Bu torpağın sahibləri gəldi, VƏTƏN, gözün aydın!-Vəsilə Möhsümova


Vəsilə Möhsümova,
Fəlsəfə üzrə Fəlsəfə Doktoru,
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi

Bir millətin, bir nəslin taleyindən keçdi müharibə. Uşaqlığımızı aldı, gəncliyimizi aldı, igidlərimizi aldı, analarımıza göz yaşı verdi, gəlinlərimizə nisgilli talelər verdi müharibə. Bəlkə də bu da bir taledir, biz mənfurlarla qonşu olmalıydıq, zaman zaman evlərimizdə işləyib, çörəyimizi yeyib sonra bizə qənim kəsilməliydi ermənilər. Bir əsrdə neçə dəfə qətliamlara, təcavüzə məruz qaldıq, amma bağışladıq, axı biz bağışlayan millətik, amma unutduq ki, düşmən nə qədər hiyləgərdi, nə qədər məkirlidir və nəhayət 20-ci əsrin 80-ci illərində bir daha baş qaldırdılar, bu dəfə daha da irəli gedərək qədim Qarabağı işğal etdilər, hər ailədə bir faciə yaşandı, uşaqlığımız öldü, gəncliyimiz talandı, milli kimliyimizə göz dikdilər, lakin zamanla hər millətin vacib anında bir xilaskarı olduğu kimi, bizim də xilaskarımız millətinə sahib çıxdı, Heydər Əliyev ölkəmizi xilas etdi, onun bünövrəsini qoyduğu siyasi xətlə irəliləyən İlham Əliyev, bütün siyasi təzyiqlərə baxmayaraq, 30 ilin həsrətinə son qoydu, BİZ QALİB OLDUQ! Qarabağ öz sahiblərinə qayıtdı, viran qalmış yurdlarıyla, dağıdılmış evləriylə, sahibsiz qalmış ormanlarıyla, yenə bizə gəldin doğma VƏTƏN, yenə biz tarix yazdıq igidlərimizin qanlarıyla sənə gəldik, VƏTƏN!  Doğma Qarabağ, gözəl Ağdam, qartallar oylağı Laçın, yaşıl aptek adlanan Kəlbəcər, igidlər oylağı Qubadlı, musiqi beşiyi Şuşa, xan çinarlar məskəni Zəngilan, biz sizə gəldik! Biz sizinlə yenidən yaşamağa, sizinlə sevməyə, sizinlə dirçəlməyə gəldik, BİZ qayıtdıq, VƏTƏN, viranə qalmış yurdların da necə gözəldir, necə yarımçıq qalmış talelər yaşanacaq təkrar, neçə nakam ömürlər yaşanacaq təkrar, bəlkə də o insanlar daha yoxdur, amma, səni qanıyla, canıyla azad edən oğullar var, səndən ötrü hər an can verməyə hazır olanlar var, VƏTƏN!! Biz qayıtdıq viran qalmış yurd yerlərimizdə ulu Dədə Qorqud ocaqları yanacaq yenə, Cıdır düzündə yenə igidlərimiz cövkan oynayacaq, yenə İsa bulağından qız gəlinlərimiz su götürəcək. Bu torpağın sahibləri gəldi, VƏTƏN, gözün aydın!

Tarix: 8-11-2022, 16:16
Xəbəri paylaş





Xəbər lenti