Azadlıq haqqında

İlham Hüseyn
Holland filosofu Spinoza deyirdi ki, azadlıq dərk olunmuş zərurətdi. Hobs isə hesab edirdi ki, azadlıq müqavimətin olmamasıdır. Yəni, hansısa istəyi reallaşdıranda iradə müqavimətə rast gəlməməlidir. Russo isə azadlığın bərabərlik olmadan yaşaya bilməyəcəyini söyləyirdi. Lokka görə isə qanun olmayan yerdə azadlıq mümkün deyil. Volter fikir azadlığının olmadığı halda, heç bir azadlığın mümükün olmayacağını yazırdı. Fromm, Haydigger, Hegel və digər mütəfəkkirlər də azadlıqla bağlı maraqlı fikirlər irəli sürüblər.
Göründüyü kimi azadlıq böyük çoxluğun düşündüyü kimi primitiv bir şey deyil. Azadlıq o qədər dərin məhfumdur ki, böyük mütəfəkkirlər bu məhfumu eninə-uzununa dartışmış, əsərlər yazmış, fikir mübadiləsi etmişlər.
“Evim var, işim var, ac deyiləm, məni döyən yoxdur, söyən yoxdur. Deməli, azadam” düşüncəsi, əslində, kölə düşüncəsidir. Avtoritar rejimlər kütləni elə hala salır ki, ictimai düşüncə deqradasiya edir, adamlar mədə tələbatını ödəməyi xoşbəxtlik sayır, vətəndaşlar dövlətin zəiflədilməsini hiss edə bilmir. Hansıki, biz azadlığın mahiyyətini dərk etsək, portretini çəkə bilsək, dəyərini anlasaq, müsbətə doğru dəyişərik. Avtoritarizm “azadlıq” sözünə nifrət edir. Çünki azadlığı dərk etmiş xalqa nağıl danışmaq mümkün olmur, saxta vətənpərvərlik libası geyinmək alınmır, korrupsiyanı idarəçilik norması kimi sıramaq çətinləşir, qanunları minmək hökumətə baha başa gəlir və.s
Azadlıq qolda qandal olmamağı deyil, düşüncənin qandaldan azad olmağıdır. Azadlıq həbsxanaya düşməmək deyil, köləlik zindanından xilas olmağı bacarmaqdı. Biz xalq olaraq düşüncəmizdə inqilab etməliyik. Düşüncəmizdə məskən salmış gerilik sarmaşıqlarını qoparmalıyıq. Azadlıq şüar deyil, yalnız müxalifətçilərin dilində səslənməli fikir deyil, etiraz nəqarəti də deyil. Azadlıq ləyaqətli yaşamdı, özünəhörmətin təməlidir, qürurdu, qanunun aliliyidi, bugünün və sabahın təminatıdı, dövlətin sarsılmazlığıdı, inkişafdı, ədalətdi.
Azad toplaşmaq, azad seçki, azad mətbuat, azad iqtisadiyyat o zaman olur ki, çoxluq azadlığın böyük nemət olduğuna qərar verir. Azadlığa mənəvi dəyər kimi yanaşmaq və onun uğrunda savaşmaq lazımdı. Biz azadlığı dadsaq, xoşumuza gələcək. Biz onun dadını bilmirik, zərərli “qida”larla ömrümüzü hədər edirik.
Tarix: 13-11-2022, 16:36
Xəbəri paylaş





Xəbər lenti