Əsl ədəbiyyat totalitar düşüncənin yanında ola bilməz

Hüquq müdafiəçisi Anar Məmmədli
“Sizin daxili və xarici siyasətinizi ədəbiyyat xadimləri olaraq ürəkdən dəstəkləyir və sizə fəaliyyət yolunuzda uğurlar arzu edirik”
Azərbaycan Yazıçılar Birliyinin qurultayından ölkə başçısına ünvanlanan məktubda belə yazılıb.
Bu məktubdan stalinizm qoxusu gəlir və bu təcüblü deyil. Çünki sovet totalitar sistemində yetişmiş şair və yazıçılar azadlıq və ədalət barədə onlarla əsər yazsa da, bu dəyərləri mənimsəyib özünküləşdirə bilmədi, kölə olaraq qaldılar. Sadəcə sovet dövründə onların köləliyi gizlin qala bilir ya da sorğulanmırdı. İndi isə öz köləliklərini şəffaf şəkildə icra edirlər, kobud şəkildə ifadə etsək abırsızcasına.
Bu adamlara yarınmaq üçün ünvan lazımdır. Şübhəsiz ki, yenidənqurma və azadlıq dalğası bitdikdən sonra – 1993-cü ildən başlayaraq ata-oğul Əliyevlər bu imkanı onlara yaratdılar. Məhz bu səbəbdən ədabazlıqla ədəbi gədalığı öz şəxsiyyətində ustalıqla birləşdirən Çingiz Abdullayev qəzəblənir ki, ölkə başçısının ayırdığı pulu nədən sorğulayırsız? Bu cür adamlar iqtidar süfrəsinin ətrafında dolaşaraq, güzəran qurmaqla ədəbiyyat təlxəyinə çevrildiklərini də gizlətmirlər. Bu saray şairlərinə xas həyasızlığın tipik örnəydir.
Təsəvvür edin ki, bu müraciətə imza atan ədəbi gədalara jurnalistlər yaxınlaşıb sosial ədalətsizlik, qanunsuzluq, qazilərin durumu, inflyasiya barədə sual verir, min bir bəhanə ilə ya cavabdan yayınacaq, ya da siyasətlə məşğul olmadıqlarını deyəcəklər. Halbuki iqtidara yarınmaq elə siyasətlə məşğul olmaq deməkdir. Amma öz düşük hoqqabazlıqları ilə ikrah doğuran bu ədəbiyyat dəllalları fərqində deyillər ki, yaşadığın ölkənin, toplumun və zamanın ictimai qayğıları barədə rəyin yoxdursa ya əqli qabiliyitini itirmisən, ya riyakarsan, ya da ölüsən!
Bəli, etiraf etməliyik ki, 90-cı illərdə azad insan obrazını, sərbəstlik və müxtəlifliyi təbliğ edən xeyli sayda şair, yazıçı, bəstəkar, elm və siyasət adamları ötən 30 ildə öz ruhlarını sistemə təslim edib. Bu ölkəmizdə azadlıq və ədalət amalının yeni azərbaycanlı amalı qarşısında məğlubiyyətidir. Bu məğlubiyyətlə barışsaq da, təslim olmamaq tək çarəmizdir.
AYB kimi qurmların ədəbiyyata heç bir aidiyyatı yoxdur. Əsl ədəbiyyat totalitar düşüncənin yanında ola bilməz. Bu ədəbiyyata təhqirdir.
Ailəlikcə totalitar bir sistemə qulluq etmiş Anar isə kölə ədəbiyyat nəslinin müasir simvoludur. Bu simvola biət edən müasirləri anlayırlar ki, sarayın izzət-nəfsindən kənarda qalsalar bir heçə çevriləcəklər. Çünki nə istedadları, nə də içlərindəki kölə ruhu onlara azadlıqda rahatlıq vəd edir. Azadlıq köləliyi həyat tərzinə çevirənlər üçün böhran və çıxılmazlıqdır.
Tarix: 27-10-2022, 08:47
Xəbəri paylaş





Xəbər lenti