"Azercell"in qiymət artımı narazılıq yaratdı — AÇIQLAMA


Azercell" mobil operatorunun vaxtaşırı tariflərin qiymətində dəyişiklik etməsi şirkətin xidmətlərindən istifadə edən abonentlər, eləcə də ekspertlərdə narazılıq doğurur. 

Demokrat.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz şirkətin qiymət siyasətini şərh edib. O bildirib ki, bəzi tariflərdə qiymət artımı ağlabatan deyil və mobil bazarda hökmran mövqe tutan bu dövlət şirkətinin heç bir əsaslandırma olmadan danışıq və data qiymətlərini, SMS qiymətini qaldırması, tarif şərtlərini dəyişməsi təəccüblüdür və qanuniliyi sual doğurur:

"Düşünürəm ki, ən qısa zamanda sektorun tənzimləyici qurumu olan İKTA və Antiinhisar Dövlət Xidməti bu məsələni araşdırıb dövlət şirkətinin bu addımının qanuna uyğun olub-olmamasına rəy verməlidir. Mobil bazardakı rəqabətli mühit araşdırılmalıdır". 



Osman Gündüz hesab edir ki, adı çəkilən dövlət qurumlarının müvafiq rəylərinədək yeni qiymət artımları və tarif planlarındakı dəyişiklik dayandırılmalıdır: "Bu dövlət operatorunun yenidən özəlləşdirilməyə  hazırlanması, mövcud xidmətlərinin keyfiyyətinə diqqət yetirməsi, yeni texnologiyalar və xidmətlər üzərində düşünməsi daha məntiqli olardı", - o əlavə edib. 

AİF rəhbəri qonşu ölkələrdəki vəziyyəti də müqayisə edib: 

"Yeri gəlmişkən, xatırladıram ki, qonşu ölkələrlə, region ölkələri ilə müqayisədə bizdəki tariflər heç də əlçatan və aşağı deyil. Qazaxıstan, Ermənistan , Gürcüstan mobil operatorları bizim operatorlardan fərqli olaraq daha böyük investisiyalar yatırırlar, yəni 5G şəbəkəsi üçün ötən illərdən lisenziya alıblar və yeni şəbəkələr qururlar. Yəni onlarda yeni şəbəkələr və yeni böyük investisiyalar var. Amma qiymət artımı müşahidə olunmur".
Tarix: 21-02-2024, 10:01
Xəbəri paylaş





Xəbər lenti