Bazar ertəsi ağır gündür, yoxsa adi..? Baxır kimə

Bazar ertəsi ağır gündür, yoxsa adi..? Baxır kimə
31 oktyabr 2022-ci il. Həmin gün-bazar ertəsi Rusiya prezidenti Vladimir Putin Soçidə Qarabağ problemi ilə əlaqədar Azərbaycanla Ermənistan arasında sülh bağlanmasının Kreml variantını tərəflərə qəbul etdirməyi planlayıb. Sülh müqaviləsinin “Vaşinqton variantı”na tərəflərin meyilli olduğu və Rusiyanın moderatorluğu olmadan tezliklə imzalanacağı Kremli ofsayta saldığı üçün, Soçi görüşü ərəfəsində Putin Valday klubunda Ermənistan rəhbərliyini, cəmiyyətini şantaj, Azərbaycanı da həm birbaşa, həm də dolayısı ilə təhdid hədəfinə çevirdi. Qərb variantına imza atanda erməniləri Qarabağı itirəcəkləri ilə, Azərbaycanı isə“biz Qarabağa görə erməni xalqının istənilən qərarını dəstəkləyəcəyik”bəyanatı ilə. Üstəlik mətbuatda yayılan məlumatlara əsasən Putin sülhün “Rusiya variantı”nda sülhməramlı adı ilə Azərbaycanın ərazisində yerləşdirdiyi hərbi kontingentini bundan sonra daha 20 il də saxlamağı planlaşdırır. Hətta, Kreml sözçüsü D.Peskov bu məsələyə görüşdən sonra şərh verəcəyini bildirib. Deməli, məlumatın müəyyən əsası var. Paşinyan müddət məsələsinə razı olduğunu və imzalayacağını bildirsə də, bu variantın Rusiya üçün heç də asan olmayacağını yaxşı bilir, amma özünü sığortalamaq üçün “ bu, üçtərəfli sənəddir və biz Rusiya ilə razılaşsaq, çoxluq təşkil edəcəyik”-deyib. Paşinyan da, Putin də Rusiya hərbiçilərinin Qarabağda qalmağının yalnız Azərbaycandan asılı olduğunu və Azərbaycanın birmənalı şəkildə buna razılıq verməyəcəyini yaxşı bilirlər. Putinin planlarını həyata keçirəcəyi böyük suallar altındadır və ermənipərəst rusiyalı politoloq S. Tarasovun dediyi kimi “..qarşıda Putinin Soçidə Əliyev və Paşinyanla “yaxın döyüşü” var”. 
 
 Putin Ukrayna isterikası ilə öz maraqlarına cavab verən çox məsələləri planlaşdıra bilər, amma Azərbaycanın nə status verməyə, nə müddət uzatmağa, ümumiyyətlə maraqlarına uyğun olmayan heç bir məsələyə razılıq verməyəcəyini bilməlidir və bilir də. Azərbaycanın rəsmi mövqeyində hər zaman “ Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlıları” ifadəsi səslənib və bu müvəqqətilik istənilən zamanla deyil, konkret tarixlə - 2025-ci illə müəyyənləşib və Putin də imzası ilə təsdiq edib. Sülhməramlıların missiyasına son vermə 2025-dən tez ola bilər ki, gec olmayacaq! Sənəddə “tərəflərdən biri etiraz edərsə, mandata xitam verilə bilər” maddəsindəki o tərəf.. bizik-Azərbaycandır! Etiraz bildirməyə artıq bu gündən əlimizdə xeyli əsas var. Ermənistan etiraz etməyəcək, terrorçu separatçı rejimin rusların müddətsiz qalmasını tez-tez dilə gətirməsinin isə heç bir əsası yoxdur. 
  Putin Valday çıxışı ilə həm idarə etdiyi Ermənistan müxalifətini, həm də separatçı rejimi ümidləndirib. Bu gün Xankəndidə böyük mitinq olacaq və Rusiya prezidentinə müraciət qəbul olunacağı gözlənilir. Ermənistanın keçmiş baş diplomatı Vardan Oskanyan “ən azı 50 minlik” mitinq olmasının arzuedilən olduğunu bildirir və “artsaxlıları tək qoymamaq” üçün dəstək verməyə çağırış edir. Yəni, Laçın yolu vasitəsilə Ermənistandan xeyli gələnlərin olacağı gözlənilir. Valday çıxışına Paşinyan da, müxalifəti də, hətta Arutunyan da münasibət bildirdi, Azərbaycan tərəfdən rəsmi mövqe bildirilməyib və hesab edirəm ki, düzgün mövqedir. Əslində, Valdayda deyilənlər Bakı üçün Soçi görüşünə tam hazırlıqlı getməyə imkan verib. 
 
 Birbaşa mövzuya aid olmasa da, bir haşiyəyə çıxmağı vacib hesab edirəm. Xankəndi problemi ilə bağlı Azərbaycanın olimpiya sakitliyi heç də bizə xeyir gətirmir. Sentyabrın 13-dən sonra ermənilərin beynəlxalq ictimaiyyətə yönəlmiş təbliğatı nəticəsində müəyyən təzyiqlərə məruz qaldığımızı açıq müşahidə etdik, bizim isə tutarlı əks cavablarımız olmadı.  Və yaxud iki gün əvvəl KTMT iclasında guya Azərbaycanın Ermənistan ərazisini tutması barədə deyilənlərə qarşı niyə Qazax rayonun işğalda olan kəndləri əks arqument kimi ortaya qoyulmur? Qazax rayonu keçmiş Dağlıq Qarabağ ərazisi deyil ki? Uydurma “ərazi zəbtetmə” iddialarına ən yaxşı cavab Qazaxın kəndləri məsələsini vurğulamaq olmazmı? Bu ərazilərin “millətlərin müqəddaratının təyin edilməsinə” ki, heç bir aidiyyatı yoxdur.  Daxili təbliğatda da Zəngəzur dəhlizinin Xankəndini üstələməsi bizim ərazi bütövlüyü məsələsini sürətləndirirmi? Dövlət radio-televiziyalarında  hər gün azad edilmiş kəndlərin, rayon mərkəzlərinin tarixi, əhalisinin sayı və nə vaxt azad edildiyi barədə məlumatlar verilir. Müharibə bitəndən bəri bu məlumatlar təkrar-təkrar səsləndirilir. Çox yaxşı. Amma, indi azad edilməyən Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran, Şuşanın kəndləri barədə də eyni məlumatları verib təbliğata başlamaq, artıq zərurətdir. Tezliklə həmin ərazilərdə dövlət nəzarətimizin bərpa ediləcəyi, yaranacağı bildirlməli və bununla da düşmənə “müstəqillik, status” kimi boş xəyallara, ümidlərə qapılmamağı aşılamış olacağıq. Soçi görüşündən sonra mükəmməl bir təbliğat informasiya proqramı ilə bu işlərə start vermək, yaxın hədəfimizin Xankəndi olduğunu düşmənə də, havadarına da bildirmək strateji hədəfimizə çatmaq üçün normal taktiki gedişlərin tərkib hissəsi kimi dəyərləndirilməlidir.
 
Soçidə Putin istədiyinə nail ola bilərmi? Yəni, status məsələsini “ daha yaxşı vaxtlara saxlamaq”kimi qeyri-müəyyən zaman göstərməyə, sülhməramlıların 20 il müddətinə Azərbaycanda qalmasına, sülh müqaviləsinin ilin sonunda deyil, delimitasiya, demarkasiya işlərinin görülməsi, nəqliyyat maneələrinin qaldırılması kimi uzunmüddətli proseslərdən sonra bağlanmasına tərəfləri razı sala bilərmi? Ermənistan özü bilər, Azərbaycan adına ürəklə.., YOX deyirəm.  
 
Soçi görüşü bazar ertəsi olacaq. Ruslarda “bazar ertəsi ağır gündür” aforizminin olduğu məlumdur. Ümid edir və inanırıq ki, Azərbaycan öz maraqlarını bu görüşdə elə qoruyacaq ki, qarşı tərəflər üçün bu bazar ertəsi ağır, bizim üçün isə adi və yeni siyasi iş həftəsinin, eyni zamanda Xankəndi istiqamətində yeni yol xəritəsinin başlanğıcı olacaq. 
 
 İlham İsmayıl

Tarix: 31-10-2022, 09:11
Xəbəri paylaş





Xəbər lenti