DİQQƏT: Günəş də öldürər...


Son günlər ölkə ərazisində kəskin istilər müşahidə olunur. İsti hava şəraiti insanların sağlamlığına ciddi təsir göstərməyə başlayıb. Ən çox da meteohəssas insanlar kəskin istilərdə özlərini narahat hiss etməyə başlayıblar. Hidremetroloqlar və həkimlər insanlara günəş şüasından olduqca uzaq durmağı, qorunmağı məsləhət görürlər. Amma hər gün işlə və ya digər məsələlərlə bağlı evdən çıxmaq məcburiyyətində qalan insanlar günvurma təhlükəsi ilə də üz-üzə qalırlar. 

Məlumata görə yay girəndən bəri 20-yə yaxın insan günvurma ilə bağlı  təcili yardıma müraciət edib. Günvurma halları isə artmaqda davam edir. Hidrometroloqlar anomal istilərin yay boyunca olacağını istisna etmirlər.  Demək ki, kəskin istilərin sayəsində günvurma təhlükəsi hər an hər birimizə yansıya bilər. Temperaturun normadan yüksək olması səhhətində problemləri olan və metohəssas insanlara daha çox pis təsir göstərir.

Həkimlər tövsiyyə edir ki, kəskin istilər davam etdiyi günlərdə küçəyə çıxarkən baş örtüklərindən istifadə etmək və ya çətir götürmək lazımdır. Kətan və pambıqdan hazırlanan papaq və ləçək istidən daha yaxşı qoruyur. Eyni zamanda, dar sintetik geyimlərdən imtina etmək, bədəndən istiliyin çıxmasına mane olmayan pambıq və kətan parçalardan tikilmiş geyimlərə üstünlük vermək daha məsləhətlidir. Çünki bədəndə istilik buxarlanmayanda istivurma və günvurma ilə nəticələnə bilər. Hətta günvurma zamanı dəridə yanıqlar da əmələ gəlir. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu cür istilər hər bir insan üçün təhlükəlidir və diskomfort yaradır: “Əvvəla belə istilərdə insanlar uzun müddət istinin, günəşin altında qalmamalıdırlar. Çünki bu günvurmaya gətirib çıxara bilər. Xüsusən də uşaqlar, hamilə qadınlar, yaşlılar günəş şüaları altında uzun müddət qalmamalıdırlar. Uşaqların əsasən su tutumu çox azdır. Belə isti havanı çox pis keçirirlər. Hətta qıcolmaya qədər onlarda problem yaşana bilər. Günvurma və istivurma hadisəsi baş verməsin deyə isti ilə təmas mümkün qədər az olmalıdır. Belə situasiyadan qorunmaq üçün yaxşı olar ki, açıq şəraitdə işləyən şəxslər baş örtüyündən istifadə etsinlər. Açıq havada fasilə ilə olsunlar. Davamlı olaraq belə istidə termorequlyasiya pozula bilər və vəziyyət kəskinləşə bilər”.

Həkimin sözlərinə görə, evdə kondisionerdən istifadə etmək lazımdır: “Amma onu da nəzərə almaq lazımdır ki, kondisioner 22-27 dərəcə arasında işləməli və otaqda 30-60 dərəcə nəmlik olmalıdır. Kondisioneri 16-18 dərəcəyə qoymaq əslində real və düzgün deyil. Kondisioner temperatur ala bilmir və nəticədə çox böyük enerji sərf olunur. 

Kondisionerin temperaturunun otaq payı temperaturunun 5 dərəcə fərqli olması ən optimal məqamdır. 10 dərəcədən çox fərq ola bilməz. Əgər belə fərq olsa, bədənin çox soyuması və ciddi xəstəliklərə qədər gətirib çıxara bilər. Buna diqqət etmək vacibdir. İsti havalardan qorunmaq üçün həm də havalandırma məsələsinə də fikir vermək lazımdır. Nəzərə alaq ki, kondisionerdə müəyyən bakteriyalar olur və bunlar pnevmaniya törədə bilirlər. Buna görə də kondisionerin yolları hər il təmizlənməlidir. İnsanlar bəzən buna fikir vermirlər. Kondisioner işlək vəziyyətdə olarkən otağa bu bakteriyalar yayıla bilir. O zaman otağın havasına, havalandırma sisteminə diqqət etmək lazımdır”.

Adil Qeybulla onu da əlavə edib ki, baş verən günvurmadan dəridə yanıqlar da baş verə bilər: “Gün yanıqları çox ağır ola bilər. Yaralar təhlükəli olsa, bu orqanizmə mənfi təsir edər və hətta ölümə də səbəb ola bilər. Temperatur nə qədər yüksəkdirsə, təmas müddəti də az olaraq yanıq baş verə bilər. Deyək ki, 40 dərəcə temperatur altında günəş yanığı 5 dəqiqə ərzində baş verə bilərsə, 30 dərəcə temperaturda bu 15 dəqiqə yaranar. Bundan əlavə yanıq halı dərinin nazikliyindən, dərinin ağ olmasından da asılıdır. Ağ dərilər daha çox və tez yanır. Yaxşı olar ki, günəş şüaları altında qalmaq məcburiyyəti olan insanlar günəşdən qoruyucu kremlərdən istifadə etsinlər. Dənizə saat 12:00-dan 17:00-a qədər olan intervalda getməsinlər. Bir sözlə bu nüanslara nəzarət etmək lazımdır”.(Cebhe.info)


Tarix: 1-07-2018, 15:19
Xəbəri paylaş





Xəbər lenti