Partiya sədri: “Əminəm ki, məcburi köçkünün əlindən bir evi alıb şəhid ailəsinə verəndə, iki-üçünü də satırlar”


“Məcburi köçkünlərin, yaxud jurnalistlərin evlərini əllərindən alınaraq şəhid ailələrinə verilməsinin əleyhinəyəm. Düşünürəm, dövlət bu seqmentdəki insanları, sosial təbəqələri qarşı-qarşıya qoymamalıdır. Hər iki tərəfin özünün haqlı izahı var. Şəhid ailələrinə, qazilərə ev verilməlidir, çünki onlar bu Vətən, millət uğrunda əziz canlarından, sağlamlıqlarından keçiblər. Dövlət onlara qayğı göstərməlidir. Məcburi köçkünlər isə erməni işğalına, dövlətin  onların torpaqlarını zamanında bu işğaldan azad edə bilməməsinə görə yurd-yuvalarından didərgin düşüblər. Dövlət onları evlə təmin etməlidir. Kimsə dövlətin verdiyi evdə qalar, ya qalmaz, bu, onun şəxsi işidir”.
 
Bu sözləri Pravda.az-a Ağ Partiyanın sədri Tural Abbaslı mənzilini kirayə verdiyi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən mənzili əlindən alınan məcburi köçkün ailəsi barədə danışarkən deyib.
 
O bildirib ki, dövlət məsləhət bilib, məcburi köçkün ailəsinə ev veribsə, bu evi hansı formada istifadə edəcəyini ailə özü müəyyən edir: “İşğaldan azad olunmuş ərazilərdə yaşayış tam bərpa olunmayıbsa, məcburi köçkünlərə “artıq torpaqlar azaddır və sizə yaşayış üçün ev verilməyəcək” demək doğru deyil. Biz bilmirik işğaldan azad edilmiş ərazilərdə insanlar tam olaraq nə vaxt yaşamağa başlayacaqlar. Bəs bu insanlar o müddətə qədər harada yaşasınlar? Hər şeyi qanunla etməkdənsə, özlərini bu insanların yerinə qoymalıdırlar. Ev növbəsində olan məcburi köçkünlər var idi ki, indi onlara deyiblər “sizə ev verilmir, çünki torpaqlar azaddır”. Həmin torpaqlarda evlər tikilib, bu adamlara ora köçənə qədər illər keçəcək. O illəri bu insanlar harada keçirəcəklər? Bu məsələdə məmurların maraqları var. Ona görə də məcburi köçkün və şəhid ailələrini qarşı-qarşıya qoyurlar. Əminəm ki, bir məcburi köçkünün əlindən evini alıb şəhid ailəsinə verəndə, iki-üçünü də satırlar. Bunun həlli yolu tapılmalıdır. Belə yanaşma doğru deyil”.
Tarix: 13-10-2022, 23:22
Xəbəri paylaş





Xəbər lenti