“Nazirin özü cəzalandırılmaldır” - Eksperdən rüşvətxor direktorun yeni vəzifəyə təyin edilməsinə reaksiya


“Nazirin özü cəzalandırılmaldır”
“WhatsApp”da müəllimlərə səs ataraq hər birindən 50 manat tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıtdakı 32 saylı məktəbin sabiq direktoru Esmira İbrahimova Sumqayıt üzrə təhsil şöbəsində metodist vəzifəsinə düzəlib.

Elm və Təhsil Nazirliyinin belə bir kadr siyasətini necə qiymətləndirmək olar? Rüşvətxor kadrların hələ də kimlərinsə tərəfindən qorunmasının təhsilin inkişafına hansı təsirləri var?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil-eksperti Kamran Əsədov ilə müzakirə edib.

Hal-hazırda təhsilin, tədrisin təşkilinin çox ciddi şəkildə nüfuzdan düşdüyünü vurğulayan ekspert PİA.az-a bildirib ki, insanların təhsilin idarə olunmasına, tədrisin keyfiyyətinə inamları, etibarları yox dərəcəsindədir. Bunun əsas səbəblərindən biri həyata keçirilən kadr islahatlardır:

“İlk öncə qeyd edim ki, təhsil özündə geniş auditoriyanı özündə birləşdirir. Yəni təhsil müəssisələrinin hər gün 1 milyon yarım şagird, 200 minə yaxın tələbə, 170 minə yaxın müəllim iştirakçısına çevrilir. Eyni zamanda texniki işçiləri də nəzərə alsaq, hər il 2 milyondan çox insan tədris prosesində iştirak edir. Təhsil sistemi cəmiyyətin özüdür. Biz təhsilə hansı insanları təyin ediriksə, bizim sabahkı islahatlarımız birbaşa onunla bağlıdır.

Çox təəssüflər olsun ki, son iki il ərzində təhsil sistemində həyata keçirilən kadr islahatları, məzmun dəyişikliyi o qədər də effektiv və keyfiyyətli deyil. Təəssüflər olsun ki, hal-hazırda təhsil, tədrisin təşkili çox ciddi şəkildə nüfuzdan düşüb. İnsanların təhsilin idarə olunmasına, tədrisin keyfiyyətinə inamları, etibarları yox dərəcəsindədir. Bunun əsas səbəblərindən biri həyata keçirilən kadr islahatlardır.

Çox təəssüflər olsun ki, son iki il ərzində Təhsil Nazirliyinin rəhbərliyinə daha çox yaxın olanlar, onların qohumları, dostları, tanışları vəzifəyə təyin olunur. Hətta işində nöqsanlara yol verən şəxslər, bu və ya digər daha yüksək vəzifələrə, yaxud da təhsil sistemində digər vəzifələrə təyin olunurlar. Bu da olduqca xoşagəlməz bir haldır. Çünki bunu görən insanların, təhsil alanların, valideynlərin təhsilə inamları ciddi şəkildə aşağı düşür. Yəni bu gün valideyn görəndə ki, kimsə öz vəzifəsində ciddi nöqsanlara, pozuntulara yol verib, amma sonra onu təhsil sistemində digər vəzifəyə təyin ediblər, hər şey aydın olur. Bilinir ki, birmənalı şəkildə təhsil sisteminə yanaşma yanlışdır. Bu olduqca ciddi bir problemdir.

Adı neqativ hallarda hallanan şəxsin hələ də təhsil sistemində qalması olduqca utancverici bir haldır. Hesab edirəm ki, buna yol verdiyinə görə, hətta təhsil nazirinin özü, əməkdaşları belə cəzalanmalıdır. Hər kəsin əmək hüququ var. Amma düşünürəm ki, təhsil sistemində bu tipli nöqsanlara yol vermiş şəxslərin işdə saxlanılması onu təyin edənlərin bu işdə maddi marağının olduğunu göstərir.

Əgər kimlərsə, təhsil sistemində pozuntuya yol veribsə, onlar bu sistemindən ümumiyyətlə uzaqlaşmalıdır. Belə insanların təhsil sistemindən uzaqlaşmaması kadr islahatlarının doğru olmamasının göstəricisidir. İnsanlar nəyinsə qarşılığında vəzifəyə təyin olunurlar, yaxud da vəzifədə saxlanılırlar. Bu yaxşı hal deyil və birmənalı şəkildə pislənməlidir”.
Tarix: 25-10-2022, 11:04
Xəbəri paylaş





Xəbər lenti