Morqlarda gizlədilmiş erməni əsgərlərin cəsədləri – Hökumət izah verə bilmir (YENİ VİDEO)


İkinci Qarabağ müharibəsində məhv edilmiş erməni əsgərlərinin cəsədlərinin morqlarda gizlədilməsinin aşkarlanması ətrafında qalmaqal davam edir. Dünən isə cəsədlərin saxlanıldığı morqdan yeni videogörüntülər yayımlanıb. Bu rüsvayçı faktla bağlı cəmiyyətə hələ də rəsmi açıqlama verilməyib. Ermənistan Səhiyyə Nazirliyi isə izahat tapa bilməyib, araşdırma aparıldığını açıqlamaqla kifayətlənib.
“AzPolitika.info” xəbər verir ki, iyunun 1-də Ermənistanın Səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan İkinci Qarabağ Müharibəsində öldürülən əsgərlərin qohumlarından cəsədlərin Abovyan meyitxanasında "düzgün saxlanılmamasına" görə üzr istəyib. Nazir, “Facebook” səhifəsində paylaşım edərək etiraf edib ki, "cəsədlərin təfərrüatları" ilə tanış olmaq üçün şəxsən ora getməyib və cəsədlərə nəzarət edilməyib. Bununla belə əsas günahkar kimi işçiləri göstərərək, onları “günah keçisinə” çevirmək istəyib.

“Hraparak” qəzeti Avanesyanı üzr istəməyə həlak olan əsgərlərin qohumlarının məcbur etdiyini yazır. Belə ki, Arsen Ghukasyan adlı şəxs naziri təhdid edərək, açıq şəkildə üzr istəmək üçün ona bir gün vaxt verib, əks təqdirdə dediklərinin yalan olduğunu sübut edən video yayımlayacağını bildirib.
“Səhərə qədər vaxt verdim və nazir üzr istədi" - Arsen Ghukasyan bunu “Hraparak”-a açıqlamasında bildirib.
“Ancaq müharibənin ilk günlərindən bəri camaatı narahat edən əsas sual, cəsədlərin bəzilərinin yeddi ay ərzində niyə xalqdan və qohumlarından gizlədilməsidir. Nazir bu barədə heç nə demir” - “Hraparak” qəzeti vurğulayıb.
“Nazirin hələ də cavab vermədiyi məsələlərdən biri də rəsmi elan edilən və cəsədlərin həqiqi sayları arasındakı fərqlərdir” – nəşr bildirib. 
“Yumor və fəlakət, faciə və komediya bir-birinə qarışıb, ölkəmizin və həyatımızın ayrılmaz hissəsinə çevrilib. Cəmi bir həftə əvvəl gənc Səhiyyə naziri ölkəmizdəki ən yüksək mükafatlardan biri olan “Vətən qarşısında xidmətlərinə görə” birinci dərəcəli medalı ilə təltif olundu. Hansı ki, bu medal Ermənistan Respublikasının “Milli Qəhrəman” titulundan sonra ikinci mükafatıdır. Vətən qarşısında böyük “xidmətlər” göstərən bir nazirin, cəsədlərin qalıqlarını dəhşətli sanitar şəraitdə müxtəlif meyitxanalarda saxladığı ortaya çıxdı.


Valideynlər yeddi aydır ki, övladlarını axtarmağa davam edərkən, cəsədlər tapılmazsa, onlar diridir, əsirdir, itkin düşüblər düşünərkən, bu hökumət, Səhiyyə naziri və çox sayda həkim daxil olmaqla, bir çox insanın iştirakı ilə meyitlər meyitxanalarda gizlədilib. Niyə cəsədlər bir anda təhvil verilmədi, real sayı açıqlanmadı?! İnsanların kütləvi şəkildə küçələrə çıxmaması, ya camaatın şoka düşməməsi üçün?!
Əsgərlərimiz əvvəlcə amansızcasına və ehtiyatsızlıqla müharibəyə göndərildilər, sonra müharibənin əsl gedişatını və qurbanların sayını gizlətdilər, sonra onları aylardır soyuducu və meyitxanalarda saxladılar, valideynlərini aldadıb boş yerə ümidlərlə qidalandırdılar. Bütün bunlara görə də heç bir peşmanlıq hissi, vicdan sancması yoxdur”, - deyə yazıda qeyd olunub.
Məqalədə, həmçinin, cəsədlərin polietilen paketlərə bükülərək məhz Abovyan şəhərindəki Vərəm Xəstəxanasının morquna atılmasının təəccüblü olmadığı da qeyd olunub. Belə ki, vərəm dispanserinin sədri Vardan Avagyanın 2017-ci ildə sanitariya qaydalarına əməl etmədiyi və insanlara ehtiyatsızlıqdan "Hepatit C" yoluxdurduğu məlum olmuşdu.
Onu da qeyd edək ki, Ermənistanda əksəriyyət cəsədlərin soyuducularda gizlədilməsini hökumətin sifarişi hesab edir.
Tarix: 2-06-2021, 17:19
Xəbəri paylaş





Xəbər lenti