Ağsaqqalın Qax səfəri: narkotik plantasiyası, 23 kilo marixuana


Şimal rayonlarından birinə yas mərasiminə yollanan ağsaqqal yolunu həm də kənddəki meşəlikdən salır. Narkotik aludəçisi olduğundan, yabanı halda bitən marixuana kolları diqqətini cəlb edir. Kolların üstündəki yarpaqları kəsib torbaya qablaşdırır və satmaq üçün paytaxta gətirir. Amma...

Bakı Ağır Cinayətlər Məhkəməsində 69 yaşlı Bakı şəhər sakini Əhməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org-un xəbərinə görə, Əhməd Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polisə məlumat daxil olub. Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Ə.Məmmədovun əlindəki çantadan 23 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Törətdiyi cinayət əməlinə görə Ə.Məmmədova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Ə.Məmmədov ifadəsində “Papanin”də kirayədə yaşadığını, əvvəllər məhkum edilmədiyini, 15 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə etdiyini göstərib. Qax rayonunda yaşayan qohumunun hüzr yerinə yollanan Ə.Məmmədov Bakıya əliboş qayıtmayıb. Yas mərasimi ərəfəsində rayonda qonaq qalan Ə.Məmmədov yolunu Zərnə kəndindəki meşəlikdən salıb. Tək-tənha meşəliyi dolaşarkən gözü yerdəki qurumuş kollara sataşıb: “Ətrafda kimsə yox idi. Yarpaqlarının bir neçəsini dərib siqaretə doldurub çəkdim, xoşuma gəldi. Ona görə də, kolun yarpaqlarını yığıb özümlə Bakıya aparıb satmaq qərarına gəldim. Maddi vəziyyətim çox ağır idi, işləmirdim, satıb pul əldə etmək fikrim vardı. Ona görə də, marixuana kolunun yarpaqlarını dərib torbaya doldurdum”.

Narkotik kollarının yarpaqlarını iri kisəyə yığan Ə.Məmmədov meşədən çıxaraq birbaş Qax avtovağzalına gəlib. Bakıya yola düşsə də, özü ilə daşıdığı “yükü” mənzil başına çatdıra bilməyib: “Vağzalda avtobusdan düşüb, “Papanin”ə getmək üçün dayanacağa gəldim. Elə bu vaxt mülki geyimli şəxslər yaxınlaşaraq polis bölməsinə getməyi təklif etdilər”.

Şahid qismində dindirilən polis kapitanı Vüqar Əhmədov ifadəsində Əhməd Məmmədovun mütəmadi olaraq Yasamal rayonu ərazisində narkotik vasitələr əldə etməsi, qəbulu ilə məşğul olması haqda polisə məlumat daxil olduğunu göstərib: “Bu məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün əməliyyat qrupu yaradıldı. Yasamal rayonu ərazisində Əhməd Məmmədova oxşar şəxs saxlanıldı. Hal şahidlərinin iştirakı ilə bölməyə dəvət olundu, üzərinə baxış keçirildi. Əlindəki göy rəngli torbanın içərisindən marixuanaya bənzər kütlə aşkarlandı. Sorğu zamanı Əhməd Məmmədov dedi ki, marixuananın yabanı şəkildə meşədə bitdiyini görüb, kəsib torbaya yığıb, maddi vəziyyəti ağır olduğuna görə Bakıya gətirib satmaq istəyib”.

Tarix: 9-06-2018, 13:39
Xəbəri paylaş





Xəbər lenti