Naxçıvanlılara 2 müjdə bir arada: Bakı nömrəsinə icazədən sadəcə Rzaya doğru təkamül prosesi



 
İlk müjdə: Bu gündən Naxçıvanda Bakı nömrəsi ilə maşın sürmək qadağası ləğv olunub.
 
Naxçıvandakı etibarlı mənbələrin Ovqat.com-a verdiyi məlumatına görə, Muxtar Respublikanın Yol Polisi İdarəsinin rəisi Ayaz Quliyev bu gün müşavirə keçirərək, işçilərinə bəzi tapşırıqlar verib.
 
Əsas tapşırığı isə “Bakı nömrəsi ilə maşın sürənlərlə bundan sonra işiniz yoxdur” olub.
 
Qeyd edək ki, Naxçıvanda Bakı və Azərbaycanın digər rayonlarına məxsus dövlət qeydiyyat nişanı ilə maşın sürmək qadağan olunmuşdu. Kimin ki maşınının nömrəsi başqa rayonlara məxsus idi, uzağı 1 ay Naxçıvanda qala bilərdi. Bu müddət bitdikdən sonra sürücü ya maşını Muxtar Respublika ərazisindən çıxarmalı, ya da qarajına həbs etməli idi. Əks halda onu ağır cəza gözləyirdi.
 
2-ci müjdə: Rza “paşa”dan sadəcə Rzaya təkamül prosesi
 
Məlum olduğu kimi, bir müddət əvvəl TNS xəbər portalı Vasif “xan”ın böyük oğlu Rza Talıbovun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsindən “gedər-gəlməz məzuniyyətinə” göndərildiyini xəbər vermişdi. Rza Talıbova yaxın çevrələr isə daş atıb başlarını tuturdular ki, xeyr, o, sadəcə məzuniyyətə çıxıb və uzağı bir neçə həftədən sonra öz işinə geri qayıdacaq. Doğrusu, üzərindən xeyli keçməsinə baxmayaraq, Rza Talıbovun məzuniyyətdən qayıtdığına dair hər hansı məlumat verilməməsi şübhələri artırırdı. Özü də gözə çox dəyməməklə bu şübhələrə şərait yaradırdı.
 
Dünən isə Rza Talıbovun sosial şəbəkə səhifələrində bəzi dəyişikliklər gözlərdən yayınmayıb. Mənbəmizin bildirdiyinə görə, dünənə qədər İnstagram səhifəsində özünü  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi kimi təqdim edən Rza “paşa” dünən birdən-birə nədənsə öz vəzifəsinin adını silib. Naxçıvanda Rza “paşa”nın bu təvazökarlığı həqiqətən də işdən çıxarılması kimi yozulub. Yəni Rza “paşa” dönüb olub sadəcə Rza Talıbov.




Tarix: 5-11-2022, 17:13
Xəbəri paylaş





Xəbər lenti