“Hökumət tez bir zamanda vətəndaşlarımızın sərhəddən keçidini təmin etməlidir” – Millət vəkili





Məlum olduğu kimi, Rusiyanın Azərbaycanla sərhədində iki aya yaxındır ölkəyə qayıtmaq üçün gözləyən bir neçə yüz Azərbaycan vətəndaşı iyunun 15-də axşam saatlarında Dağıstanın Qullar qəsəbəsində sərhəddən buraxılmaları tələbilə etiraz aksiyası keçirib. Azərbaycan vətəndaşları sərhədə doğru yürüş etmək istəyiblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. Polsi qüvvələri havaya atəş açıb, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev baş vermiş hadisəyə münasibət bildirərkən deyib ki, Rusiya Federasiyası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizdəki xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi vaxt qrafiki çərçivəsində və qeydiyyat əsasında ölkəmizə geri qayıdışı təmin ediləcək. Prezidentin köməkçisi vətəndaşlarımızı müəyyən edilmiş qaydalara riayət etməyə, növbəlilik prinsiplərini pozmamağa və mövcud durumla bağlı anlayış göstərməyə çağırıb.
Lakin cəmiyyətdə vətəndaşlarımızın aylarla sərhəddə saxlanması və onların vətənə dönüşünün təmin edilməməsilə bağlı xeyli təpkilər var. Millət vəkili Erkin Qədirli də öz sosial şəbəkə səhifəsində bu problemin tezliklə həll edilməli olduğunu bildirərək, ümumiyyətlə Azərbaycan vətəndaşının öz ölkəsinə qayıtmasının əngəllənməsinin Konstitusiyaya zidd olduğunu qeyd edib: “Rusiya ilə sərhəddən (Dağıstan tərəfdə) vətəndaşlarımızın ölkələrinə keçə bilməməsinin səbəbi hər nədirsə (texniki, epidemioloji və s.), bu, Konstitusiyamızın 28-ci maddəsinin 4-cü hissəsinə uyğun deyil. Həmin maddəyə görə, vətəndaşlarımızın ölkələrinə hər zaman (!) maneəsiz (!) qayıtmaq hüququ vardır.
Diqqət edin, Konstitusiyada ölkədən getmək hüququ haqqında belə bir şey yazılmayıb, çünki ölkədən getməyi qanuni əsaslarla məhdudlaşdırmaq olar. Ölkəyə qayıtmaq hüququ isə maneəsiz gerçəkləşməlidir. Hökumət tez bir zamanda vətəndaşlarımızın sərhəddən keçidini təmin etməli, yoluxma təhlükəsi varsa, öz ərazimizdə (sərhədin yaxınlığında) onlar üçün karantin şəraitini təşkil etməlidir.”
Cəlal
“AzPolitika.info”
Tarix: 17-06-2020, 08:13
Xəbəri paylaş





Xəbər lenti