Cahangir Əsgərovun "payız"ı ölkəyə "sərinlik" gətirəcəkmi... - AZAL-da əsən "xəzan yeli"

Cahangir Əsgərovun "payız"ı ölkəyə "sərinlik" gətirəcəkmi...
2008-ci ildən AZAL-ın rəhbəri olan Cahangir Əsgərov nəhayət ki, uzun illərdən sonra ölkə rəhbərinin fərmanı ilə vəzifəsindən azad edilib. 15 il AZAL-ın rəhbəri işləmiş Əgərov bu illər ərzində müxtəlif davranışları, fəaliyyətləri ilə - gah güldürən, gah təəccübləndirən, gah da qıcıqlandıran hadisələrlə ölkənin gündəmində özünəməxsus yer tutmağı bacarıb. İndi sərin sentyabr küləyinin qızmar istilərdən sonra gətirdiyi xoş hava, Cahangir Əsgərovun vəzifəsindən azad edilməsi ilə daha da sərinləşib.
İndi AZAL-la bağlı vətəndaşların gözləntiləri, ümidləri çoxdur. Cahangir Əsgərovun vəzifəsindən azad edilməsindən sonra AZAL-da hansı diqqətçəkən dəyişikliklərə gedilə bilər? Biletlərin qiymətlərində və AZAL-ın vətəndaşlara xidmətində hansısa dəyişiklik edilməsi mümkündürmü?

Mövzu ilə bağlı Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli Bizimyol.info xəbər portalına danışıb:

"Əslində bu, çoxdan gözlənilən bir qərar idi. Prezidentdən sıravi vətəndaşadək AZAL haqda narazılıqlar bir neçə dəfə səsləndirilmişdi. Bir müddət öncə "Buta" ilə AZAL-ın birləşdirilməsi, eyni brend adı altında fəaliyyət göstərəcəyi ilə bağlı xəbərdən anlamaq olardı ki, hansısa ciddi struktur dəyişiklikləri ilə əlaqədar qərarlar gözlənilir. Bu dəyişikliklər nəticəsində də Cahangir Əsgərovun nəhayət ki, AZAL-ın rəhbərliyindən çıxarılması baş verə bilərdi. Yəni, deməzdim ki, bu, gözlənilməz bir qərar oldu. Amma problem başqadır. Problem təkcə şəxslərdə deyil. Bəli, onun idarəetməsi ilə bağlı yumşaq desək, çoxlu suallar var idi. Əgər yeni təyin olunacaq rəhbərlik idarəetmə strategiyasını, fəlsəfəsini, idarəetmə yanaşmasını dəyişməsə, yenə köhnə qaydada və köhnə yanaşmalarla AZAL-ın idarəsi davam etdirilsə, bu zaman dəyişən bir şey də olmayacaq. Çünki insanların gözləntisi bu yöndə deyil. Vətəndaşın gözləntisi ondan ibarətdir ki, AZAL inhisarçılığa son qoyacaq və ölkədə rəqabətli mühit formalaşacaq. Nəticə etibarilə, bu şirkət rəqabətli mühit şəraitində fəaliyyət göstərdikcə, qiymətlərin enməsinin də şahidi olacağıq. Əgər bu, başverəcəksə - şəxslərin, kadrların dəyişilməsi yox, həm də struktur və idarəetmə islahatları olacaqsa, bu, müsbət bir hadisə kimi dəyərləndiriləcək. Ölkənin prioritet sahəsi olan turizmin inkişafına kömək ola biləcək müsbət amil olacaq. Yox, əgər köhnə qaydalar, üsullar, yanaşmalar yenə qalacaqsa, bunun ciddi bir effekt verəcəyini açığı düşünmürəm. Gələcəkdə alınacaq qərarlar və idarəetmənin effektivliyi yaxın zamanlarda bununla bağlı fikir söyləməyə əsas verəcək. Yaxın vaxt ərzində əgər quru sərhədləri də açılarsa və bundan sonra AZAL-ın strategiyasında bir dəyişiklik olarsa, deməli bu, tək kadr dəyişikliyi yox, həm də idarəetmənin fəlsəfəsinin dəyişməsi kimi anlaşılacaq. Əgər belə olsa, bu, müsbət bir gəlişmə olacaq" - deyə, iqtisadçı-ekspert qeyd edib.

Tarix: 5-09-2023, 08:12
Xəbəri paylaş





Xəbər lenti