Namus üstündə qətl törədən bankirdən şok ifadə

Namus üstündə qətl törədən bankirdən şok ifadə Ömürlük azadlıqdan mərhum edilən Zaur Tərlanov qətlə yetirdiyi qardaşları nədə günahlandırdı?


Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə “Bank Standart”ın işçisi Zaur Tərlanovun apelyasiya şikayəti üzrə proses yekunlaşıb. Məhkəmə Z.Tərlanov barəsində birinci instansiya məhkəməsinin çıxardığı ömürlük həbs cəzasını qüvvədə saxlayıb. Bu, Z.Tərlanovun yaxınlarının, vəkili Vüqar Xasayevin kəskin etirazına səbəb olub.



Onlar deyirlər ki, namus üstündə baş vermiş hadisəyə görə təyin edilən cəza həddən artıq ağırdır. Birinci məhkəmə imstansiyasının olduğu kimi, Bakı Apelyasiya Məhkəməsində də qətldən əvvəl və sonra baş verənlər araşdırılmayıb. Belə ki, hadisə baş verən gün Sahil qəsəbəsindəki kafedən Rəhimov qardaşları çoxsaylı şahidlərin gözü qarşısında ana-bacı söyüsu ilə təhqir etməklə zorla çıxarıblar. Onu qəsəbənin kənarına, məişət tullantıları olan əraziyə aparıblar. Yaranmış mübahisə zamanı Zaur Tərlanov özünü zəruri müdafiə edib. Hadisədən dərhal sonra da Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinə gedərək könüllü təslim olub.


Müdafiəçi Vüqar Xasayev bildirir ki, hadisə namus üstundə baş verib. Belə ki, Cavid Rəhimov Zaur Tərlanovun evinə girərək həyat yoldaşı Xanım Aslanovaya təcavüz edib. Müdafiəçinin sözlərinə görə, apelyasiya instansiyasında 1-ci instansiya məhkəməsində araşdırılmamış dəlil və sübutların araşdırılması üçün məhkəmənin qismən istintaqla keçirilməsinin təmin edilməsi üçün vəsatət verib. Həqiqətin üzə çıxması üçün dövlət ittihamçısı Ceyhun Budaqov həmin vəsatətlərin təmin edilməsini vacib sayıb. Buna baxmayaraq, hakim Əflatun Qasımov məhkəmənin qismən istintaqla keçirilməsinin zəruri olduğu halda, vəsatəti təmin etməyib.


Bundan başqa, hakim Zaur Tərlanovun müdafiəçisi Vüqar Xasayevin çıxış etməsinə belə şərait yaratmayıb. Hökmün qüvvədə qalmasını elan edərək məhkəməni tez-bazar yekunlaşdırıb. Halbuki məhkumun 3 müdafiəçisi olub. Onların müdafiə çıxışlarını belə dinləmədən ilkin məhkəmə instansiyasının hökmü qüvvədə saxlanılıb. Zaur Tərlanovun müdafiəçisi və dövlət ittihamçısı məhkəmənin istintaqla aparılmasını xahiş edirlərsə, hakim niyə bu xahişi nəzərə almır? Z.Tərlanovun yaxınları iddia edirlər ki, hakim Əflatun Qasımova və Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nagiyevə hökmün qüvvədə qalması tapşırılıb. Onlar da tapşırığa əməl ediblər.


Yada salaq ki, Z.Tərlanov 2015-ci il yanvarın 8-də axşam saatlarında Sahil qəsəbəsində 1985-ci il təvəllüdlü Cahid və 1980-ci il təvəllüdlü Cavid Rəhimovlarla uzun çəkişmədən sonra onlara odlu silahdan atəş açmışdı. Qardaşlar hadisə yerində dünyalarını dəyişmişdi. Baş vermiş olaydan əvvəl Rəhimov qardaşları Zaur Tərlanova, onun ailə üzvlərinə qarşı son dərəcə qanunsuz addımlar atıblar. Z.Tərlanov təqib və təzyiqlərdən yayınmaq üçün yaşadığı ünvanı aylarla tərk etməli olub. Yaşadığı qəsəbəyə qayıtdıqdan sonra isə belə bir ağır cinayət baş verib. 2 qardaşın ölümünə səbəb olan olayın səbəbləri haqda Z.Tərlanov Bakı Apelyasiya Məhkəməsinə yazdığı şikayətdə son dərəcə ilginc məqamlar yer alıb. Belə aydın olur ki, məlum qətldən aylar əvvəl qardaşlar Z.Tərlanovun evinə basqın ediblər, onun 34 min manatını ələ keçiriblər. Bundan başqa, həyat yoldaşına təcavüz olunub.


Z.Tərlanov hakim Ə.Qasımova barəsindəki hökmün bütövlükdə yalanlar üstündə qurulması haqda geniş çıxış da təqdim edib. Qeyd edib ki, ona qarşı baş verən qanunsuz əməllərin arxasında Rəhimovların anası Niyar Rəhimova dayanıb. Hakimə təqdim olunan çıxışdan sitat:


“Bu əməlləri ilə də hamıya sübut edir ki, əsl müqəssir, günahkar məhz ”müqəddəs ana" adını daşıyan Niyar Rəhimova özüdür. Niyar Rəhimovanın mütəşəkkil bir dəstə yaratdığı və bu dəstəyə birbaşa rəhbərlik etməsi, cinayət işi materiallarında, fonoskopik ekspertiza rəyində, telefon danışıqlarında, SMS yazışmalarında, cinayətkar dəstənin üzvlərinin verdikləri ifadələrdə də öz təsdiqini tapıb. Lakin məhkəmə bu faktların, sübutların heç birinə hüquqi qiymət vermədi. Dəfələrlə məhkəmə istintaqı zamanı Cavidin üzərindən çıxan 6 ədəd patronu əsas götürərək, onların silahı olmağı ilə bağlı araşdırma aparılmasını və yenidən hüquqi qiymət verilməsini xahiş etsəm də, məhkəmə bu sübutlara heç bir əhəmiyyət vermədi. Mənim 2-ci, 3-cü atəşi qarşı tərəfin silahı mənə tərəf tuşlayıb, “səni öldürəcəyəm” deməsindən sonra, özünümüdafiə zəminində açdığımı protokolda qeyd etmədilər. Bəs niyə mən onların ölümünə səbəb oldum? Bu sualların cavabı xüsusilə məhkəmə fonoskopik ekspertiza rəyində tam əks olunur. 1-ci instansiya məhkəməsi bu faktlara əsasən aramızda olan ədavəti, düşmənçiliyi təsdiqləyir, lakin hansı motiv əsasında törədildiyini müəyyən etmir, heç bir hüquqi qiymət vermir. Hökm bütövlükdə yalan üstündə qurulub".


Z.Tərlanovun yaxınları bildiriblər ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.


E.HÜSEYNOV
Tarix: 8-05-2017, 09:30
Xəbəri paylaş





Xəbər lenti