“Həbs edilmiş məmurların milyardları büdcəyə qaytarıla bilməzmi?..”-Ekspert cavablandırır

“Həbs edilmiş məmurların milyardları büdcəyə qaytarıla bilməzmi?..”-Ekspert cavablandırır
“Gəlirlərin deklarasiyası ilə bağlı qanun qəbul edilməli və onun icrası  təxirəsalınmaz şəkildə təmin olunmalıdır...”
 
“Ölkədəki villa sahiblərinin ödədiyi vergilər onların real gəlirləri ilə uyğundurmu?..”
 
“Hətta sovet dövründə belə, məmurların dövlət qurumlarına öz  “şirkətləri” kimi baxmırdı...”
 
Biz jurnalistlər, yazarlar  unun, çörəyin, digər ərzaqların, ətin bahalaşması, sosial vəziyyətin ağırlaşmasının səbəbləri haqda nə qədər  iqtisadiyyat, maliyyə mütəxəssislərinə sual versək də, onlar elmi cəhətdən bunları nə qədər aydınlaşdırsalar da, insanların əksəriyyətini, xüsusən yoxsulluq səviyyəsində yaşayan işsiz, evsiz vətəndaşları real dolanışıq maraqlandırır. Onlar görür ki, özlərinin ev-eşiyi, yaşamaq, ailələrini dolandırmaq üçün normal işi, gəlirləri yox, hətta gündəlik çörəklərini zorla alır, günlərlə ət, mer-meyvə yeyə bilmir, ancaq ətrafda haram gəlir, rüşvət və korrupsiya hesabına varlanıb harınlamış, ölkədə və xaricdə onlarla evi olan, dəbdəbəli villalarda yaşayan, lüks avtomobillərdə gəzən, restoranlarda bir nahar üçün on minlər xərcləyən yüzlərlə şəxs var. Odur ki, qeyri-iradi qəblərində, beyinlərində bu ifrat sosial ədalətsizliyə etiraz hissi baş qaldırır. Və sual edirlər ki, dövlət, nədən heç olmasa, bu günədək korrupsiyaya, dələduzluğa və s. görə həbs edilmiş və ya ev dustağı olan neçə-neçə milyarder nazirin, bankirin, icra başçısının və s. qanunsuz əldə etdikləri varidatlarını dövlət büdcəsinə qaytarmır ki, bunun hesabına bizim üçün də yeni iş yerləri açıla, maaş və pensiyalarımız artırıla....

Moderator.az-a açıqlamasında mövzu ilə bağlı suallarımızı cavablandıran tanınmış iqtisadçı ekspert, professor Elşad Məmmədov bunları söyləyib:
 
“Öncə onu deyim ki, konkret olaraq ölkədə başlıca problem əlavə dəyərin formalaşmasıyla bağlıdır. Yəni biz ölkə iqtisadiyyatının potensialından xeyli dərəcədə aşağı əlavə dəyər formalaşdırırıq və xeyli dərəcədə az məhsul, az xidmət sahəsi istehsal edirik. Təəssüf ki, bu, reallıqdır. Amma eyni zamanda sizin dediyiniz məsələ bilavasitə dəyərin bölgüsü ilə bağlıdır. Onunla tamamilə razıyam ki, əlavə dəyərin bölgüsü ilə bağlı çox ciddi problemlər var. Bölgüdəki bu problem də əhali arasında çox ciddi sosial narazılıqlara səbəb olur. Çıxış yolu tapmaq üşün velosiped icad etməyə ehtiyac yoxdur. Dünyada mövcud olan praktika var. Bu nöqteyi-nəzərdən biz həyata keçirdiyimiz iqtisadi siyasətlə reqressiv vergi tətbiqindən effekt görə bilmərik. Yəni vergi proqressiv olmalıdır. Vətəndaş nə qədər çox gəlir əldə edirsə, o qədər çox vergi ödəməlidir. Və həmin vergi yalnız maaşla ölçülməməlidir. İnsanın nə qədər çox əmlakı varsa, o qədər də artan faizlərlə vergi ödəməlidir. Bu gün inkişaf etmiş ölkələrdə yüksək gəlirlərə malik olan insanlar 70-80 faizə qədər vergi ödəyir. Görək Azərbayacdan belə bir vergi tətbiqi varmı? Bu gün Bakı şəhərini ötəri gözdən keçirsək, qiyməti milyonlarla ölçülə bilən yüzlərlə villa görərik. İndi, baxaq görək həmin villa sahiblərinin ödədiyi əmlak vergiləri onların real gəlirləri ilə uyğundurmu? Odur ki,  bu istiqamətdə vergilərin tətbiqi sahəsində köklü islahatlara getmək gərəkdir. Hətta belə villa sahiblərinin 10 faizə qədər vergi yükü ilə təmin olunmasına getmək gərəkdir. Bu da xeyli dərəcədə sosial ədalətsizliyin aradan qaldırılmasına şərait yarada bilər və büdcəyə əlavə gəlir daxil olmasını da təmin edə bilər. Yəni gəlirlər barədə deklarasiya mütləq olmalıdır və bu reallığı əks etdirməlidir. Əgər hansısa bir dövlət məmuru 1500-2000 manat əmək haqqı alırsa, ancaq onun 12-13 əmlakı varsa və həmin əmlakların hansı vəsait hesabına əldə olunmasıyla bağlı izahat verə bilmirsə, bu, artıq hüquq-mühafizə orqanlarının funksiyasına daxil olan bir təhqiqat mövzusu olmalıdır. Digər tərəfdən də əgər o əmlaklar hətta başqa şəxslərin adınadırsa, o şəxslərin də bu vergi prosesinə, bu fiskal prosesə - dövlət büdcəsinin doldurulmasına cəlb olunmasına çox böyük ehtiyac var. Çünki son nəticədə bu, reallıqdır. Bu əmlaklar, villalar, obyektlər, avtomobillər var. Onların kimin adına olması artıq dövlət üçün ikinci dərəcəli məsələdir. Əsas məsələ odur ki, həmin əmlakların dövriyyədə olmasından, bu mülklərin, obyektlərin tikilməsindən dövlət nəsə əldə edirmi. Axı belə külli miqdarda əmlak sahiblərinin ödədiyi cüzi faizlər reallığı əks etdirmir. Bir sözlə, hesab edirəm ki, məhz bu kanal üzrə biz büdcəyə vergi daxilolmalarını artırmalıyıq.  Yəni “nə qədər çox gəlir varsa, o qədər də çox vergi ödənməlidir” prinsipi ilə biz proqressiv verginin, bu siyasətin dayanıqlı, effektiv şəkildə  tətbiqinə getməliyik. Burada  şəffaflaşma olmalıdır. Bir məqam da ondan ibarətdir ki, biz  hüquqi şəxslərdən daha çox fiziki şəxslərə əmlak və gəlirlə bağlı birbaşa vergilərin artırılmasına getməliyik. Çünki bu  son nəticədə bir qeyri-tarazlıq yaradır. Ona görə də şübhəsiz ki, daha çox maddi imkana malik olan isanlar daha çox vergi ödəməlidir”.
 
“Vətəndaşları real güzəranla bağlı maraqlandıran əsas suallardan biri bu günədək həbs edilmiş neçə-neçə milyarder nazirin, bankirin, icra başçısının və s. qanunsuz əldə etdikləri milyonların dövlət büdcəsinə qaytarılması məsələsidir. İndiyədək Azərbaycanda belə bir misal olubmu ki, hansısa həbs edilmiş oliqarx nazirin, məmurun, başçının, yaxud deputatın qanunsuz əldə etdiyi varidatı dövlət büdcəsinə qaytarılıb?” sualını isə iqtisadçı professor belə cavablandırıb:
 
“Bildiyimə görə, Azərbaycanda məhkəmənin qərarları əsasında dövlətə borcun ödənilməsi ilə bağlı təcrübə mövcuddur. Bununla belə, hesab edirəm ki, hələ bu istiqamətdə görüləsi çox işlər var. Fikrimcə, gəlirlərin bəyannaməsi, deklarasiyası ilə bağlı qanun qəbul edilməli və onun icrası  təxirəsalınmaz şəkildə təmin edilməli, ölkədə dövlət qurumlarının  fəaliyyəti ilə bağlı  müvafiq normativlər və meyarlar qısa müddətdə qəbul edilməli,  həmin normativ və  meyarlara göstərilən müddətdə nail olmayan qurumların rəhbərlərinin, ən azı,  inzibati məsuliyyəti  və dövlətə göstərdikləri  xidmətə uyğunsuzluqları təsbit edilməlidir”.
 
Həmsöhbətimiz  hətta sovet dövründə belə, məmurların dövlət qurumlarına öz  “şirkətləri” kimi baxmadığını dilə gətirib.
 
“Bir sıra məmurlarımızın  idarəçiliklə bağlı olan çox şeyi, yeri gəlmişkən, sovet sistemindən də öyrənməsi yaxşı olardı. Ən azından sovet sistemində məmurların həyat tərzləri ilə rəsmi gəlir mənbələri arasında mütənasiblik var idi. O zaman məmurlar həyat tərzləri və təkəbbürləri ilə xalqda qıcıq yaratmırdı və o sistemdə vəzifəyə təyin olunan məmurlar dövlət qurumlarına öz  “şirkətləri” kimi baxmırdı...
 
Dövlət vəzifəsinə təyin olunmuş məmurlar süni şəkildə özlərinin qərbyönümlü  “islahatçı” imicini formalaşdırmağa can ataraq özlərini gülünc vəziyyətə salmaq əvəzinə, xalqına və Prezidentinə sadiq bir şəkildə  xidmət etməlidirlər. Onlar unutmamalıdırlar ki, əldə etdikləri “status” onların hansısa istedadları ilə deyil, dövlət vəzifələrinə təyinatlarıyla bağlıdır. Hesab edirəm ki, ölkədə sosial ədalətin, eləcə də iqtisadi və humanitar inkişafın təmin edilməsi üçün bu məsələlərlə məşğul olmaq vacibdir” – deyə iqtisadçı ekspert vurğulayıb.
 
Sultan Laçın
 

Tarix: 18-01-2022, 22:20
Xəbəri paylaş





Xəbər lenti