Mahnı sifarişi üstündə yenə qan töküldü - “Sevgililər günü”ndə “Bakılı balasıyam” rəqsi


Kafedə mahnı sifarişi üstündə başlayan mübahisə iki nəfərin bıçaqlanmasına səbəb olub. "Moyka"da işləyən gənc iki nəfəri bıçaqlayıb. Əgər ittiham olunduğu maddələrlə barəsində hökm çıxarılarsa, ömrünün uzun illərini həbsxanada keçirməli olacaq.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada, xuliqanlıqda və soyuq silah gəzdirməkdə ittiham edilən 18 yaşlı Fərid Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

İttihama görə Fərid Quliyev iki dostu ilə ötən il fevralın 14-də Xətai rayonundakı kafelərdən birində yeyib-içən zaman tanımadıqları şəxslərlə dava edib. Buna səbəb Fərid Quliyev və dostlarının mahnı sifarişinin kafedə olan və yan masada əyləşən müştərilər tərəfindən kəsilməsi olub. Yan masada əyləşən Şamo Nəsirov və dostları Fərid Quliyevin sifariş verdiyi mahnını yarıda saxlatdıraraq özləri yeni mahnı sifariş veriblər. Daha sonra isə Fəridi və dostlarını da həminin mahnının sədaları altında rəqs etməyə çağırıblar. Elə bundan sonra əlbəyaxa dava düşüb. Fərid və digər iki dostu kafedə olan digər müştərilər tərəfindən döyülüb. Dava zamanı Fərid belindən çıxardığı ov bıçağı ilə Şamo Nəsirova zərbə endirib. Davaya müdaxilə edən Anar Əliyevə də əlindən bıçaq xəsarəti yetirib.

Fərid Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 221 (xuliqanlıq) və 228 (qanunsuz silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Bu işdə zərərçəkmiş Şamo Nəsirov barəsində isə ayrı cinayət işi açılıb. Onun əməlləri də xuliqanlıq kimi tanınıb. Şamo Nəsirov barəsindəki cinayət işində isə Fərid Quliyev və dostları zərərçəkmiş kimi tanınıb.

Prosesin davamında Fərid Quliyev sərbəst ifadə verib. O deyib ki, kafedə dostları ilə əylənən zaman yan masada əyləşən və tanımadıqları şəxslər sifariş verdikləri mahnını kəsib: “Bizim dava etmək niyyətimiz yox idi. Mahnının onlar saxlatdırdı. Sonra da aramızda mübahisə yarandı. Mənə kəllə atan Şamo idi. Birinci o məni vurandan sonra yerə yıxıldım. Bıçağı yerdən tapdım. Özümü müdafiə etmək üçün vurdum”.

F.Quliyev suallara cavabında bıçağı belində gəzdirməsini inkar edib.  

Təqsirləndirilən Fərid uzun müddətdir Bakıda “moyka”da işlədiyini, gecələr yaşamağa yeri olmadığı üçün isə elə moykada da yatdığını söyləyib.

Prosesin davamında şahid Məhəmməd Sadıqlı da ifadə verib. O, kafedə davada iştirak edən Fəridin dostlarındandır.

“Həmin gün “moyka”dan işdən çıxırdıq. Fərid zəng eləyib dedi ki, gəlin kafeyə gedək. Bizim pulumuz yox idi. Fərid dedi ki, taksi pulumuzu da o verəcək. Biz də getdik. Mən iki pivə içmişdim.

Kafedə mahnı sifariş verdik. Oynadığımız yerdə mahnımızı kəsdilər. İçkili idilər deyə biz fikir vermədik. Sonra özləri mahnı sifariş verdilər. Bizim əyləşdiyimiz stola pivə də göndərdilər. Onlar mahnı sifariş verəndə bizi də oynamağa çağırdılar. Oynayanda dava düşdü. Onlar bizi sıxışdırmışdılar. Mənə bir kəllə, bir yumruq dəydi. Gözüm qaraldı. Sonra bildim ki, iki nəfər bıçaqlanıb”- deyə şahid ifadəsində söyləyib.

Digər şahid Kərim Rüstəmzadə də məhkəmədə ifadə verib. O da davanın baş vermə səbibini eyni ilə danışıb. Məhkəmədə o da məlum olub ki, Fərid və dostları kafeyə yığışaraq “sevgililər günü”nü qeyd edirmişlər.

Kafedəki davanın digər iştirakçıları- Şamo Nəsirovun dostları məhkəməyə gəlməyib. Onlar bu iş üzrə şahid qismində tanınıblar. Məhkəmə onlara sonuncu xəbərdarlığı edərək növbəti prosesdə iştirak etməyəcəkləri halda barələrində məcburi gətirilmə qərarı çxıarılcağını bildirib.

Hadisənin təfərrüatı barədə məlum olan digər məlumatlar belədir ki, Fərid Quliyev və dostları “Gəncə” mahnısı sifariş veriblər. Fərid Quliyev isə, rəqs edərkən ov bıçağını nümayişkaranə şəkildə belində saxlayırmış. Bu mahnı və Fərid Quliyevin hərkətləri onlardan yaşca çox böyük olan Şamo Nəsirov və dostlarının xoşuna gəlməyib. Onlar mahnını yarıda kəsərək “Bakılı balasıyam” mahnısını sifariş veriblər. Daha sonra isə, Fərid Quliyevi və dostlarını həmin mahnını oynamağa məcbur ediblər. Bu isə davanın baş verməsinə səbəb olub.

İ.Muradov,
Musavat.com 

Tarix: 16-06-2018, 23:08
Xəbəri paylaş





Xəbər lenti