Azərbaycanda deputat olmaq məsuliyyətdir, yoxsa əyləncə...


Azərbaycanda deputat olmaq məsuliyyətdir, yoxsa əyləncə...Milli Məclis

Bir neçə gün öncə Milli Məclisin iclaslarından birinin video-kadrlarına baxırdım. Deputat Siyavuş Novruzov İran haqqında düşüncələrini çatdırmağa çalışırdı. Onun çıxışı fonunda digər deputatların da görüntüləri yer almışdı. Bir neçəsi başını aşağı salıb önündəki cihazdan oxuyur, bəziləri naməlum istiqamətə baxıb fikrə gedib, deputat Tural Gəncəliyev də ya telefonla danışır, ya da yəqin ki, ona göndərilən səsə qulaq asır... Yəni Siyavuş Novruzovun çıxışına yəqin ki, bir Milli Məclisin sədri Sahibə Qafarova qulaq asırdı ki, ya etirazını, iradını bildirsin, ya da həmfikir olsun.

Xatırlayırsınızsa, bir müddət əvvəl Milli Məclisdə bir deputatların ya sadəcə zaman keçirməyə gəlməsi ya da heç gəlməməsi ilə bağlı mövzuya toxunmuşdum. İndi isə, diqqətimi onların bir-birini dinləməməsi çəkdi.
Məsələn deputat Soltan Məmmədovun çıxışı zamanı iki deputatın deyib-gülməsi, masaların üzərində “ağıllı” mobil telefonların olması bir qədər qeyri-ciddi görünür. Xatırladaq ki, hələ 2014-cü ilin yanvarın 1-dən Milli Məclis binasına brauzeri və fotoaparat funksiyası olan telefon aparatı ilə daxil olmaq qadağan edildi. Bu parlament binasının xüsusi rejimli bir obyekt olması ilə izah edilib. Parlament binasına sadalanan finksiyaları olmayan telefon aparatı ilə daxil olmağa heç bir qadağa qoyulmayıb.
Bəs iclaslar və ya çıxışlar zamanı telefonla danışmaq qadağası varmı? Yoxsa bu da deputatın öz vicdanına buraxılıb?
Son zamanlar iclaslara daha diqqətlə baxmağa çalışıram. Çalışıram ki, əksər yerlərdə “millət vəkili” kimi təqdim edilən deputatların çıxışlarının millətə necə yararlı olub-olmadığını müəyyən edə bilim. Elə buna görə də, çıxışlar zamanı deyib-gülmələr, söhbətlər, telefon danışıqları, məktəbli uşaqlar kimi masanın altında telefonla oynama kimi hərəkətlər gözdən qaçmır. Maraqlısı budur ki, Milli Məclisin iclaslarında “dəcəllik” edən deputatların çoxu “sus” deputatlarıdır. Yəni görüntü üçün olanlar. Daim danışan, irad bildirən, təklif və fikirlərini bölüşən deputatlar da hər zaman kağız üzərində nə isə yazır, qaralayır, qeyd edirlər.
Arzu Nağıyev, Vüqar Bayramov, Fazil Qəzənfəroğlu, Elşad Mirbəşiroğlu və digər bəzi deputatlar görünür ki, öhdəliklərini başa düşürlər. Görünür ki, onlar Milli Məclisin iclaslarında sadəcə vizual olaraq iştirak etmirlər. Xalqa faydalı olmağa çalışırlar. Bəziləri isə, heç öz deputat yoldaşını dinləməyə dözümü də yoxdur.
Bəzən iclaslara baxıb düşünürəm, "bu şəxslər" niyə ordadır? Sadəcə “əleyhinə”, “lehinə” düyməsini basmaq üçünmü? Yoxsa bizim də “deputatlarımız” var deyə bilmək üçünmü? Yoxsa, öz "şəxsi" bizneslərinin müdafiəsi üçünmü?
Eh, o qədər sual var ki? Heç bilmirsən ki, hansını düşünüb, cavab axtarasan. Görünən vəziyyət üçün bələdçiyə ehtiyac yoxdur. Yəni deputatları şəxsən tanımağa danışmağa ehtiyac yoxdur. Kimin kim olduğunu bilmək üçün Milli Məclisin iclaslarına baxmaq kifayət edir.
Niyə ordasınız, bunu da xalq bilir. Xalqa hörmət etmirsiniz, heç olmasa öz deputat həmkarlarınıza hörmət edin. Çıxışları dinləyin, yuxulamayın, telefonla danışmayın və ya səsli məzmun dinləməyin və ya masanın altında sanki heç kim görmürmüş kimi telefonla oynamayın. Milli Məclis iclasından daha vacib işiniz varsa, texnikanızı da götürüb zaldan çıxın. Bəlkə bu yolla sizi izləyənlərə hörmət etmiş olarsınız.
Sizi kameralar çəkir. Bunu da unutmayın. Və xalqda belə bir fikir formalaşa bilər: “Öz həmkarının çıxışını dinləmək əvəzinə telefonla oynayan, danışan və ya yuxulayan deputat mənim dərdimə dərman ola bilərmi?”...
Tarix: 30-10-2022, 21:18
Xəbəri paylaş





Xəbər lenti