İdarəetmədə "arxa qapı" texnologiyası: - "Onu kim deyirsə, gəlsin, üzümə desin"

İdarəetmədə "arxa qapı" texnologiyası:
Ötən ay Biləcəri sakinlərinin qəsəbədaxili yolların bərbad gündə olması ilə bağlı çoxsaylı müraciət və şikayətləri əsasında bölgəyə tenekanallardan birinin çəkiliş qrupu gəlmişdi. Həmin çəkiliş qrupu illərdir bu palçıqlı, gölməçəli, kanalizasiyalı yollardan əziyyət çəkən qəsəbə sakinlərinin şikayəti əsasında Biləcəri Bələdiyyəsinin “çiçəyi burnunda” sədri Ehtibar Cabbarovdan müsahibə almış, O da bu problemin ən qısa zamanda aradan qaldırılacağını, həmçinin həmin yollara işıq çəkiləcəyini, zibil qabları yerləşdiriləcəyini bildirmişdi. Oktyabr ayının ortalarında və ondan əvvəlki aylarda da müxtəlif telekanallardan gəlib çəkilişlər aparılsa da, aidiyyəti qurumlara sorğular verilsə də, Biləcərinin bələdiyyə sədri Ehtibar Cabbarov başda olmaqla, bütün məsul qurumlar öz məsuliyyətsizliklərini bir daha nümayiş etdirdilər.
Hər çağırış, şikayət əsasında qəsəbəyə gələn çəkiliş qrupuna, jurnalistlərə bər-bəzəkli açıqlamalar verib, əmin edən, ardınca isə “öz bildiyini çalan” bələdiyyə sədri Ehtibar Cabbarov əslində kimdir? O, bu vəzifəyə necə gəlib? Nə üçün verdiyi sözləri tutmaqda, vəzifəsini layiqincə icra etməkdə bu qədər əziyyət çəkir və ya gücə düşür?

Özü bələdiyyə sədri “seçilsə” də, seçildiyi qəsəbəyə bələdçiliyi bacarmayan Ehtibar Cabbarov bu vəzifəyə 2020-ci ildə sələfi İlham Xəlilovun pandemiya səbəbindən dünyasını dəyişməsindən bir il sonra seçilib. Ötən il Vergilər Nazirliyi ilə vergisini vaxtında ödəmədiyinə görə məhkəməlik olan Biləcəri Bələdiyyəsi bu dəfə də özünü ölkə gündəminə çıxarmağı bir yolla bacara bilib.

Oktyabr ayında bir çox qəsəbələrlə yanaşı, adıçəkilən qəsəbədə də yolların asfaltlanması üçün dövlət büdcəsindən 5.3 milyon manat vəsait ayrılsa da, Biləcəri Bələdiyyəsi hələ də gözünü döyür, yerində sayır, özünü bilməzliyə vurur. Bu qurum nə imkan verir məhəllə sakinləri özləri öz küçələrinə asfalt çəksin, nə də özü çəkir. Necə deyərlər, sümük olub, keçib camaatın boğazına.

Nə özü bir dərdə dərman olan, nə də aradan çəkilən bələdiyyənin bu davranışlarının səbəbi-hikmətini araşdırdıq. Bələdiyyə rəhbərliyinin özü elə bu yolların bərbad gündə qalmasında maraqlı görünür. Hər il bu palçıqlı yolların varlığını səbəb gətirib dövlət xəzinəsindən külli miqdarda vəsait əldə edən Biləcəri Bələdiyyəsi bu “bulağın” suyunun qurumasını da istəmir. Nə qədər ki, bu yollar var, deməli, “bulağ”ın suyu da daimi olacaq.

Ancaq ədalətli quruluşlarda sistem bu cür işləmir. Məsələn, problemi olan sakinlər Ehtibar Cabbarov kimi qurum rəhbəri şəxslərin qəbuluna gələrək öz problemlərini deyirlər, təklif və tövsiyələrini bildirirlər. Ancaq Ehtibar müəllimin sistemi elə çalışmır. Gəlib çatan bəzi məlumatlara görə, Ehtibar müəllim bələdiyyə binasının koridorunda yerləşdirilmiş kameradan içəri gəlib-gedənlərə öz xidməti otağından baxır, nəzarət edir. Əgər bu binaya daxil olan şəxs qazi, yaxud jurnalistdirsə, bunu bilir və otağından birdən-birə “yox olur”. Anidən binanın foyesindən çıxır və maşınına minib iş yerini tərk edir. Buna necə nail olduğuna dair versiyalara az sonra toxunacağıq.

Bundan daha da qəribəsi, həmin bələdiyyə binasının qanunsuz tikili olmasıdır. Təsəvvür edirsinizmi, qanuni ev tikilməsi üçün sakinlərə sənəd verməli olan qurumun öz binasının qanuni sənədi yoxdur. Həmçinin, kimsə əgər Biləcəri Bələdiyyəsinin qeyd olunan nömrələrinə zəng etmək istəsə, bir xeyri olmayacaq. Çünki bələdiyyənin telefon borcu səbəbindən xətlər işləmir.

Onu da qeyd etmək yerinə düşər ki, hər ilin sonunda Biləcəri sakinləri bələdiyyə tərəfindən paylanılan bildirişlərdən təngə gəlib. Həmin bildirişlərdə sakinlərin vergi borclarını ödəmələri tələb olunur və hədələnirlər ki, əks təqdirdə bu borc aidiyyəti icra orqanı tərəfindən vətəndaşdan zorla alınacaq. Bildirişin üzərində isə bələdiyyə sədrinin adı və möhürü, həmçinin ərazi üzrə vergi müfəttişin adı və onun əlaqə nömrəsi qeyd olunub.

Elə qeyd olunan nömrə ilə əlaqə saxladıq. Bələdiyyənin ərazi üzrə müfəttişi - bildirişin üzərində adı qeyd olunan Gündüz Abışovla söhbətləşdik. Bələdiyyənin qeyd etdiyi nömrələrinə zəng çatmadığı üçün, yuxarıda hallanan fikirlər barədə də elə Gündüz bəyə sorğu verməli oldum. Müfəttiş qeyd etdi ki, yəqin, həmin telefonları işlətmədikləri üçün xətt bağlanıb:

- Gündüz bəy, mülkiyyət sənədi olmayan evlərə bələdiyyə tərəfindən bildirişlər paylanılır və bildirilir ki, vergi borcları var, ödənilməlidir. Əks təqdirdə, Probasiya və İcra Şöbəsinə bu barədə məlumat veriləcək və həmin borclar məcburi qaydada vətəndaşdan alınacaq. Sənədsiz evlərdən vergi yığmaq qanunsuz fəaliyyət hesab olunmurmu?

- Mən gedib, qapı-qapı döyüb, sənədləri yoxlamıram ki, kimin evinin sənədi var, ya yox. Kimlərin ki, evləri sənədsizdir və bu bildirişlər onlara verilib, gəlsinlər, bələdiyyəyə, bizim hüquqşünasımızla məsələni aydınlaşdıraq.

- Bələdiyyə sədri Etibar Cabbarovun öz şəxsi kabinetindən akt zalına gizli çıxış qapısının olduğu və sədrin qazi, jurnalist, yoxlama gördüyü zaman həmin qapıdan çıxıb binanı tərk etdiyi barədə də bizə məlumatlar daxil olub, bələdiyyənin öz nömrələrinə zəng çatmadığı üçün biz bu məlumatı dəqiqləşdirə bilmədik. Sizcə, bu məlumat doğrudurmu? Bu haqda bildiyiniz bir məlumat varmı?

- Bilirsiniz, bunlar boş-boş söhbətlərdir, sədrin otağında gizli çıxış-filan yoxdur. Onu deyən kimdirsə, heç onun ibtidai sinif səviyyəsi yoxdur. Etibar müəllim şəxsiyyəti olan adamdır, o, bu cür işlər etməz. Onu kim deyirsə, gəlsin, üzümə desin, özüm qaziyəm, itirəcək heç nəyim də yoxdur, hər şeyimi itirmişəm.

- Bələdiyyənin təqdim etdiyi bildirişlərdə borcunu ödəməyən vətəndaşların bu haqda məlumatlarının Probasiya Şöbəsinə təqdim olunacağı qeyd edilib. Biləcəri Bələdiyyəsi borcu olan vətəndaşları nə üçün məhkəməyə yox, icra şöbəsinə bildirir? Bu, məhkəmə ilə həll olunmalı məsələ deyilmi?

- O bildirişdə məlumat qısaldılıb, ancaq həmin şöbəyə məhkəmədən sonra müraciət olunmalıdır.

- Siz də həmin binanın daxilində olursunuz, məlumata görə, bələdiyyənin binası sənədsizdir, bu, doğrudurmu?

- Xeyr, elə bir şey yoxdur.

- Gündüz bəy, Biləcərinin qəsəbədaxili yollarına nə üçün asfalt örtüyü çəkilmir? Hansı ki, ötən aylarda sədriniz bu işin həll olunacağını bildirmişdi.

- Bu yolları təmir etmək üçün gərək bizim büdcəmizə pul yığılsın, bu pul da vergi ilə yığılır. İndi bildiriş alan vətəndaş deyir ki, evi sənədsizdir, ona görə vergi verməli deyil. İndi o kimdirsə, onun ödəyəcəyi vergi otuz-qırx manatdır. Qanunsuz da olsa, sən gətir onu bələdiyyəyə ver, onsuz da bələdiyyə onu edir də. Gəlin, sizə nə qədər yol çəkilib, onu göstərim. Biz o yolları öz daxili hesabımızla çəkirik.

- Gündüz bəy, axı, hər il dövlət büdcəsindən bələdiyyələrə iki yüz min manat subsidiya da ayrılır, o vəsaitlər hara xərclənir?

- Onun hesabatını bilmirəm, amma qeyd etdiniz ki, məlumatlara görə, Biləcərinin Vergi Xidmətinə 784 min manat borcu var. Ola bilsin, elə həmin subsidiya ilə o borclar bağlanılıb.

- İki yüz min manatla 784 min manatlıq vergi borcu necə bağlanıb?

-Yəqin ki, hissə-hissə bağlanıb...

P.S. Bələdiyyə nümayəndəsinin evlərin sənədləri barədə məlumatsız olması barədə açıqlaması səmimi deyil. Bələdiyyələrdə bütün evlərin sənədləri ilə bağlı məlumatlar var. Yəni hansı evlərin və torpaq sahələrinin “kupça”sının olduğu və ya olmadığı bələdiyyələrə bəllidir. Evlərin təqribən 95 faizi sənədsizdir. Amma bələdiyyə küçələrin bu başından düşüb o biri başına qədər bütün evlərə hədələyici bildirişlər təqdim edir. Bələdiyyəyə müraciət edənlərdən isə hətta 10-15 ilin, daha dəqiq desək, ev tikiləndən bəri bütün illərin vergisini istəyirlər. Halbuki vergi tələbi hətta qanuni olsa belə, maksimum son 3 ilin vergi borclarını tələb etmək olar.

Bu arada şikayətçilərdən biri deyir ki, o, vergi ödəməyə hazır olduğunu bildirib, amma bunun üçün Bələdiyyə büdcəsinin xərclənməsinə dair maliyyə hesabatını istəyib... Və Bələdiyyə bu hesabatı verməkdən boyun qaçırıb. Şikayətçi bizimlə birlikdə bu məsələni Bələdiyyədə müzakirə etməyə hazır olduğunu deyib və qarşıdakı günlərdə bu yolla Biləcəri Bələdiyyəsinin maliyyə şəffaflığını sınaqdan keçirəcəyik.
Bizimyol.info
Tarix: 22-11-2022, 17:24
Xəbəri paylaş





Xəbər lenti