İrəvan yeni müharibəyə hazırlaşır: - Paris "qollarını çırmalayıb"

İrəvan yeni müharibəyə hazırlaşır:
“Fransa Azərbaycanla Ermənistan arasında növbəti genişmiqyaslı müharibənin baş verməsində maraqlıdır”.

Bunu politoloq Elçin Xalidbəyli “Cebhe.info”-ya açıqlamasında Fransa və Hindistanın Ermənistanı sürətlə silahlandırmasının regionda yeni müharibəyə səbəb olub-olmayacağı ilə bağlı suala cavab verərkən bildirib.

O qeyd edib ki, həm Avropa İttifaqı, həm də ABŞ Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etmək üçün iki ölkə arasında növbəti müharibənin baş verməsi ehtimalına müsbət yanaşır:

“Rəsmi Parisin Ermənistanı silahlandırmaqda prinsipal məqsədi Cənubi Qafqazda yeni müharibənin bir neçə il sonra deyil, məhz yaxın aylarda baş verməsinə şərait yaratmaqdır. Yəni Fransanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı hərbi təxribatlara təhrik etməklə bölgədə ciddi toqquşmalar yaratmağı planlaşdırır.

Sözsüz ki, rəsmi Parisin hədəfi budur ki, bu toqquşmaların baş verəcəyi təqdirdə rəsmi İrəvan Fransaya hərbi yardım üçün müraciət etsin. Fransa da bundan istifadə edərək Ermənistanda öz hərbi kontegentini qurmağa çalışacaq. Bu da Fransaya Cənubi Qafqazdakı siyasi proseslərə müdaxilə etməyə imkan verəcək.

Ola bilər ki, fevralın 21-də Fransa müdafiə naziri Sebastian Lekornunun Ermənistana səfəri zamanı hər iki ölkənin müdafiə nazirlər arasında imzalanan “hərbi əməkdaşlığa dair sənədlər paketi” sazişində Azərbaycanla müharibənin baş verəcəyi halda İrəvanın hərbi yardım üçün Fransaya müraciət etməsi ilə bağlı məsələlər də əks olunub”.

Politoloqun sözlərinə görə, Moskva Azərbaycanla Ermənistan arasında növbəti müharibənin baş verməsində maraqlı deyil:

“Fransa, Avropa İttifaqı və ABŞ-dan fərqli olaraq hazırk dövrdə Rusiyaya regionda hərbi-siyasi vəziyyətin gərginləşməsi sərf etmir. Kremldə hesab edirlər ki, Ermənistan Rusiyanın təsir dairəsindədir və bu ölkədə Rusiyanı hegemoniyası daimi olmalıdır. Parisdən fərqli olaraq Moskva Azərbaycan və Ermənistanın yenidən müharibəyə cəlb olunmasında maraqlı deyil.

Hazıda Kreml İrəvanı münaqişəyə təhrik etmir. Rusiya təhrik etməyə çalışsa belə, o, öz istəyinə nail ola bilməyəcək. Çünki Ermənistan hakimiyyəti Kremli dinləmir və Rusiyadan uzaqlaşmağa çalışır. Amma bir məqamı da nəzərə alaq ki, Azərbaycanla Ermənistan arasında yeni müharibənin baş verəcəyi təqdirdə Moskva bundan istifadə etməyə çalışacaq.

Bildirim ki, Ermənistan ilə Rusiya arasında hərbi müttəfiqliyə dair anlaşma var, həmçinin Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Əgər Azərbaycanla müharibə Ermənistanın ərazisinə sıçrayarsa, Rusiya Fransanı qabaqlamaq üçün müttəfiqlik faktorundan istifadə etməklə Ermənistana əlavə hərbi kontigent göndərməyə cəhd edə bilər”.

E.Xalidbəyli bildirib ki, Paşinyan hakimiyyətinin davranışları Fransanın avantürist planlarına xidmət edir:

“Müharibənin gedişatında Fransanın Ermənistana hərbi dəstək vermək potensialı olduqca zəifdir. İrəvanda çox yaxşı başa düşürlər ki, yeni müharibə Ermənistanın siyasi sabitliyini təhlükə altına qoyacaq. Hesab edirəm ki, Fransa məqsədyönlü şəkildə Ermənistana fəlakətə sürükləyir”.

Tarix: 27-02-2024, 21:12
Xəbəri paylaş





Xəbər lenti