“Ölkəmizə narkotik gətirən bir mafiya var, arxasında isə nüfuzlu məmurlar dayanır” – SENSASİON AÇIQLAMA



Rüxsarə Novruzova: “Burada birbaşa məmurların əli var, bunu biz açıq deməliyik”
“Narkotiki ölkəmizə gətirir, cəmiyyətimizdə uşaqların evini yıxır, balalarımızı şikəst edirlər”
"Mən ən çox ailələri günahkar hesab edirəm”
"Mən narkomaniya ilə bağlı ən çox ailələri günahkar hesab edirəm. Düşünürəm ki, hər bir ailə öz uşağının narkotikə meyl etməsinin qarşısını alsa, cəmiyyətdə heç də belə bir bəla olmaz".
Bunu Bakı Pedaqoji Kollecinin müəllimi Rüxsarə Novruzova Stopnarkotik.az saytına açıqlamasında bildirib. O, hesab edir ki, valideynlər öz övladlarını hər zaman nəzarətdə saxlamalıdırlar:
“Narkomaniya bütün dünyanı bürümüş bir bəladır. Bunun qarşısının alınmasında dövlətin, cəmiyyətin rolu böyükdür. Ancaq mənə elə gəlir ki, birinci növbədə ailə bunun qarşısını almalıdır. Doğrudur, cəmiyyətin də rolu böyükdür. Ona görə ki, cəmiyyətdə formalaşır, cəmiyyətdə tərbiyə olunur. Ancaq ailədə hər bir valideyn uşağı ilə gündəlik təmasda olur, onun davranışlarına, hərəkətlərinə baxır. Birincisi, valideyn uşaqlıqdan, hələ yeniyetmə yaşına çatmadan övladı ilə bu barədə söhbətlər aparmalı, narkomaniyadan əziyyət çəkən insanların törətdiyi bəlalar haqda məlumatlar verməlidir ki, uşaqlar bunun necə bir bəla olduğunu görsünlər və ondan uzaq dursunlar.
Oğlan uşaqlarını ailələr bəzən çox sərbəst buraxırlar. Fikirləşirlər ki, oğlandır da, nə olacaq?! Nə vaxt getdi, hara getdi, nə vaxt gəldi, kiminlə oturub-durur, ona nəzarət etmirlər. Məncə, bu, çox yanlış addımdır, əksinə, oğlanların üzərində daha çox nəzarət olmalıdır. Çünki onlar yeniyetməlik yaşına çatanda daha çox təsir altına düşürlər. Bəzi əxlaqi cəhətdən düz olmayan, səfil həyatı keçirməyə alışmış uşaqların əhatəsində olanda artıq onların təsiri bunlara da keçməyə başlayır. Ona görə, hər bir valideyn gündəlik uşağının hardan gəlib, hara getməsinə, onun davranışına nəzarət etməlidir.
Necə ola bilər ki, uşaq narkotik qəbul etsin, valideyn bunu bilməsin?! Hətta uşaq bir balaca nasaz olanda, kefi olmayanda dəqiq hiss edirsən ki, bu gün bunda başqa əhval-ruhiyyə var. Ona görə də valideyn övladı ilə çox ciddi məşğul olmalı, ona ciddi nəzarət etməlidir. Mənə elə gəlir ki, əgər ailədə nəzarət güclü olarsa, valideyn uşağıyla daha çox təmasda olarsa, zamanında ona hər şeyi daha düzgün izah edərsə, belə şeylər də olmaz.
Biri var ki, hər bir valideyn uşağına nəzarət etsin, tərbiyəsi ilə məşğul olsun, biri də var, bütöv cəmiyyət yüzlərlə, minlərlə uşaqla məşğul olsun. Cəmiyyətdə narkomaniyanın qarşısını almaq çətindir. Ancaq ailə daxilində bu, o qədər də çətin bir məsələ deyil, uşağı düzgün yetişdirsən, düzgün tərbiyə etsən, onun hər bir addımına nəzarət etsən, pis yollara düşməz.
Bir də, narkotik elə ucuz olan bir şey deyil. Uşaq bunu hardan alır ki, belə əyri yollara düşür?! Bəzən valideyn uşağına həddindən artıq pul verir, o da bilmir ki, pulunu hara xərcləsin, gedib narkotik alır. Ona görə, mən ən çox ailəni günahkar bilirəm və hesab edirəm ki, hər bir valideyn öz uşağının narkotikə meyl etməsinin qarşısını alsa, cəmiyyətdə heç də belə bəlalar olmaz”.
“Bu mallar havadan gəlmir ki…”
Rüxsarə Novruzova deyir ki, maarifləndirici məsələlər ilk növbədə ailənin üzərinə düşürsə, narkotikin yayılmasına görə aidiyyəti qurumlar cavabdehdir: “Düzdür, cəmiyyətimizdə narkotiklərin qanunsuz dövriyyəsinə, narkomaniyaya qarşı mübarizə aparılır. Bütün bunlara baxmayaraq, yenə də narkomanların sayı həddindən artıqdır. Mənə elə gəlir ki, burda məsuliyyət dövlətin üzərinə düşür. Maarifləndirici məsələlər ailənin üzərinə düşürsə, narkotikin yayılmasına görə aidiyyəti qurumlar cavabdehdir. Sərhəddən keçəndə, gömrükdə yoxlamalar nə üçündür?! Ən böyük bəlamız ondan ibarətdir kisərhəddən narkotikin maneəsiz keçirilməsi üçün rüşvət alırlar. Bu mallar havadan gəlmir ki. Sərhəddən keçirilir də. Ona görə də, sərhədə ciddi nəzarət olunmalıdır. Sərhəd və gömrük xidmətinin işçilərinə cəza tədbirləri tətbiq edilməlidir ki, narkotiklərin ölkəmizə gəlib çıxmasına yol verməsinlər. Bunu gizlin keçirmək yolu yoxdur. Əgər ölkəyə narkotik daxil olursa, o deməkdir ki, ya sərhəd, ya da gömrük işçilərinin əliylə daxil olub, yəni onlara verilən rüşvətlə. Deməli, burada birbaşa məmurların əli var. Bunu biz açıq deməliyik, burda gizli heç bir şey yoxdur. Müəyyən mənfəət gözləyən, qazanc götürmək istəyən, varlanmaq istəyən adamlar narkotiki ölkəmizə gətirir, cəmiyyətimizdə uşaqların evini yıxır, balalarımızı şikəst edirlər. Ən böyük günah onlarındır. Ona görə də onlara cəza tətbiqi təyin edilməlidir”.
“Ölkəyə narkotik gətirən insanlara ən ağır cəza verilməlidir”
Bakı Pedaqoji Kollecinin müəllimi hesab edir ki, bütün bunlarla yanaşı, narkoticarətlə məşğul olan şəxslərə də ağır cəza verilməlidir: “Ölkəyə narkotik gətirən insanlara ən ağır cəza verilməlidir. Çünki, narkotik əldə etmək mümkün olmasa, bu, necə yayıla bilər?! Ona görə, ölkəyə narkotik gətirən insanlara hətta adam öldürəndən də ağır cəza verilməlidir. Eyni zamanda, ölkə ərazisində narkotik tərkibli bitkilər əkilirsə, bunun qarşısı alınmalıdır. İndi biz bunu böyük bəla hesab edirik. Ancaq bunun qarşısını almaq çox sadədir. Unutmayaq ki, adi adamlar heç vaxt ölkəyə narkotik gətirə bilməzlər. Bunu gətirən bir mafiya var, arxasında isə nüfuzlu məmurlar, şəxslər dayanır. Ona görə də birinci onlardan başlamaq lazımdır. Hamı da yaxşı bilir ki, bunlar kimdir, kimlər bu işlərlə məşğul olur”.
“Burda televiziyanın da rolu böyükdür…”
R.Novruzova bildirir ki, hər hansı narkoman nəinki öz həyatını, eləcə də ətrafını, ailəsini məhv edir: “Ona görə də onlarla mübarizəyə nüfuzlu şəxslərin, tanınmış alimlərin, jurnalistlərin, müğənnilərin qoşulması vacibdir. Narkomaniyaya təkcə uşaqlar, gənclər qoşulmur ki. Narkomanların içində orta yaşlı, ahıl adamlar da var. Yəni onların hər birinin həyatında sevdiyi biri - müğənni, yazıçı və s. pərəstiş etdiyi insan olur. Belə insanlar həmin şəxsə təsir göstərə bilər.
Amma çox təəssüflər olsun ki, bəzən məşhurların arasından da narkotikə meyllilik çoxdur. Ancaq onların təbliğatı, onların bu sahədə maarifçilik işləri aparması mənə elə gəlir ki, çox müsbət rol oynayar. Burda televiziyanın da rolu böyükdür. Televiziyada bu haqda tez-tez verilişlər verilsə, onun fəsadları barədə danışılsa, narkotik istifadə edən şəxslərin özlərini necə aparması, necə acınacaqlı, bəzən gülüş doğuran hala düşməsini göstərsələr mənə elə gəlir ki, gənclər bunu görər, belə şeylərə meyl etməzlər”.
Tarix: 26-07-2024, 23:15
Xəbəri paylaş





Xəbər lenti