DƏRMAN BAZARINDA ACINACAQLI VƏZİYYƏT... - Qiymətlər niyə digər ölkələrdən 4-5 dəfə bahadır? (REPORTAJ)



Qışda insanlar arasında yoluxucu xəstəliklər, infeksiya və viruslar artmağa başlayır ki, nəticədə əhalinin dərman preparatlarına təlabatı da çoxalır. Bu fəsildə insanlar soyuqdəymə, öskürək, qızdırma, boğaz və baş ağrıları əleyhinə dərmanlardan daha çox istifadə edirlər. Amma çoz vaxt apteklərdəki qiymətlərlə əhalinin alıcılıq qabiliyyəti arasında qeyri-mütənasiblik müşahidə olunur. Bəzən isə vətəndaşlar apteklərdə dərman qıtlığından şikayət edirlər.
Bir neçə gün öncə Tarif Şurası ölkəyə idxal olunan bəzi dərmanların qiymətini artırdı. Yanvarın 17-dən qüvvəyə minən qərara əsasən, ölkəyə idxal olunan 168 dərman vasitəsinin qiyməti 20 faiz bahalaşdı.
Xatırladaq ki, 2021-ci ildə də 247 dərmanın qiyməti təqribən 10-40 faiz aralığında bahalaşmışdı. Eyni zamanda həmin ildə "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına alınması üçün tələb olunan rüsum 100 manatdan 150 manata artırıldı.
Tarif Şurasının yeni qərarı ilə bağlı “AzPolitika.info”-nun əməkdaşı paytaxt sakinləri arasında sorğu aparıb. “28 May”, “Azadlıq” və “Xətai” metrostansiyalarının yaxınlığında yerləşən bir neçə aptekə baş çəkərək, vətəndaşların və satıcıların dərmanların qiyməti, keyfiyyəti və s. ilə bağlı fikrlərini öyrəndik.
Qeyd olunan ünvanlardakı müşahidələrimiz göstərdi ki, apteklərdə böyük sıxlıqlar olmasa da, onların alıcı sarıdan qıtlıq çəkdiyini də demək olmaz. Bir çox alıcılar əvvəlcə reseptdəki dərmanların qiymətini kassada hesabladır, daha sonra alış-veriş edirdilər. İmkanı zəif olan vətəndaşlar isə reseptdəki dərmanların nisbətən ucuz əvəzedicilərini alırdılar...

Paytaxt sakini Qabil Əhmədov “AzPolitika.info”-ya bildirdi ki, daha çox qış aylarında apteklərə üz tutur: “İstifadə etdiyimiz dərmanlar əsasən soyuqdəymə və qrip əleyhinə siroplar və vitaminlərdir. Hazırda aldığım 5 ədəd “Griphot” və “Nimesulide” üçün 8 manat pul ödəmişəm. Doğrudur, son vaxtlar bəzi dərmanları tapmaq xeyli çətinləşib. 20 gün əvvələ qədər isə ümumiyyətlə adi soyuqdəymə və qrip əleyhinə olan dərmanları da tapmaq olmurdu”.
Digər şəhər sakini Orxan Muradov dedi ki, bəzən bir dərman almaq üçün 4-5 aptekə getməli olur: “Məsələn, ağrıkəsici kimi istifadə etdiyim “Neo-Enteresol” dərmanı paytaxtın əksər apteklərində yoxdur. Bu dərmanı almaq üçün demək olar ki, bütün Bakı apteklərini gəzməli oluram”.
Sona Əliyevanın sözlərinə görə, apteklər eyni dərmanı müxtəlif qiymətlərə alıcılara təklif edirlər: “Məsələn, təzyiq üçün istifadə etdiyim “Enap” adlı dərmanın qiyməti əksər apteklərdə 5 manat, bəzilərində isə 4, 6 və 7 manatdır. Bəzən büdcəmizə 1-2 manat qənaət etmək üçün onlarla aptekə getməli oluram”.
Oruc Hüseynov isə son vaxtlar bəzi dərmanların qiymətinin bahalaşdığını bildirir: “Xüsusilə də, koronavirusun müalicəsində istifadə olunan dərmanların qiyməti bahalaşıb. Qandurulayıcı “Kleksan”-ın qiyməti hazırda 20-25 manatdır. Halbuki bu dərman pandemiyadan əvvəl apteklərdə 5 manata satılırdı”.

Satıcılar isə qiymət artımının səbəbini gömrük rüsumları və dünya bazarındakı bahalaşma ilə izah edirlər. Adının açıqlanmasını istəməyən aptek işçisi hazırda uşaq dərmanlarının çətin tapılıdğını bildirir: “1 aydan artıqdır ki, depoda uşaq dərmanlarının əksəriyyəti bitib və yenisi gəlmir. Qiymətlərin baha olmasına gəlincə bu, bizdən asılı deyil. Dərmanlar ölkə sərhədlərinə daxil olduğu andan bahalaşır. Çünki gömrük rüsumları həddindən artıq yüksəkdir. Apteklər dərmanların üzərinə sadəcə 3 faizlik bir məbləğ əlavə edirlər”.
Tarif Şurasının rəsmi saytında qeyd olunur ki, hazırda dövlət qeydiyyatına alınan dərman preparatlarının sayı 13 min 32 ədəddir.
Qeyd edək ki, Azərbaycan dərman ehtiyaclarının böyük bir hissəsini xarici ölkələrdən idxal hesabına ödəyir. Ölkəyə əsasən, Türkiyə, Böyük Britianiya, ABŞ, Macarıstan, Ukrayna, Rusiya, Çin, Pakistan, Hindistan və Almaniyadan dərman və tibbi ləvazımatlar idxal olunur. Eyni zamanda Tarif Şurasının saytında bir neçə ölkənin dərman qiymətlərinə istinad edilir. Həmin istinad edilən ölkələrdən biri də Türkiyədir. Tarif Şurasının bu istinadına uyğun olaraq, kiçik bir araşdırma apardıq və Azərbaycanda pərakəndə satılan bəzi dərmanların qiyməti ilə Türkiyədə satılan dərman qiymətlərini müqayisə etdik:
Türkiyədə                                                                      Azərbaycanda


Nurofen- 12.97 tl (1.63 manat)                               Nurofen-3.25 manat
Anzibel - 44 tl (5.53 manat)                                    Anzibel-6.90 manat
Netira - 32.51 tl (4.09 manat)                                  Netira- 25 manat
Nidazol - 11 tl (1,38manat)                                      Nidazol- 4 manat
Lazolvan - 16 tl (2.01 manat)                                  Lazolvan- 5-6 manat
Müqayisədən də aydın olur ki, Türkiyədə eyni dərmanlar Azərbaycandakı qiymətlərdən 4-5 dəfə ucuzdur. Qeyd edək ki, demək olar, bütün dərman preparatlarının qiymətində bu cür bir fərq ortaya çıxdı.

Məlumat üçün qeyd edək ki, 2021-ci ildə Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlar üçün 952 milyon manat vəsait xərcləyib. Ötən il istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi ümumi vəsaitin 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov yerli mediaya verdiyi açıqlamada apteklərdə satılan dərmanların qiymətinin və keyfiyyətinin əhali arasında ciddi narazılığa səbəb olduğunu bildirir: “Son vaxtlar bu sahədə müəyyən işlər görülüb. Amma hazırda ölkədə dərman bazarındakı vəziyyət heç də yaxşı deyil.” Deputat qeyd edir ki, qonşu ölkələrdə dərmanların qiyməti Azərbaycanda satılan dərmanların qiymətindən bir neçə dəfə ucuzdur.
Tibb üzrə elmlər doktoru Adil Qeybulla da Azərbaycandakı dərmanların öz real qiymətindən dəfələrlə baha satılıdğını bildirir: "Ölkədəki dərmanların qiyməti Avropanın yüksək keyfiyyətli dərmanlarının qiyməti ilə eynidir. Bu, qəbuledilməz bir haldır. Çünki Azərbaycan vətəndaşlarının gəlirləri çox aşağıdır. Hazırda dərman bazarında çox arzuolunmaz bir vəziyyət var”.Qeyd edək ki, dərmanların ölkəyə idxalını bu sahədə ixtisaslaşmış bir neçə iri şirkət həyata keçirir. Pandemiyanın zərər vurduğu sahələrdən biri də məhz dərman bazarı oldu. Belə ki, pandemiya dövründə kiçik və orta sahibkarların bir çoxu müflis olaraq bu sahəni tərk etməli oldular. Nəticədə də dərman biznesi iri monopolist şirkətlərin əlinə keçdi. Buna baxmayaraq, son vaxtlar dərmanların ölkəyə idxalı zamanı molekul göstəriciləri və istehsalçı ölkə amilləri nəzərə alındığından, iri şirkətlərdə bahalı və keyfiyyətli dərman idxalını reallaşdıra bilmirlər. Nəticədə hazırda apteklərdə satılan dərmanların əksəriyyətinin keyfiyyəti və effektivliyi çox aşağıdır.
Qeyd etdiyimiz kimi, Tarif Şurasının qərarına əsasən, ölkəyə idxal olunan 168 dərman preparatının qiyməti 20 faiz bahalaşdı. Həmin dərmanların bəzilərinin yeni pərakəndə satış qiymətini təqdim edirik: Donatto-72 manat, Ksenaks-6,80 manat, Natrium Xlorid 250 ml- 42 manat, Landopa- 11.70, Benzonal - 3 manat, Neoqabin-12.98 manat, Kefzol- 5manat, Fersionol 20mq- 35 manat, Hepato-20 manat, Dimeksid - 2.50 manat, Butarqin-8,40 manat, Disinon tablet – 22 manat, Metibred- 14.70 manat, Natroks-8,40 manat, Metaspan-6manat, Andodaklata-48.96 manat, Arlansa – 2071 manat, Aqolutun-15,30 manat, Ko-Roksera- 26,54 manat, Klismol-6,24 manat, Gülxətmi şərbəti-1,50 manat, Hemlibra 150 mq- 8369,44 manat, Hepatin Natrium Braun-174 manat, Fomis-45 manat, İbumol-23,60, Ritomoks-16,46 manat, Savis- 50 manat.
Xatırladaq ki, gələcəkdə dərmanların əhaliyə İcbari Tibbi Sığorta(İTS) tərəfindən pulsuz veriləcəyi bildirilir. İTS təmsilçisinin sözlərinə görə, yaxın tarixdə əhalinin dərman təminatı pulsuz olacaq. Elektron resept qaydası qüvvəyə minəcək. Xəstə həkimə müraciət etdikdən sonra aptekdə şəxsiyyət vəsiqəsini göstərəcək və əczaçı sistemdə dərhal həkimin reseptini görərək, dərmanları xəstəyə pulsuz verəcək. Bu yolla insanların özbaşına lazımsız dərmanlar almasının da qarşısı alınacaq.
Tarix: 19-01-2022, 11:27
Xəbəri paylaş





Xəbər lenti