Laçınlı məcburi köçkün özünü yandırdı- O, POLİS RƏİSİ ADİL ƏSƏDOVUN ƏMƏLLƏRİNƏ ETİRAZ OLARAQ BU ADDIMI ATIB

Laçınlı məcburi köçkün özünü yandırdı- O, POLİS RƏİSİ ADİL ƏSƏDOVUN ƏMƏLLƏRİNƏ ETİRAZ OLARAQ BU ADDIMI ATIB Torpaqlarımızın 20 faizinin erməni faşistləri tərəfindən işğal olunması bir milyondan çox qaçqın və məcburi köçkünü ciddi problemlərlə üz-üzə qoyub. Ölkəmizin müxtəlif bölgələrində, çadır şəhərciklərində ağır sosial durumda yaşamağa məhkum olan bu insanlar tezliklə dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olundu. Azərbaycan dövləti öz vətəndaşlarını bu ağır vəziyyətdən çıxarmaq üçün davamlı tədbirlər həyata keçirməyə başladı.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də problemin həllini hər an diqqət mərkəzində saxlayaraq, çadır şəhərciklərinin ləğv olunmasına, müxtəlif bölgələrdə məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələrin inşa olunmasına göstəriş verdi. Layihələr uğurla davam etdirilir. Prezident İlham Əliyev mütəmadi olaraq bu tip qəsəbələrin açılışında iştirak edir, məcburi köçkünlərlə görüşür, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlərlə bağlı məlumatlar verir. Lakin bununla belə məcburi köçkünlərin problemləri bəzi məmurların diqqətsizliyi nəticəsində ilbəil artır.
Gununsesi.info-ya müraciət edən Laçın rayonu, Kalafalıq kənd sakini 1-ci qrup əlil Sarıyev Ədalət Dərgah oğlunun da şikayəti məmurlardandır.
Beləliklə, Ədalət Sarıyevin məktubunu olduğu kimi təqdim edirik.
“Hörmətli redaksiya, nəzərinizə çatdırım ki, mən Laçın rayonundan məcburi köçkünəm. Hazırda Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində Vağazin obasında məskunlaşmışam. Yaşayış şəraitim çox ağırdır. 1-ci qrup əliləm. Xəstəliyimə görə dəfələrlə Bakıda, Ukraynada, İranda müalicədə olunmuşam. Sonuncu dəfə qohum-əqrabadan borc-xərc edib 2400 manat düzəldərək, müalicə üçün Bakıya getdim. Bakıda Alatava qəsəbəsində xəstəliyimdən istifadə edib pulumu oğurladılar.
Şikayət üçün 29-cu polis bölməsinə getdim. Polis əməkdaşları Rasim və Səbuhi adlı şəxslər şikayətimə baxmaq əvəzinə, məni döydülər. Çox ağır vəziyyətdə rayona qayıtdım. Bəlkə bir kömək edər deyə, Laçın rayonun yeni təyin olunan rəisi Adil Əsədovun qəbuluna getdim. Dərdimi ona danışdım. Amma Adil Əsədov da mənə heç bir köməklik etmədi. Bir müddət sonra bacımın köməkliyi ilə ikinci dəfə yenə onun qəbuluna getdim. Amma Adil Əsədov bizi qəbul etmədi. Cənab nazir Ramil Usubovun Bərdəyə gələcəyini, orada vətəndaşları qəbul edəcəyindən xəbər tutdum. Heç vaxt yadımdan çıxmaz, rəhmətlik Heydər Əliyev demişdi ki, Ramil Usubova inanıram. Mən də cənab nazirə inanıram. Ona görə də qərara gəldim ki, gedim dərdimi nazirə danışım, bəlkə o mənim dərdimə bir çarə edər. Lakin bu yerdə deyərlər, sən saydığını say, gör, Adil Əsədov nə sayır.
Bərdəyə Ramil Usubovun qəbuluna gedəcəyimdən xəbər tutan Laçın Rayon Polis Şöbəsinin rəisi Adil Əsədov məni yaşadığım Vağazin obasından kənara çıxmağa qoymadı. Polislərini töküb mənə və əlil olan digər ailə üzvülərimə, bacılarım Sarıyeva Raya və Sarıyeva Sürəyyaya, həyat yoldaşım Məmmədova Rənaya qarşı zor tətbiq etdilər. Yolumuzu kəsib Bərdəyə getməyə və nazirin qəbuluna düşməyimizə imkan vermədilər. Adil Əsədovun rayona rəis təyin edildiyi heç 2 ay olmayıb. Amma rayonun köçkün əhalisi onun əlindən cana gəlib.
Qarabağ müharibəsi zamanı keçdiyi döyüş yolu və verdiyi şəhidləriylə Laçın polisi adını tarixə qəhrəman polis kimi yazdırıb. Lakin Adil Əsədov laçinlı polislərin şərəfli adına ləkə gətirir. Polislərlə camaatı üz-üzə qoyur. Onun çirkin əməllərinə alət olmamaq üçün müharibə vaxtından polisdə çalışan 10-15 nəfər polis işçisi ərizələrini verərək işdən çıxıblar. Mən sizdən xahiş edirəm ki, mənim haqq səsimi ictimaiyyətə və cənab nazir Ramil Usubova çatdırın.
Hörmətlə,
Laçın rayonu, Kalafalıq kənd sakini 1-ci qrup əlil Sarıyev Ədalət Dərgah oğlu”.
P.S. Bu dəqiqələrdə şikayətçinin yaxınları redakiyamıza zəng edib Ədalət Sariyevin Laçın Rayon Polis Şöbəsinin rəisi Adil Əsədovun ona qarşı etdiklərinə etiraz olaraq özünü yandırdığını bildirdilər.

Gülnaz Qənbərli
Tarix: 1-06-2017, 15:44
Xəbəri paylaş





Xəbər lenti