Qeyri-rəsmi ər-arvad kimi yaşadığı qadının qardaşını niyə öldürdü? - TƏFƏRRÜAT

Qeyri-rəsmi ər-arvad kimi yaşadığı qadının qardaşını niyə öldürdü? - TƏFƏRRÜAT Qaynını öldürən şəxsin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxs və hadisənin şahidləri ifadə verib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi münasibətdə olduğu qadının qardaşı Rövşən Cəfərovu qətlə yetirməkdə təqsirləndirilən Təhmasib Fərəcovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Faiq Qəniyev sədrlik edib.


Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktında qeyd edilir ki, Təhmasib Fərəcov qeyri-rəsmi münasibətdə olduğu Mahirə Cəfərovanın qardaşı Rövşən Cəfərovu aralarında yaranmış mübahisəyə görə öldürüb. Tərəflər arasında mübahisə isə suqızdırıcı üstündə olub. Belə ki, Rövşən Cəfərovun Təhmasib Fərəcovdan aldığı suqızdırıcı işləmədiyi üçün dəfələrlə mübahisə ediblər. Cinayət hadisəsi Mahirə Cəfərova və Təhmasib Fərəcovun kirayədə yaşadığı evdə baş verib. T.Fərəcov törətdiyi əmələ görə özünü qismən təqsirli bilib.

"Mahirə ilə ər-arvad kimi yaşamışıq. Qardaşları ilə də münasibətlərimiz yaxşı olub. Yaxşı gündə, pis gündə bir-birimizə dayaq olmuşuq. Mən ona suqızdırıcısı satmışdım. Gəlib dedi ki, işləmir. Mən də usta adamam. Dedim ki, gəl evimdəki suqızdırıcısını apar, mən özümünkünü düzəldərəm. Mübahisə edəndə söyüş söydü. Mən də özümdə olmadım. Ona iki dəfə xəbərdarlıq etdim ki, çıxıb getsin. Amma davam etdi. Mən də yan otağa girib tort kəsilən bıçağı götürüb, üstünə gəldim. Qorxutdum ki, getsin. Üstünə gedəndə yenə söyüş söydü. Mən də vurdum. Sonra Rövşən qaçıb getdi. Mən də bıçağı dəhlizdə Mahirəyə verib dedim ki, deyəsən, qardaşını vurdum. Dedim ki, zəng elə görək hanı? Yarım saat sonra zəng edəndə Rövşənin telefonuna polis cavab berdi. Məni 34-cü polis bölməsinə çağırdılar. Gedib günahımı etiraf etdim" - deyə təqdirləndirilən Təhmasib Fərəcov sərbəst ifadəsində bildirib.

Məhkəmədə məlum olub ki, Təhmasib Fərəcov və Mahirə Cəfərova əvvəl ailəli olublar və hər ikisi sonra boşanıblar. Prokurorun sualına cavab olaraq T.Fərəcov iki ildən artıq birlikdə yaşadıqları halda rəsmi nigaha girməmələrinin səbəbini belə izah edib: "İkimiz də boşanmışdıq. Amma Mahirə soy adını dəyişməli idi. Sonra da onun şəxsiyyət vəsiqəsinin vaxtı keçmişdi. Şəxsiyyət vəsiqəsini də dəyişmək üçün rayona getdik. Şəxsiyyət vəsiqəsini aldıq. Nigaha düşəcəkdik".

Təqsirləndirilən Təhmasib Cəfərov ona qarşı irəli sürülən ittihamın ağırlığı ilə razılaşmayıb və deyib ki, nə mərhuma, nə də öz həyat yoldaşına əzab vermək niyyəti olmayıb: "Kim öz ailəsinə əzab vermək istəyər? Mənim onu öldürmək niyyətim olmayıb. Amma hadisə təəssüf ki, belə oldu. Mən bu hadisəyə görə it kimi peşimanam. Öz uşaqlarımı, ailəmi, onun da ailəsini başsız qoydum".

Bu iş üzrə hüquqi varis kimi tanınan mərhumun həyat yoldaşı Şahnaz Cəfərova T.Fərəcova sual verib: "Təhmasib, sən bilirsən ki, mən sənin xətrini necə çox istəyirdim. Axı niyə öldürürdün? Uşağı var idi, axı. Heç olmasa şikəst edərdin, yaralayardın".

Təhmasib Fərəcov cavabında peşman olduğunu bir daha qeyd edib: "Mən də sizin xətrinizi çox istəmişəm. Amma hadisədir, istəmədən oldu".

Daha sonra Şahnaz Cəfərova məhkəmədə sərbəst ifadə verib. O, hadisənin baş vermə səbəbi haqda bunları deyib: "Heç vaxt aralarında problem olmayıb. Son bir neçə gündə suqızdırıcı üstündə mübahisə edirdilər. Təhmasibin quraşdırdığı suqızdırıcı işləmirdi. İsti su olmadığı üçün Rövşən də əsəbləşirdi. Dəfələrlə buna görə mübahisələri olub. Evdə olan davadan və bıçaqlamadan isə xəbərim yoxdur".

Mərhumun bacısı, təqsirləndirilən şəxsin qeyri-rəsmi nigahda yaşadığı Mahirə Cəfərova da məhkəmədə şahid qismində ifadə verib. Mahirə Cəfərova da qətlin baş vermə səbəbi kimi suqızdırıcı üstündə başlayan narazılığı göstərib: "Səbəb suqızdırıcı üstündə olan mübahisə idi. Qardaşım Rövşən dəfələrlə Təhmasibə deyirdi ki, gəl suqızdırıcını düzəlt. Təhmasib də hər dəfə bir bəhanə ilə uzadırdı. Evdə olanda qardaşımla mübahisə etdilər. Birinci söyüşü qardaşım söydü. Amma Təhmasib onu qıcıqlandırırdı. Deyirdi ki, səni tutduracam. Mən tez böyük qardaşıma zəng elədim. Dedim ki, bunlar dalaşır, gəl. Sonra Təhmasib otaqdan bıçaq götürüb qardaşıma tərəf qaçdı. Mən də qışqırdım ki, ay Allah başıma daş düşdü. Mən yalvardım ki, vurmasın. Sonra bıçağı gətirdi ki, Rövşəni vurdum. Mən o vaxta qədər qardaşımın bəçaqlandığını bilmirdim".

Mahirə Cəfərova həbs edilən ərinin ona qarşı heç vaxt zor tətbiq etmədiyini də suallara cavab verərkən deyib. O, Təhmasib Fərəcov tərəfindən heç vaxt döyülmədiyini, işgəncə görmədiyini və təhqir edilmədiyini deyib. Mahirə Cəfərova da T.Fərəcovun bütün qohumları ilə yaxşı münasibətdə olduğunu təsdiqləyib.

Növbəti məhkəmə prosesi mayın 18-nə təyin edilib. Qeyd edək ki, təqsirləndirilən Təhmasib Fərəcovun ilk nigahından iki uşağı var. Fərəcov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qətl törətmək) maddəsi ilə təqsirli bilinir.

İ.Muradov
Tarix: 11-05-2017, 14:52
Xəbəri paylaş





Xəbər lenti