"XƏSTƏ SAYI SÜRƏTLƏ ARTIR, VƏZİYYƏT ÜRƏKAÇAN DEYİL...” - TƏBİB sədri



“Sərt karantin rejiminə bizi vadar edən epidemioloji vəziyyətdir”. APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, dünya ölkələrində koronavirusa yoluxma artır: “Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Bizim A, B və C variantlarımız var. Son iki həftədə tətbiq olunan məhdudiyətlərin hansı nəticə verməsinə gəlincə, bu addımlar da xarici ölkələrin təcrübəsinə əsasən atılmışdı. Bu, bizə uzunmüddətli məhdudiyyətlərin tətbiqinə vaxt qazanmağa imkan verdi”.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, məhdudiyyətlər aprel ayında tətbiq olunan məhdudiyyətlərə bənzəyir: “Aprel ayında səhiyyə strukturları xəstəliklə mübarizəyə tam hazır deyildi. Düzdür, yetərincə çarpayı sayı vardı. Ancaq xəstəliyin nə dərəcə artması, əlavə çarpayı sayına ehtiyac olması, laboratoriya, avadanlıq, xəstəxanaların digər təminatları həyata keçirildi. Xəstələrin 15 faizi adətən, reanimasiya üçün nəzərdə tutulur”.
R. Bayramlı nəzərə çatdırıb ki, dünən xəstəxanalara baş çəkmək imkanı olub: “Xəstəxanaların oksigen sistemləri, generatorlar bu qədər xəstəyə hesablanmamışdı. Xəstəxanaların bir qismində generatorlar deyil, oksigen balonları istifadə olunurdu. Bununla əlaqədar generatorlar alınıb. Modul tipli xəstəxanalar yaradılıb, 7 minə qədər çarpayı hazırlanıb, ancaq bu gün 5 minə qədər xəstə var, virusa yoluxma sürətlə baş verir. Yeni yoluxanlarla sağalanlar arasında fərq artır, tibb müəssisələrinin üzərinə böyük yük düşür”.
Bayramlı söyləyib ki, dünya ölkələrində koronavirusa yoluxanlar arasında 4-18 faiz ölüm var. Azərbaycanda isə ölüm faizi daha aşağıdır. Bu, səhiyyə sisteminin hazırlığı ilə bağlıdır. Almaniya, İtaliya kimi ölkələrdə yenidən yoluxma artır. Türkiyədə bir sıra şəhərlərdə belə maskanın tətbiqi tələbi qoyulub. Çində yenidən sərt tədbirlər tətbiq olunur.
Azərbaycan dövlətinin siyasətinin mərkəzində insanlarımızın sağlamlığı dayanır. Xəstəliyin qarşısının alınması peyvənd və dərmanın tapılması ilə mümkün olacaq. Bu gün də bunlar yoxdur. İndiyə qədər 10-a yaxın mərkəzdə ciddi tədqiqatlar aparılır, iki mərkəzin tədqiqatı üçüncü mərhələyə keçib. Ancaq peyvənd tapılsa da, ola bilər ki, hər il virusun yeni ştamplarına görə yeni peyvəndlərə ehtiyac olacaq. Bir ehtimal da var ki, virus mutasiya olunsun və həyatımızdan itsin. Ancaq bu, o qədər də real deyil.
TƏBİB sədri bildirib ki, təhlükə çox ciddidir. Əgər xəstəlik dalğavarı deyil, yüksələn xətlə inkişaf edərsə, səhiyyə sistemi bunun öhdəsindən gələ bilməz, ölümlər daha çox olar.
Bayramlı bildirib ki, qaydalara əməl etmək baxımından aparılan müşahidələr göstərir ki, vəziyyət heç də ürəkaçan deyil. Hələ də qaydalara əməl etməyən vətəndaşlarımız var. Küçələrdə hələ də simptomları olmayan və zəif olan vətəndaşlar gəzir. Onlar maskasız gəzdikdə başqa insanları da yoluxdururlar. 
Hələ də yas yerlərinə kütləvi toplaşanlar var. Yas yerlərində kütləvi yoluxmalar haqqında ciddi epidemioloji nəticələr müşahidə edilir. İctimai nəqliyyatda qoruyucu vasitələrin, maskanın istifadə olunmaması ilə bağlı kifayət qədər yoluxma halı mövcuddur.
Tarix: 18-06-2020, 21:54
Xəbəri paylaş





Xəbər lenti