Qazaxstan hadisələrinin gizlinləri


Qazaxıstan hadisələrinin bəzi gizlinləri üzə çıxmaqdadır.
Tokayev deyib ki, ölkənin əsas gəlirləri Nazarbayevin ətrafının əlində cəmlənib və bunlar xalqa qaytarılmalıdır. Bu o demək ki, artıq Nazarbayev hakimiyyətdən tam kənarlaşdırılaraq siyasi təsir imkanları əlindən alınıb və yaxın günlərdə onun klanına qarşı “əcinələrin ovlanması” kampaniyası başlayacaq. Çox ehtimal ki, Nazarbayev artıq ev həbsində saxlanılır və o tam nəzarətdə olduğu üçün Tokayev cəsarətlə ona qarşı belə açıq hücuma edə bilir. Xalq etirazlarının ilk dövründə Nazarbayevin Dövlət Təhlükəsizliyi Şurasının sədri vəzifəsindən kənarlaşdırılması və ona yaxın şəxslərin həbs olunmaları, vəzifədən çıxarılmaları onu göstərir ki, həm də, hakimiyyət daxilində ciddi savaş getməkdədir. Bu savaşın nəticəsi idi ki, Tokayev xalq etirazlarını fürsət bilərək, Nazarbayevi dərhal səlahiyyətlərindən məhrum etdi, ona yaxın şəxslərdən təşkil olunmuş Nazirlər Kabinetini buraxdı.
Bu baxımdan xalq etirazlarının ilk vaxtlarında güc strukturlarının müqavimət göstərməməsi, silahların ələ keçirilməsinə şərait yaradılması və sonradan təşkil olunmuş dağıdıcılıq fəaliyyəti hakimiyyətdəki klanların xalq etirazlarından öz məqsədləri üçün istifadə etməyə çalışmasını nəticəsi idi. Rusiyanın təhriki ilə Nazarbayev klanını ilə savaşa başlayan Tokayevin və onun arxasında duranların əsas məqsədi Nazarbayevi siyasi hakimiyyətdən kənarlaşdırmaq olub. Və bu məqsəd gerçəkləşdi, Nazarbayev klanı ciddi məğlubiyyətə uğradılaraq hakimiyyət Rusiya kuklası Tokayevin əlində cəmləndi.
Tokayevin hakimiyyətdə saxlanılması üçün KTM – nin dərhal hərbi müdaxilə qərarı da onu göstərir ki, Putin milli mövqedə olan Nazarbayevin siyasi hakimiyyətdən tam uzaqlaşdırılaraq, Tokayev kimi kosmopolit birinin əli ilə Qazaxıstanda siyasi hakimiyyəti öz nəzarətinə almağa çalışıb. Nazarbayevin dövründə ölkədən 3 milyon rusun çıxıb getməsi, rus dilinin rolunun aşağı salınması, minlərlə Qərblə əməkdaşlıq edən QHT – nin fəaliyyəti, 94 min gəncin dövlət hesabına Qərbdə oxudulması, Çindən 2 milyon qazaxın ölkəyə köçürülməsi, Avropa və Çin investitsiyalarına ölkə bazarlarının açılması Rusiyanın Qazaxıstan üzərində birtərəfli nəzarət planlarına uyğun gəlmirdi.
Bu gün Tokayevin bir həftə ərzində KTM ordularının Qazaxıstanı tərk etməyə başlayacağını deməsi də, onu göstərir ki, Putinin öz ənənəsinin ziddinə olaraq, bu ölkədən belə tez çıxması Qazaxıstanda milli azadlıq hərəkatının yaranmasının və Tokayevin milli xəyanətkar kimi görünməsinin qarşısını almaq üçündür.
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Siam.az
Tarix: 12-01-2022, 08:57
Xəbəri paylaş





Xəbər lenti