Uşaq bağçasındakı zorakılıq Milli Məclisin gündəmində: "Bu hadisə İsrail, Fransa kimi ölkələrdə olsaydı..." - VİDEO


Fazil Mustafa: “Özü-özünü tərbiyyə edə bilməyən şəxsə o boyda təhsil müəssisəsini necə həvalə etmək olar?”

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycanda məktəblərdə hamilə qadınlar sertifikasiyadan keçirilməyəcəklər.

Layihə barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Bildirib ki, dəyişiklik layihəsinə əsasən, məcəlləyə yeni - 67.2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur.

Maddəyə əsasən, hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.

İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Deputat Fazil Mustafa iclasda çıxış edərkən diqqəti Bakıdakı uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara qarşı zorakılığına yönəldib və belə hallara qarşı sərt tədbirlər görməyə çağırıb: “Kids Studio" Uşaq Mərkəzində uşaqlara qarşı zorakılıq faktının olması ilə bağlı mətbuatda məlumatlar yayılıb. Bu hadisə İsraildə, Fransada və s. ölkələrdə olsaydı, cəmiyyət yerindən titrəyərdi. Ancaq bizdə rəsmi şəkildə hələ bir açıqlama verilməyib. Bəlkə bu, təxribatdır, Azərbaycanda baş verməyib? Həmin bağçanın ünvanına kimi göstərilib. O tərbiyyəçinin etdiyi hərəkətlər qətiyyən yolverilməzdir”.

Deputat bildirib ki, bağçada tərbiyyəçi olan adamın harada hazırlanması çox önəmlidir: “Özünün normal ailə düzəni olmayan insanın bağça, məktəb rəhbərliyinə gətirilməsi yolverilməzdir. Özü-özünü tərbiyyə edə bilməyən şəxsə o boyda təhsil müəssisəsini necə həvalə etmək olar? Azərbaycanda onlarla belə nümunə var. Axı, o uşaqlar bizim gələcəyimizdir. Təhsil müəssisələrinə götürülən insanların psixoloji hazırlığı məsələsinə baxılmalıdır. Mən sizə deyim ki, Yaponiyada bütün uşaq bağçalarındakı müəllimlər kişilərdir. Qadınlar məktəb və bağçalara işə götürülmür. Mən bilmirəm ki, bunun səbəbi nədir. Yəqin ki, onlar ciddi bir araşdırma apardıqdan sonra belə bir qərara gəliblər ki, bağça tərbiyyəsi məhz kişilərə həvalə olunmalıdır. Bəlkə biz də bu istiqamətdə sosioloji araşdırmalar aparaq, işlər görək?"

F.Mustafa deyib ki, özəl və dövlət bağçalarında uşaqlara qarşı zorakılıqlar yolverilməzdir: “Biz bu məsələyə həssas münasibətimizi bildirməliyik” .

Spiker Oqtay Əsədov deputatın fikirlərinə reaksiya verib: “Azərbaycanda bağçalarda işləmək üçün ixtisaslar var. Amma siz dediyiniz məsələ başqa məsələdir. Onunla bağlı araşdırmalar aparılır”.

E.PAŞASOY,
Musavat.com

 

Tarix: 12-06-2018, 14:58
Xəbəri paylaş





Xəbər lenti