"Öz vətəndaşlarına zülm edən dövlət başqa bir ölkəyə insanları öldürmək üçün silah satır"


Gulf State Analytics-in (GSA) analitiki, Amerikada yaşayan beynəlxalq ekspert Ümid Şükri İranın mövcud xarici siyasətindəki problemləri, həmçinin gərginləşməkdə olan Amerika – İran münasibətləri ilə bağlı Moderator.az - a müsahibə verib.
 

- Cənab Şükri, bilirsiniz ki, Amerika Ukrayna müharibəsi səbəbiylə Rusiya neftindən imtina etdikdən sonra İrana qarşı sanksiyaları yüngülləşdirməyə çalışırdı. Sizcə yaxın müddətdə bu mümkün olacaqmı?
 
- İran uzun illərdir ki, Amerikanın sanksiyalarından yan keçmək üçün öz neftini qara bazarda ucuz qiymətə satır. Sanksiyalar dönəmində İranın əsas alıcısı Çin idi. Rusiyanın Ukraynaya hücum etməsindən sonra Rusiya Avropa və Amerika da daxil olmaqla, Qərbin sanksiyalarına tuş gəldi və bundan sonra Rusiya öz neftini böyük endirimlə Hindistana satmağa başladı. Rusiya neftinin ucuz qiymətə satılması qara bazarda İran neftinə olan tələbatı azaldıb. İndiki vəziyyətdə neft bazarında sabitlik var. Son iclasında OPEC neft hasilatının gündəlik həcmini 2 milyon barelə qədər azaltmaq qərarına gəlib. Görünür, bu qərar Amerika üçün heç də xoş olmadı. Əgər nüvə sazişi bərpa olunarsa İran yenidən əsas neft bazarına qayıda bilər, lakin İran nefti artıq bazarda mövcuddur, bu isə o deməkdir ki, İranın neft bazarına qayıtması yalnız qısamüddətli effekt verəcək. Amerika prezidenti Cozef Bayden İranın nüvə sazişini imzalamadan əsas neft bazarına qayıtmasına icazə verməyəcək.
 
- Məhsa Əmininin öldürülməsindən sonra İrandakı etiraz aksiyaları hələ də səngimək bilmir. Həmçinin Rusiya İrandan alınan pilotsuz uçuş aparatlarını Ukraynada mülki əhaliyə qarşı istifadə edir. Sizcə bu faktlar Qərbin İrana qarşı yeni sanksiyalarının hazırlanmasına təkan verə bilərmi?
 
- Ötən həftələrdə Məhsa Əmininin öldürülməsindən sonra İranda silsilə etiraz aksiyaları keçirilir. İnsanların təhlükəsizlik qüvvələri tərəfindən sıxışdırılması və nümayişçilərin öldürülməsi Qərbin İrana qarşı sərt reaksiyasına səbəb olub. Avropa və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə başlayıblar. Son həftələrdə İranda baş verən etirazlar və bunun fonunda “SEPAH” da daxil olmaqla İran təhlükəsizlik qüvvələrinin insanları sıxışdırması nüvə sazişinin bərpası şərtlərini çətinləşdirib. Son həftələr Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, Rusiya ordusu Ukrayna ərazisində mülki ərazilərə və infrastruktura hücumlarında İranın “Şəhid-136" pilotsuz təyyarələrindən istifadə edir. İran İslam Respublikası hökuməti Rusiyaya PUA-ların göndərilməsini təkzib edib və Rusiya hələlik bu məsələyə münasibət bildirməyib. Ukrayna prezidentinin məsləhətçisi Mixayıl Podolyak oktyabrın 17-də öz rəsmi Tvitter hesabında yazıb ki, İran Ukrayna vətəndaşlarının öldürülməsinə görə məsuliyyət daşıyır. Öz vətəndaşlarına zülm edən dövlət, başqa bir dövlətə Avropanın mərkəzində insanları öldürmək üçün silah satır. Bu, avtoritar rejimə güzəştlərin verilməsinin nəticəsidir və indiki sanksiyaların kifayət etmədiyini göstərir.
 
- Doğrudanmı İranın birbaşa və dolayı yolla Ukrayanya qarşı Rusiya ilə eyni cəbhədə yer almasını sübut etmək bu qədər çətindir?
 
- Ukrayna prezidentinin müşaviri Mixayıl Podolyak tvitində "ukraynalıların öldürülməsinə görə İran məsuliyyət daşıyır"-deyə qeyd edib. O yazıb ki, “Öz xalqına zülm edən bir ölkə indi Avropanın göbəyində Rusiyaya  kütləvi qırğın silahları verir”. Podolyak bununla İrana qarşı yeni sanksiyaların tətbiq olunmasını istəmişdi. Ukrayna prezidenti Vladimir Zelenski isə ötən həftələrdə Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə misli görünməmiş hücumlarından sonra deyib ki, bu hücumlarda İran istehsalı olan dronlardan istifadə edilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyanın Ukraynaya son dağıdıcı hücumlarından sonra Ukrayna müharibəsində İslam Respublikasının tərəfsizliyini iddia edib və bildirib ki, İran "tərəflərdən heç birinə heç bir silah göndərməyib". Kreml bu məsələyə münasibət bildirməsə də, Qərb ölkələri İran İslam Respublikasının Ukraynadakı müharibədə iştirakı ilə bağlı xəbərdarlıq edib.
 
- ABŞ tərəfindən Ukrayna müharibəsində Rusiya ilə birgə hərəkət etmək istəyən üçüncü ölkələrə də aşkar və ya gizli şəkildə təhdidlər səsləndirilir. Sizcə İran bu müharibədə aşkar şəkildə Rusiyanın müttəfiqi olmağa cəsarət edərmi?
 
- “Guardian”-ın məlumatına görə, ötən həftə Fransa Xarici İşlər Nazirliyi İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməsi ilə bağlı JCPOA nüvə sazişi üçün verilən 2231 saylı qətnamənin pozulmalı olduğunu iddia edib. "Biz Ukraynada Rusiya silahlı qüvvələrinin İran pilotsuz uçan aparatlarından istifadə etdiyinə işarə edən çoxlu məlumatdan xəbərdarıq”  -deyə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü ötən həftə mətbuat konfransında bildirib. Ağ Evin mətbuat katibi Karen Ceyn Piyer (Karine Jean-Pierre) jurnalistlərə bildirib ki, ABŞ üç ay əvvəl İranın Rusiyanın Ukraynaya qarşı müharibəsində kömək etmək planı barədə xəbərdarlıq edib. O qeyd edib ki, İran Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya öz pilotsuz təyyarələrini satmağı planlaşdırır. Xanım Ceyn  deyib: Biz Rusiyanın İranın pilotsuz təyyarələrini aldığını açıqladıq. Yüzlərlə İran pilotsuz təyyarəsinin idxalı və rus zabitlərinin onlardan istifadə etmək üçün İran tərəfindən təlim keçməsi pilotsuz təyyarələrin mülki və hərbi hədəflərə qarşı istifadə edildiyinə dair artan sübutların bir hissəsidir. ABŞ prezidenti Cozef Bayden İrana qarşı diplomatik yanaşma ilə hərəkət edir, lakin lazım gəldikdə əvvəlki Amerika hökumətinin maksimum təzyiq siyasətini (sanksiyalar) həyata keçirir. Bu barədə “Politico” adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb. ABŞ Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu Amerika nəşri amerikalı məmura istinadən ABŞ-ın Ukrayna müharibəsində Rusiyaya kömək etdiyinə görə İranı cəzalandırmaq niyyətində olduğunu iddia edib. ABŞ-ın cəza tədbirləri, ehtimal ki, iqtisadi sanksiyalar və ixrac qadağalarını əhatə edəcək.Tehran və Moskvaya yardım edən üçüncü tərəfləri hədəf alacaq. Amerika rəsmisi iddia edib ki, biz İrana və Rusiyaya pilotsuz təyyarələr və ya ballistik raketlər üçün avadanlıq satan digər tərəflərə qarşı sanksiyalar tətbiq edəcəyik.
İranın Ukraynaya pilotsuz uçuş aparatlarının və ballistik raketlərinin satışı və təhvil verilməsi sübut olunarsa, İranı yeni beynəlxalq sanksiyalar gözləyəcək. İran Ukrayna müharibəsində Rusiyaya pilotsuz təyyarələr göndərməklə neytrallıq siyasətini pozub. Son etirazlar və Ukrayna müharibəsinə pilotsuz təyyarələrin göndərilməsi, nüvə sazişinin dirçəldilməsi şərtlərini daha da çətinləşdirib. Amma İranın qonşuları ilə çoxsaylı problemləri və Ukrayna müharibəsi göstərdi ki, İran xarici siyasətdə ciddi problemlərlə üz-üzədir.
 
Leyla Şah 

Tarix: 27-10-2022, 08:41
Xəbəri paylaş





Xəbər lenti