Hakimiyyətin 20 manatlıq mətbuatı: bunun adı alverdir, yoxsa...






Azərbaycan mətbuatının əzik-üzük vəziyyətdə olmasını faciəvi şəkildə əks etdirən fakt, jurnalist vəsiqəsinə görə 20 manat tələbinə ötən gün külli medianın susqun qalması oldu.

Miskin və rəzil mənzərə idi. Milli mətbuat görün haralara gəlib çıxdı və hansı deqradasiya baş verdi. Vaxtilə hökumətin gözünü çıxaran, hər haqsızlığa qələmini süngü edən müstəqil mətbuat indi aciz, ələbaxan, dilsiz-ağızssız, mumlamış kökdədir. Artıq heydən düşmüş, dizləri bükülmüş, qaməti əyilmiş, taqətsiz və özünü belə müdafiə edə bilməyən hala gələn bu media xalq heç nə verə bilməz: nə onun üzləşdiyi özbaşınalığa, nə despotizmə etiraz edə bilər.
Bəli, Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edəcək.
Bu, Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.
Sənəddə bildirilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Medianın İnkişafı Agentliyinin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.
Sadəcə, absurd buudyr ki, dünyada misli görünməmiş bütün mətbu qaydalar bizdə tətbiq olunur. Sanki eksperimental laboratoriyadır, dovşan üzərində aparılan tədqiqatdır. Yəni pis nə varsa, onu yenilik və islahat kimi sırımağa çalışırlar. Axı Media İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmayılova və onun komandasında olan "media biliciləri"ni kim inandırıb ki, bütün bu elədikləri həqiqətən islahatdır? Doğurdan özləri inanıblar ki, bu addımlar mediada dərinləşən islahatlardır? Bu cür acı gülüş doğuran, ikrah hissi yaradan belə qərarlar MEDİA ilə mətbuatı necə dost edə bilər? Jurnalist niyə vəsiqə üçün 20 manat verməlidir? Bank kartı deyil, Çıxarış almaq üçün rüsum haqqı deyil, niyə Əhməd İsmayılov və dəstəsi bizim 20 manatımıza göz dikib? Bu nə dilənçilikdir? Üstəlik, mətbu orqan MMC kimi qeydiyyatdan keçir, Ədliyyə Nazirliyində qeydiyyatı var, işəgötürən işçi ilə müqavilə bağlayır, diplomu, sənədi var, maaşını alır, hansı özəl subyektin əməkdaşı olduğu da bəllidir, o zaman Əhməd İsmayılov nə üçün vəsiqəni 20 manatdan satmalıdır? Bunun adı alverdir, özü də primitiv, kustar formada... Ümumiyyətlə, KİVDF-yə rəhmət oxudan Media Agentliyi banal addımları ilə yadda qalmaqdadır. Gah reyestr xidməti yaradırlar, "birkalı" jurnalistlər ordusu yaradırlar, gah 20 manatdan vəsiqə satırlar... Mətbuatın  fabrik-zavod olduğunu bunlara kim inandırıb? Jurnalistlərin idarəolunan robot kimi hər əmrə biət edəcəyinə kim onların ağlına salıb? O zaman özünü jurnalist sayan hər kəs 20 manat verib vəsiqəni ala bilər. Açın bazarı, satın vəsiqələri, kalan pul qazanın. Madam ki, media bir kommersiya işidir, o halda 20 manatdan "qaz vurub, qazan doldura" bilərsiniz.
Beləliklə, "dərinləşən islahatlar" nəticəsində mətbuatımız "intibah" dövrünə qədəm qoyur - "kupça"lı, reyestrli, 20 manatlıq jurnalistika...Burada hakimiyyətin mətbuatı daha da buxovlamaq niyyəti təbii ki, aydındır, hərçənd, belə üsullar heç zaman effektiv olmayıb, yəni nə qədər əl-qolunu bağlamaq, nəfəslikləri kəsmək istəsən belə yenə informasiyanın yayılmasının qarşısını almaq mümkün olmayacaq. Xüsusən də sosial şəbəkələr dövründə mətbuatı bu yollarla idarə etmək mümkün deyil, istənilən halda azad mətbu qalalar yaşayacaqlar. Amma dərd təkcə hakimiyyətin mətbuat siyasəti deyil, bunu yuxarıda sadaladıq, zülm ondan ibarətdir ki, Media Agentliyində olanların irəli sürdüyü təkliflər, yanaşmalar fəlakətdir. Bütün mürtəce ideyaları təqdim edirlər və hakimiyyətə islahat kimi qəbul etdirirlər. Bax, bəla budur...


Azər Talıbov

Anaxeber.info
Tarix: 12-10-2022, 15:05
Xəbəri paylaş





Xəbər lenti