19 sentyabr antiterror əməliyyatları zamanı şəhid olan Kənan Ağayevin il mərasimi keçirilib


Oğuz rayonunda keçirilən il mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
Müstəqim Məmmədov, Oğuz Rayon İcra Hakimiyyətinin başçı Cavid Əbdul-Qədirov,
Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar
Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin
rəisi Pərviz Hüseynov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər
Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar,
ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət edilərək üzərinə gül-çiçək dəstələri düzülüb. Tərtər
Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
şəhidin keçdiyi döyüş yolundan danışıb, onun qısa, lakin mənalı ömür yolunun gənclərə
vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix
yazan torpağı Vətənə çevirən Azərbaycanın Kənan kimi oğullarının unudulmadığını
bildirib.
Sonra 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterror
əməliyyatından danışan icra başçısı torpaqlarımızın suverenliyi uğrunda canından
keçən şəhidlərə Ulu Tanrıdan rəhmət diləyərək, şəhid ailələrinə səbr, dözüm arzulayıb.
Rayon rəhbəri bildirib ki, xalqımız tarixinin ən mühüm və qürurlu səhifələrindən birinin -
ötən il 19-20 sentyabr tarixində Qarabağda həyata keçirilən antiterror tədbirləri
nəticəsində qazanılan əzəmətli Qələbənin ildönümünü sevinc və coşqu ilə qeyd edir. Bu
əməliyyat Ali Baş Komandan İlham Əliyevin ali sərkərdəlik keyfiyyətlərini, Azərbaycan
Ordusunun gücünü, peşəkar səviyyəsini, qələbə əzmini bütün dünyaya göstərdi.
Rayon rəhbəri respubluka prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə
sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi, eyni
tarixli digər sərəncamı ilə “20 sentyabr–Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri
günü”nün təsis edildiyini bildirərək, ölkə rəhbərinin bu qürurverici günlərdə işğaldan
azad edilmiş ərazilərdə-mədəniyyət mərkəzimiz olan Şuşada Bayraq Meydanının
açılışında, Üzeyir Hacıbəyovun təmirdən sonra ev muzeyində, Xankəndində Qarabağ
Universitetində, tələbə yataqxanasında, işğaldan azad olunmuş ərazilərdə aparılan
tikinti abadlıq işləri ilə tanış olmasından da danışıb.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət
keçən əsgəri Ağayev Kənan Vahid oğlu 2002-ci il sentyabr ayının 9-da Oğuz rayonunun
Xalxal kəndində anadan olub, əslən Ağdərə rayonunun Çardaqlı kəndindəndir.
2023-cü il sentyabr ayının 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli
antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Oğuz rayonunun Xalxal kənd
qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Ağayev Kənan Vahid oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif
edilib.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 21-09-2024, 22:35
Xəbəri paylaş





Xəbər lenti