaq istəyənlər də buna oxşar rüşvət prosedurlarından keçməlidirlər . Qulu bəyin “MERO”sunda sürücülük vəsiqəsi 1.000 manata, avtomobil nömrələri isə rüsumundan iki dəfə artıqdır. Daha yaxşı dövlət qeydiyyat nişanı əldə etmək istəyənlər isə rüsumu 10 qat belə ödəməli olurlar. Məsələn 30 XX 300 nömrəsi 5.000 manatdır. Gündəlik İmişli “MERO”sunda yığılan rüşvətin miqdarı 100.000 manata yaxındır. Bu rəqəmi aylara və illərə vurmaqla söhbətin milyonlardan getdiyinin şahidi olarıq. Ümidvarıq bu korrupsioner şəbəkə tezliklə ifşa olunaraq digər məmurlar kimi cəzalandırılacaqdır.

Qarşı tərəfi də dinləməyə hazırıq.
https://teref.az/manset/203999-misli-merosunda-korrupsioner-sebeke.html
Tarix: 28-08-2021, 10:37
Xəbəri paylaş





Xəbər lenti