Vətəndaş cəmiyyətində cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçün var olmalıdır - RƏY


Demokratiyanın dayanıqlı olması üçün vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Azərbaycanda insan hüquqlarının müdafiəsi və hüquqi dövlət quruculuğu sahəsində davamlı islahatlar aparılır. Hüquq mədəniyyətinin inkişaf etdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində cənab Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq silsilə proqramlar, layihələr həyata keçirilir.
 
Bu barədə Pravda.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hüquqi dövlət quruculuğu prosesinə start verilib:

“Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu proseslər keyfiyyətcə yeni məzmun daşımağa başladı. Qanunvericilik sisteminin təkmilləşdirilməsi, Qərb standartlarına uyğunlaşdırılması, eləcə də beynəlxalq səviyyə ilə yanaşı yerli spesifikanın da öyrənilməsi və təkmilləşdirilməsi əsas istiqamət kimi müəyyənləşdirildi. Vətəndaş cəmiyyətinin bütün institutlarının bərqərar olunması ilə bağlı da yekdil fikir formalaşdı. Qeyri-Hökumət Təşkilatları həm də dövlətin bu sahədə yürütdüyü siyasətə dəstək vermək yönündə addımlar atdı. Eyni zamanda bazar iqtisadiyyatı modelinin təşəkkül tapması, QHT-lərin, Kütləvi İnformasiya Vasitələrinin, siyasi partiyaların qeydiyyata alınması həm də bu sahədə intensivliyin və marağın bir göstəricisi idi”.
 
Politoloq hesab edir ki, hazırkı vəziyyətdə Vətən müharibəsindən sonra hüquqi dövlət quruculuğu sahəsində islahatların daha da dərinləşdirilməsinə ehtiyac var:
 
“2019-cu il aprelin 3-də cənab Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzaladı. Həm dövrün tələblərinə uyğun, həm də müasir çağırışlara adekvat olaraq hədəflər müəyyənləşdirildi. Qanunvericilik, icra və məhkəmə strukturlarında dərinləşdirilmiş və nəticəyə əsaslanan islahatlar kursu start götürdü. Digər tərəfdən, həm də gənc kadrların irəli çəkilməsi, gender bərabərliyinin nəzərə alınması kimi çox önəmli məsələlər qarşıya qoyuldu. Vətən müharibəsindən sonrakı periodda, düşünürəm, bu işlərin daha da sürətləndirilməsinə ehtiyac var. Eyni zamanda cənab Prezident dövlət idarəçiliyində də yeni yanaşmanı tətbiq edir. Prezidentin xüsusi nümayəndəlik institunun formlaşması həm də Vətən müharibəsinin geosiyasi nəticələrinin də təzahürüdür. Yerli idarəçiliyin daha da gücləndirilməsi, bələdiyyələrin səlahiyyətlərinin artırılması, ictimai iştirakçılığın təşfiq olunması kimi dəyərlər də bu gün diqqətdədir. Gələcəkdə bu proseslər geniş vüsət almalıdır. Azərbaycan bu sahədə dünya hesabatlarına düşərək daha irəli pillələrdə qərarlaşmalıdır. Çünki ölkəmizdə bunun üçün çox yaxşı potensial var. Nə qədər şəffaflıq, vətəndaş cəmiyyətinin, siyasi plüralizmin, bərabərhüquqlu münasibətlərin qurulması varsa, bu, yalnız ölkəmizin xeyrinədir. Cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu gün Azərbaycan nəinki ölkəmizdəki vətəndaşlarımızın hüquqlarının qorunması istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eyni zamanda dünya azərbaycanlılarının da hüquqları, imtiyazları, ana dilində təhsil almaq kimi təbii hüquqları uğrunda çağırışlar edir. Bu da dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsi işinə təkan verir”.
 
Sosioloq Lalə Mehralı isə deyib ki, vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkişaf yolu olan cəmiyyətdir:

“Bu sistemin əsasını insan, fərd, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların bir növ iqtisadi və şəxsi həyat fəaliyyətini əks etdirir. Burada insanlara qarşı zorakılıqdan söhbət gedə bilməz. Vətəndaş cəmiyyətində əxlaq və humanizim prinsiplərinə, qanunlara, və əxlaqa hörmət edilməlidir. Buna nə qədər nail olmuşuq bilmirəm, amma hesab edirəm ki, hələ çox çatışmazlıqlarımız var. Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur.  Lakin bu, o demək deyil ki, vətəndaş cəmiyyətinin dövlətə ehtiyacı yoxdur. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur. Sadəcə, dövlət öz yerini tapmalı və tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən və cavabdehlikdən əl çəkməlidir. Yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştrakı qaçılmaz olsun, yəni dövlət vətəndaşa ixtiyar tanımalıdır”.
 
Sosiloq vurğulayıb ki, qurmaq istədiyimiz vətəndaş cəmiyyətində dövlət cəmiyyətin xidmət göstərəni, cəmiyyətin güvəndiyi, inandığı təmsilçisi rolunu oynamalıdır:
 
“Yəni konkret ifadə etsək, vətəndaş cəmiyyətində cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçün var olmalıdır. Ölkəmizdə vətəndaş cəmiyyəti sahəsində hələ çox işlər var ki, həllini gözləyir. Zənnimcə, vətəndaşın maraqlarını, tələbatını, azadlığını, istəklərini birləşdirən və ifadə edən vətəndaş cəmiyyətini var edə biləcəyik”.
 
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.
 

Tarix: 29-10-2022, 16:30
Xəbəri paylaş





Xəbər lenti