"Səfirlərə verilən təhlükəsizliyi və toxunulmazlığı, deputata ödənilən əməkhaqqını müəllimə verməliyik" - RƏY


Orta ümumtəhsil və ali məktəblərdə tez-tez gender stereotiplərinə və qeyri-obyektiv davranışlara rast gəlmək mümkündür. Ekspertlər hesab edirlər ki, müəllimlər təkcə şagirdlərin bacarıqlarının inkişafına deyil, həm də şəxsi inkişaflarına, gələcək karyeralarına töhfə verən həssas öyrənmə mühitinin yaradılmasında gender bərabərliyinə diqqət ayırmalıdırlar. Lakin hazırkı məqamda ölkə üzrə təhsil sahəsində təkcə şagirdlər, tələbələr arasında deyil, müəllimlər arasında da gender bərabərsizliyinin artdığını görürük. Bu isə istər-istəməz oğlan şagirdlərin tərbiyəsində, onların xarakterinin formalaşmasında öz təsirini göstərir.
 
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov deyib ki, bu gün Azərbaycanın 4432 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29%-ni isə kişi müəllimlər təşkil edir: “Əslində bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Yəni hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət, ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məkətəbə qədər ancaq qadın müəllimlərin, evdə də analarının təsiri altında formalaşırlar ki, bu da onların xarakterinə təsirsiz ötüşmür. Etiraf edim ki, bu gün müəllimlərin aldığı əməkhaqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-ci illərə nəzər salsaq, görərik ki, bu rəqəm 50/50-yə vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən başlayaraq ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əməkhaqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı”.
 
Ekspertin sözlərinə görə, hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir: “Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd və rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakı şəhərindən yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər. Müəllim kimi yeni işə başlayan gənc, təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bir kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur. Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşmaları fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkələrdə ki kişilərin sayı qadınların sayından üstündür, bu, təhsilin keyfiyyətinə müsbət mənada təsir edir. Sovet hakimiyyəti  dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, Sovet hakimiyyəti  sosialist ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əməkhaqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb. Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa, dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əməkhaqqı ciddi şəkildə artırılsın. Belə halda, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əməkhaqqını sosial rifahına yönəldə bilsin. Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər 6 aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir. Bilirsiniz, müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməliyik, deputata verilən əməkhaqqını müəllimə verməliyik. Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”.
 
Mövzunun psixoloji tərəflərinə diqqət çəkən psixoloq Sevinc İsmayılova isə deyib ki, gender bərabərliyi günümüzdə tez-tez rast gəlinən məsələdir: “Bəlli sahələrə aid işlərdə kişilərin rolu daha çoxdur, lakin təhsil sahəsinə, öyrədici stimullu işlərə gəldikdə isə xanımların rolu üstünlük təşkil edir. Düşünürəm, bu bir az da qadınların təbiəti ilə əlaqəli məsələdir. Biz qadınlar daha çox öyrədici, inkişaf etdirici və bütün bunlara nəzarətedici yönümüzlə aktivik. Bu, qadının yaradılışından irəli gəlir, daha çox incə düşüncəli olduğumuza, hər şeyi zərif detallarla düşündüyümüzə və bunları ələ aldığımıza görədir. Təhsil sahəsi də belə bir sahədir. Uşaqlarımız, yeniyetmələrimiz, gənc tələbələrimiz üçün hər şeyi ən incə detalına qədər düşünməli, səbirli şəkildə öyrədici olmalıyıq. Bu da təhsil sahəsində qadınların rolunun daha çox olmasına gətirib çıxarır. Hazırda təkcə təhsil deyil, psixologiya sahəsində, pedaqoji sahələrdə də xanımların rolu genişdir. Təhsil sahəsində kişi müəllimlərin sayının az olmasının bir səbəbi də kişilərin ağır sahələrə yönəlmələridir. Kişilər idarəetmə sistemində daha fəal iştirak etməyə, əllərini ağır daşın altına qoymağa çalışırlar. Günümüzdə də ağır sahələrdə gender bərabərsizliyini görürük. Yəni bu sahələrdə kişilər daha üstünlük təşkil edirlər. Burada da rollar bölünür və sahə üzrə inkişaf edir, bu şəkildə formalaşır. Əslində, son dövrlər təhsil sahəsində də kişilərin sayında artım görə bilirik. Müasir dövrə uyğun gedən inkişaf prosesini nəzərə alaraq deyə bilərik ki, gender bərabərsizliyi bir neçə il sonra təkmilləşəcək, bərabərliyə daha yaxın şəkildə özünü əks etdirəcək. Lakin unutmayaq ki, nə qədər qadın və kişi bərabərliyini təkmilləşdirməyə, gender bərabərliyini qorumağa çalışsaq da, fiziki cəhətdən qadınların kişilərə nisbətdə zərif olmaları bəzi sahələrdə onların rolunu azaldır”.
 
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə dərc olunub.
Tarix: 25-02-2024, 09:00
Xəbəri paylaş





Xəbər lenti