Bakıda tıxac adam öldürdü: Təcili yardım köməyə gedə bilmədi: Qalmaqallı hadisənin TƏFƏRRÜATI






Xəbər verdiyimiz kimi dünən paytaxtın "Şamaxinka" adlanan hissəsində "Yeni med” klinikasının qarşısında orta yaşlı kişinin vəziyyəti pisləşmiş və hadisə yerindən video yayılmışdı. Video ilə yayılan məlumatda isə küçədə gedən insanların həmin şəxsə yardım etməsi, sözügedən klinikanın həkimlərinin isə kömək etmədikləri vurğulanırdı.

Qeyd edək ki, həmin şəxsi insanlar "20 Yanvar”da yerləşən xəstəxanaların birinə aparmağa cəhd etsə də, xəstə yolda ölmüşdü.

“Yeni med” tibb mərkəzindən Cebhe.info-ya verilən məlumata görə yayılan video hadisənin 2-ci hissəsidir:

“Xəstənin ətrafında kimsə olmayanda bizim klinikanın əməkdaşları ilkin yardım göstəriblər və aşkar olunub ki, nə nəbz, nə də ki, təzyiq yoxdur. Biz təcili yardıma, polisə zəng etmişdik. Təcili yardım gəlib çıxa bilmədi, çünki bilirsiniz ki, Şamaxinkada çox böyük bir tıxac var idi. Onlar bizə 1 saat, 1 saat yarım sonra zəng elədilər ki, biz gələ bilmirik. 

Həmin adamın yanına biri gəlirdi, biri gedirdi. Hamı da bizi ittiham edib hücum edirdi ki, niyə kömək etmirsiniz. Başa düşmürdülər ki, biz artıq kömək etmişik. Onun yoldaşı ilə də əlaqə saxlanıldı, dedi ki, ürək xəstəsidir.

Bunu da qeyd edim ki, o bizim klinikaya gəlməmişdi, sadəcə yoldan keçirdi. Biz onun yıxılmağını görüb, yardım göstərmişdik.

Video kənardan çox eybəcər görünür ki, guya klinika bağlıdır, kimsə kömək etmir. Küçədə olan adama biz nəsə edə bilməzdik, onu ancaq təcili yardım gəlib təsdiqləyib apara bilərdi. Təəssüf ki, o tıxaca görə təcili yardım gələ bilmədi. İnsanlar özləri onu xəstəxanaya aparmaq istədilər, lakin artıq 1 saatdan çox idi ki, həmin şəxs ölmüşdü. Rəhmətə gedən insanın ürəyini masaj edirdilər, bu olmazdı, çünki o infarkt keçirib,  vəfat etmişdi artıq. Dünənki tıxac həmin şəxsin ölümünə səbəb oldu”.

Hicranə İsmayılova
Cebhe.info

Tarix: 28-06-2018, 16:46
Xəbəri paylaş





Xəbər lenti