"Kənddə hər kəs zorlama hadisəsindən danışırdı"- Hidayətov dostunu niyə öldürüb? TƏFƏRRÜAT


Ov tüfəngi ilə dostunu öldürən şəxsin məhkəməsi başlayıb. Qətl işində daha bir cinayətin izləri- zorlamanın olduğu da iddia edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1973-cü il təvəllüdlü Ehtiram Hidayətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

İttihama görə, qətl hadisəsi bu il fevralın 4-dən 5-nə keçən gecə Xaçmaz rayonunun Çarxı kəndində törədilib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Hidayətov ov tüfəngindən 1973-cü il təvəllüdlü dostu Əfqan Cəfərova atəş açıb. Yaralı hadisə yerindəcə keçinib. Cinayətdən dərhal sonra E.Hidayətov polisə gələrək günahını etiraf edib.

E.Hidayətov və Ə.Cəfərov məktəb partasından bu yana dost olublar və qonşuluqda yaşayıblar. Uşaqlıq dostları arasında münaqişə pul üstündə baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-də işləyən E.Hidayətov dostuna 700 manat borc verib. Vədə tamam olsa da, Ə.Cəfərov pulu qaytarmayıb. E.Hidayətov dostugilə gedərək pulu istəyib. O, uşağının xəstə olduğunu deyib.

Ə.Cəfərov isə nəinki borcunu qaytarmaq istəməyib, əksinə, uşaqlıq dostunu təhqir edib. Bundan qəzəblənən E.Hidayətov tüfəng dalınca evə gedib. Bir az sonra tüfənglə geri qayıdaraq dostunu güllələyib.

E.Hidayətov özünü tam təqsirli bilib.

Ehtiram Hidayətov deyib ki, mərhum Əfqan Cəfərovla uşaqlıq dostu olub.

"Bir sinifdə oxumuşuq. Hadisədən əvvəl məndən 700 manat borc pul almışdı. Mənim qızım da çox ağır xəstə idi, müalicəsinə pul lazım olduğu üçün Əfqanın yanına getdim. Ondan pulumu istədim. Əvvəlcə verəcəyini dedi. Sonra evdə oturmuşdum. Əfqan zəng edib, ailəmi, xəstə qızımı söydü. Məni stadionun yanına görüşə çağırdı. Mən də evdən ov tüfəngini götürüb getdim. Mübahisə zəminində onu güllə ilə vurub, öldürdüm. Sonra gedib polisə təslim oldum"- deyə təqsirləndirilən şəxs bildirib.

E.Hidayətov mərhum dostunun hər gün spirtli içki içdiyini deyib.

Məhkəmədə mərhum Əfqan Cəfərovun anası Fatma Cəfərova ifadə verib.

Şahidin sözlərinə görə, E.Hidayətov oğlunu qız üstündə öldürüb.

O iddia edib ki, Ehtiram Hidayətov onların qohumunu zorlayıb:

"Bir qızı zorlayıb. Söhbəti bağlamaq üçün də oğlum Əfqanı öldürüb. Həmin qızın adını deməyəcəm. Bu barədə Ehtiramın özündən soruşun. Əfqan ona demişdi ki, qızın qardaşlarına söyləyəcək. Ehtiram da buna görə oğlumu öldürdü. Məqsədi bunu gizlərmək olub. Oğlum ondan borc pul almayıb".

Prosesdə mərhum Ə.Cəfərovun qardaşı Niqam Cəfərov da dindirilib.

O da anası kimi eyni məzmunlu ifadə verib.

Niqam Cəfərov da iddia edib ki, Ehtiram Hidayətov 18 yaşlı qohumlarını zorlayıb. O, zorlandığı iddia edilən qızın adını da açıqlayıb.

"Biz bunu yas mərəsimində bildik. Kənddə hər kəs bu zorlama hadisəsi barədə danışırdı. İstintaq dövründə də ifadəmizdə bu barədə demişik, lakin zorlama ilə bağlı heç nə yazılmayıb"- deyə şahid qeyd edib.

Zorlama iddiasına təqsirləndirilən şəxs də münasibət bildirib.

O, həmin qızın ailəsi ilə yaxın münasibətləri olduğunu deyib və əlavə edib ki, bu başqa söhbətdir. .

Məhkəmənin növbəti iclası iyulun 13-nə təyin edilib.

E.Hidayətovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İlkin Muradov

Tarix: 6-07-2018, 13:43
Xəbəri paylaş





Xəbər lenti