Rövşən Əkbərovla Gülağa Abışov Prezidentin şəhid ailələrinə ayırdığı torpaqları necə ələ keçirib? – Sensasion siyahı, 4 milyonluq iş…



Rövşən Əkbərovla Gülağa Abışov Prezidentin şəhid ailələrinə ayırdığı torpaqları necə ələ keçirib? – Sensasion siyahı, 4 milyonluq iş…
Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun qətli işi üzrə həbsindən sonra onun qanunsuz əməlləri ilə bağlı yenə faktlar üzə çıxmaqdadır.

Bu xüsusda Reportyor.info-nun apardığı araşdırma və əldə etdiyi özəl məlumatlar kifayət qədər diqqətçəkicidir. İlk dəfə ölkə mediasında açıqlanacaq bu informasiyalar R.Əkbərovun və onunla əlbir olmuş iş adamının özbaşınalıqlarının hansı miqyasda olduğunu ortaya qoyur.
Belə ki, 2005-ci ildə Prezident tərəfindən Novxanı ərazisində şəhid ailələri üçün nəzərdə tutulmuş torpaq sahələri general R.Əkbərov tərəfindən ələ keçirilib və ayrı-ayrı yaxınlarının adına sənədləşdirilib.
Hətta o dövrdə fəaliyyət göstərmiş, artıq ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şöbəsi tərəfindən bildirilib ki, onların rəyi olmadan bu torpaq sahələri rəsmiləşdirilib.
Əldə etdiyimiz məlumata görə, həmin torpaq sahəsi bütövlükdə 4 hektar ərazi olub. O zaman həmin torpaqlar guya 38 şəhid ailəsinə paylanıb.
Halbuki, cəmi bir neçə şəhid ailəsi Prezidentin tapşırığından bəhrələnə bilib və digər şəhid ailələrinə çatmalı olan torpaqlar 2005-ci il, iyunun 27-də generalın qohumlarının adına özəlləşdirilib. Üstəlik, çox maraqlıdır ki, bu torpaqların sənədləşdirilməsi eyni tarixə təsadüf edir.
Araşdırma zamanı məlum olur ki, sözügedən tarixdə Novxanıda “50/39 A“ ünvanına düşə ərazi Əkbərova Esmira Teymur qızının adına rəsmiləşdirib. O, nə şəhid ailəsidir, nə başqa biri, general R.Əkbərovun həyat yoldaşıdır.
Eyni gündə “B 501” ərazisinə düşən torpaq Həsənova Validə Teymur qızına verilib. O da şəhid yaxını deyil, generalın baldızıdır.
Həmçinin, eyni tarixdə Əkbərova Yavər Əziz qızına “501” sahəsinə düşən torpaq bəxşiş olunub. O, R.Əkbərovun anasıdır.
Torpaqları zəbt edərək ayrı-ayrı yaxınlarının adına sənədləşdirmiş R.Əkbərovun bu əməli yuxarıdakı siyahı ilə məhdudlaşmır.
Reportyor.info-nun məlumatına görə, “B 502 v” ərazisinə düşən torpağı Hüseynova Səbinə Əkrəm qızının adına özəlləşdirib. Bildirilir ki, S.Hüseynova generalın yaxın tanışı olub.
Bundan başqa, general vəfat etmiş qardaşı Əkbərov Elşən Telman oğlunun, İspaniyada yaşayan qardaşı Əkbərov Qulam Telman oğlunn adına da torpaqları rəsmiləşdirib.
Amma heç də adıçəkilən şəxslər bu torpaqlardan yararlanmayıblar, sadəcə, onların adlarına keçirilib, faktiki olaraq R.Əkbərovun istifadəsində olub.
Sadəcə öz adına torpaqları rəsmiləşdirmək imkanı olmadığı üçün yaxınlarının adlarından istifadə edib. Lakin general bu işləri heç də təkbaşına həyata keçirməyib.
Əldə etdiyimiz xəbərə görə, bu torpaq əməliyyatında Sumqayıtda fəaliyyət göstərən və bu şəhərdə kifayət qədər tanınmış olan “EL Plastik” MMC rəhbəri Gülağa Abışovun generala köməyi dəyib.
Məlumatda deyilir ki, MMC sədri Gülağa Abışov general Rövşən Əkbərovla birləşərək həmin torpaq sahələrini, eləcə də digər əmlakları “Avrasiya” bankına girov qoyaraq oradan 4 milyon manat vəsait götürüblər. Yəni, alıcı kimi Gülağa Abışov göstərilib. Onları bir-birinə bağlayan səbəblər, hansı maraqlar olduğu bəlli deyil. Həmin vəsaiti bankdan nəyə görə götürdükləri, hara sərf etdikləri də sirli boxçadır.
Bilinən yalnız odur ki, həmin torpaqlar, şəhid ailələri üçün nəzərdə tutulmuş o ərazilər R.Əkbərovla G.Abışovun müəmmalı maliyyə işləri ucbatından sözügedən bankın girovluğundadır.
G.Abışova bu saxtakarlığa qoşulmağa nə vadar etdiyi məlum olmasa da, həqiqət göz qabağındadır. Generalın torpaqları necə ələ keçirməsinə dair Komitənin verdiyi rəy, sənədlər də əlimizdədir, təqdim etməyə hazırıq.
Tarix: 19-03-2021, 11:04
Xəbəri paylaş





Xəbər lenti