Borcunu qaytarmayanlara sərt cəzalar gəlir: - Məhkəməyə gedən kimi dərhal...

Borcunu qaytarmayanlara sərt cəzalar gəlir:
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb. Bununla əlaqədar Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunur. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi haqqında qərar məhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılmış vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə, məhkəmə icraatı zamanı isə işə baxan məhkəmə tərəfindən qəbul edilir.

Üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin razılığı olmadan yalnız əmlak tez xarab olan əşya olduqda və ya əmlakın saxlanılması insanların həyatı, sağlamlığı və ya ətraf mühit üçün təhlükə yaratdıqda satıla bilər. Bu hallar istisna olmaqla, üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə satıla bilər.

Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş daşınar əmlakın hərracda satışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. Üzərinə həbs qoyulmuş əmlak cinayət prosesini həyata keçirən orqanlara, həmin orqanların əməkdaşlarına və onların yaxın qohumlarına satıla, onlara icarəyə, idarəetməyə və ya hər hansı digər şəkildə istifadəyə verilə bilməz.

Layihədə üzərinə həbs qoyulmuş əmlaka qulluq qaydası da müəyyən edilir. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Qeyd edək ki, son günlər borcunu qaytarmayanlara qarşı cəzaların daha da sərtləşdiriləcəyi ilə bağlı fikirlər də səslənir.

Qanun layihəsi hansı yenilikləri gətirəcək?

İqtisadçı-ekspert Fuad İbrahimov “Cebhe.info”-ya bildirdi ki, əslində bu, yeni qayda deyil:

“Əgər onu icbari qaydaya salırlarsa, borcu yaranan və qaytarmayan şəxsin ölkədən çıxışına avtomatik surətdə qadağa qoyulacaq. Əsində bu mexanizm var. Bu gün bank məhkəməyə müştəri ilə bağlı müraciət edirsə və gediş-gəlişi ilə bağlı “stop” qoyulması üçün vəsatət qaldırırsa, onda məhkəmə bu qərarı qəbul edir. Mən belə düşünürəm ki, yeni qaydalarla məhkəməyə müraciət olunan kimi qeyri-şərtsiz bu “stop” qoyulacaq. Burada yalnız banka borcdan da söhbət getmir.

Məsələn, adi bir telefon şirkətinə borc varsa, şirkət məhkəmə qarşısında iddia qaldırıb vətəndaşa “stop” qoydura bilir. Yaxud kommunal borcla bağlı da bir problem yarana bilir. İstənilən yerdə əgər iddia qaldırılırsa, hakim hesab edirsə ki, burada əsas var, dərhal ölkədən çıxışa məhdudiyyət qoyulur. Bir çox insanlarla bağlı belə problemlər var. Sərhəddən keçərkən Dövlər Sərhəd Xidməti bildirir ki, sizin çıxışınıza qadağa qoyulması ilə bağlı qərar qəbul olunub.

Bu proses Azərbaycan üçün yeni deyil və yeganə təsiredici mexanizmdir. Belə ki, əgər bir vətəndaşın digərinə borcu varsa, borcu ödəyəcək heç bir imkanı yoxdursa, ölkədən qaçıb gedir. Onu hansısa vasitə ilə saxlamaq lazımdır. Bu, yeganə mexanizmlədən biridir. Sadəcə arzu edək ki, vətəndaşlarımız bu vəziyyətə düşməsin. Ancaq bu, artıq avtomatlaşdırılımış şəkildə qərarın ayrılmaz bir hissəsi kimi qəbul edilir”.

Ekspertin sözlərinə görə, əgər vətəndaşın borcu yaranırsa, bankla elə müstəvidə danışıqlar aparmalıdır ki, məhkəmə predmeti yaranmasın:

“Vətəndaş istehlak krediti götürəndə öhdəlik götürür. Bu öhdəliyi yerinə yetirməyəndə qanunvericilikdə onun hər hansı bir imtiyazı yoxdursa, daşınmaz əmlaka yönəldilir. Sonra isə daşınmaz əmlaka həbs qoyulub satışını təmin edirlər, müəyyən borc hissəsini təmin edir, digər hissəni isə özünə qalır. Əgər borcu əhatə etmirsə, həm əmlakını itirir, həm borcu qalır.

Bununla yanaşı, vətəndaşın bir evi varsa, minimal yaşayış normativinə aid kvadrat göstərilir ki, bu, onun sonuncu evi, sonuncu əmlakıdırsa, onda ona toxunmurlar. Belə humanist qərarlar da var. Ancaq o demək deyil ki, həmin bir ev villa olsun. Onu satıb, borcunu qaytarıb, kiçik evə köçə bilər. Ümumiyyətlə, düşünürəm ki, borcla bağlı bizdə daha kəskin qərarlar qəbul edilməlidir. Bütün ölkə bir-birinə borcludur.

Xaricdə belə bir amil yoxdur. Qanunvericilik borclanmanın qarsışını elə alıb ki, qorxudan heç kəs bir-birinə borclu qalmır. Bizdə qanunvericiliyin yumşaqlığından istifadə edib, hamı biri-birinə borcludur. Dolanışıq üçün bu lazımdır. Ancaq insanlar bir-birini aldatmaq metodologiyasına keçiblər”.

İqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirdi ki, bu qanun var, ancaq düzgün tətbiq olunmur:

“Məsələn, ölkədən çıxışa məhdudiyyət qoyulur. Qanuna görə, o halda məhdudiyyət qoyula bilər ki, pulu var, ancaq borcu ödəmir. Ancaq bunu yoxlamırlar, hamıya “stop” tətbiq edilir. Hər bir halda hamı bilməlidir ki, öz əmlakına görə məsuliyyət daşıyır. Əmlak yoxdursa, heç bir məsuliyyətdən söhbət gedə bilməz. Ola bilər ki, qaydalar sərtləşsin”.
Tarix: 23-02-2024, 22:10
Xəbəri paylaş





Xəbər lenti