Provayderlərin UCUZ YALANI... - Bahalı internetin modemlə əlaqəsi yoxdur

Provayderlərin UCUZ YALANI...
Bir müddətdir ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.

GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Tarif üzrə sürət dəyişsə də, vətəndaş etirazları səngimək bilmir.

İstifadəçilər qiymət dəyişikliyindən sonra internetin sürətinin azaldığından şikayətlənirlər. Eyni zamanda bildirilir ki, 100 mb/s internet üçün 5G-ni dəstəkləyən modem isə provayderlər tərəfindən hələ də verilmir. Məsələ ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, son günlər ölkədə internetlə bağlı şikayətlər sosial şəbəkələrdə daha çox müşahidə olunur:

"Burada bir neçə texniki səbəbdən danışmaq olar. Öncə qeyd edim ki, internet limitlərinin 40 Mbit/s-dən 100 Mbit/s-yə artırılmasından sonra kütləvi şəkildə şikayətlər səslənir. Bu şikayətlər təbiidir. Çünki çox sayda modem köhnədir. Onların 100 Mbit/s-ni dəstəkləməməsi ehtimaldır.

Modemlərin yeni tarifə uyğun 100 Mbit/s interneti dəstəkləmələri üçün tənzimləmələrə ehtiyac var. Qeyd edim ki, 5G-nin modem texnologiyası ilə əlaqəsi yoxdur. 5G birbaşa mobil operatorlarla əlaqəlidir".

O qeyd edib ki, provayderin özündən qaynaqlanan problemlərin olması da istisna edilmir:

"Bütün bu səbəblərin fonunda hər bir halda texniki baxış keçirilməlidir. Sosial müşahidələrimizin bəzilərində texniki olaraq bilmədiyimiz bir çox səbəblər var.

İstifadəçilər deyirlər ki, əvvəl internet hətta məhlədə də tuturdu, qiymət artımından sonra isə sürət zəifləyib. Ümumiyyətlə, modemdən internet kabelini ayırsaq və internet olmadan modemi işlək hala gətirsək, görərik ki, ötürücünün içində internet olmasa da, ötürmə radiusu dəyişmir. Yəni modemin “vay-fay” siqnallarının içindəki internetlə əlaqəsi yoxdur. Bunun kimi bir çox səbəblər olduğu üçün texniki müstəvidə baxış keçirilməlidir.

Ümumiyyətlə, istifadəçilərin internet xəttini kompüterə qoşaraq “Speedtest” ilə yoxlama etməsi yaxşı olar".
Tarix: 12-09-2024, 08:31
Xəbəri paylaş





Xəbər lenti