Tanınmış jurnalistin Naxçıvanda həbs olunması Bakıya kodlu mesajdırmı..? - MÜƏMMA






Ötən gün jurnalist Tural Səfərovun Naxçıvana çağrılaraq həbs olunması barədə həyat yoldaşından aldığımız xəbərə inanmaq istəmədik. Bəlli oldu ki, ötən ay Naxçıvana gedib qayıtdıqdan sonra yazdığı hansısa fb statusuna görə onu Naxçıvanda məhkəməyə veriblər və T. Səfərov bundan çox gec xəbər tutub. 
 
1. Bildiriş  göndərilməyib.
2. Sən demə, 21.05.2021 ci ildə məhkəməyə şikayət olunub.
3. 25.05.2021- ci ildə hazırlıq iclası və baxış iclası olub (iki iclas) , 27.05 2021 – ci ildə növbəti baxış iclası olub. Ancaq bunların heç birindən T. Səfərovun xəbəri olmayıb.
4. Turala iyunun ikisində telefon zəngi ilə deyilib ki, məhkəməyə gəlin. O, isə Bakıda yaşadığı ünvanı deyib və bildirişi tələb edib (hətta elektron formada da ola bilər deyib).İyunun 10- da isə deyilib ki, göndərə bilmərik. Özun gəl burdan götür. Ancaq T. Səfərov bilet tapa bilmədiyi üçün gedə bilməyib.
5. İyunun 14 isə Naxçıvandan zəng ediblər ki, polis gəlib sizi zorla aparacaq. Bileti də online formada özləri təşkil ediblər. İyunun 15-i üçün  
6. Ayın 16 sı özü məhkəməyə gedib ittiham ərizəsini almaq  üçün. Heç nə demədən həbs ediblər. Bütün hər şeyi əvvəlcədən sənədləşdiriblər, amma özünə və yaxınlarına verməyiblər.
7. Bu gün məhkəmədə ittiham ərizəsini veriblər oxuyub. 
8. Cinayət Məcəlləsinin 147.1 maddəsilə dövlət məmurunu təhqir etdiyini deyiblər və barəsində məhkəmənin hökmü ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Bütün bunlar T. Səfərovun xanımından dəqiqləşdirə bildiyimiz məlumatlardır.
 
Qeyd edək ki, 2017-ci ilə qədər Naxçıvanda müxtəlif vəzifələrdə çalışan T. Səfərov işlədiyi "Şərq Qapısı" qəzetinin baş redaktorluğundan ayrılaraq Bakıya gəlib. T. Səfərov "Azərxalça" ASC -nin əvvəlcə mətbuat katibi, sonra isə həm də İdarə heyəti sədrinin müşaviri olub.
 
Bir ay öncə qurumdakı işindən ayrılan T. Səfərov Moderator.az-la əməkdaşlıq etmək istədiyini bildirib və bir neçə müəllif yazısı ilə çıxış edib. Həmin yazılarda naxçıvanı, oradakı rəhbərliyin fəaliyyətini əməlli-başlı tərifləməyi də unutmayıb. Amma Moderator.az-la əməkdaşlığı uzun sürməyib. Baxmayaraq ki, onunla müqavilə bağlanaraq rəhbər vəzifə tutması da təklif olunub, o, təklifə Naxçıvana gedib döndükdən sonra cavab verəcəyini bildirərək möhlət istəyib. Mayın 14-də Ramazan bayramı münasibətilə valideynlərini ziyarət etmək üçün Naxçıvanda olub və qayıtdıqdan sonra özünə başqa iş axtarmaq istədiyini bildirib.
 
İstənilən halda biz Tural Səfərovu istedadlı bir jurnalist kimi tanıyırıq və ona qarşı baş verənləri anlamaqda çətinlik çəkirik. Yazdığı hansısa fb statusuna görə bir jurnalistin apar-topar həbs edilərək həbsxanaya atılmasının bizə və ictimaiyyətə bəlli olmayan səbəbləri barədə yəqin ki, gec-tez vəkili vasitəsilə məlumatlar əldə edəcəyik. 
 
Mövzunu diqqətdə saxlayacağıq və həm həmkarlarımızdan, həm hüquq müdafiəçilərindən, həm də müvafiq dövlət qurumlarından məsələnin diqqətdə saxlanılmasını xahiş edirik.
 
Yeri gəlmişkən, bu gün 18 iyun - Ümumdünya İnsan Hüquqları günüdür. Belə bir gündə jurnalistin həbs edilməsi çox uğursuz bir təsadüf də hesab oluna bilər...

Tarix: 18-06-2021, 22:41
Xəbəri paylaş





Xəbər lenti