Vətən müharibəsinin iştirakçısına qarşı dələduzluq — TƏFƏRRÜAT






Şamaxı rayonunda 1968-ci il təvəllüdlü Azər işə düzəltmək adı ilə Vasifə qarşı dələduzluq edib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Azər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sürücü kimi işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin noyabrında Vasifə özünü həmin agentlikdə rəhbər vəzifədə işləyən, işgüzar və çoxşaxəli əlaqələrə malik şəxskimi təqdim edib. 
Azər formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə onu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sürücü kimi işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verib. Aldadatma yolu ilə ondan 1500 manat alıb. 

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, "İnşaat" şirkətinin direktoru vəzifəsində işləyib: “2021-ci ilin sentyabrında Şamaxı şəhər sakini Vüsal adlı şəxsi orada yerləşən bərbərxanada tanımışam. Tanış olub söhbətləşdikdən sonra bir-birimizin nömrəmizi götürmüşük. Dəqiq yadımda olmayan tarixdə, Şamaxı rayonuna gəldim və Vüsal ilə əlaqə saxladım. Ona bildirdim ki, Şamaxıdayam, gecəni burada qalacaq. Vüsal da dedi ki, ki, lap yaxşı, qalarsan görüşərik. Mən də həmin günü Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı”restoranında qaldım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri günü səhər saat 07 radələrində Vüsal ona zəng vurub: “Bildirdi ki, Bakı şəhərinə nə vaxt çıxacaqsan, sənə xaş qonaqlığı vermək istəyirəm. Dedim ki, mən Bakıya çıxmalıyam, başqa vaxt oturarıq. Bundan sonra öz işlərim ilə məşğul oldum. Ancaq Vüsalla əlaqə saxladım. Bir müddət keçdikdən sonra mənə borc pul lazım oldu və Vüsaldan 1500 manat borca pul istədim. Vüsal da noyabrın 15-də, dostu və iş yoldaşımın kartına 1500 manat göndərdi. Mən də həmin pulu iş yoldaşımdan götürdüm. Mən pullla işlərimi gördüm. Sonra 400 manatı Vüsalın kartına göndərdim, qalan 1100 manatı isə hissə-hissə qaytaracağımı dedim. Daha sonra mənə məlum oldu ki, Vüsalın qardaşı Vasif məndən şikayət edib. Mən Vasif adlı şəxsi ümumiyyətlə tanımamışam, onunla hər hansısa bir iş barəsində danışmamışam. Sadəcə olaraq, Vüsalla münasibət yaratmışam. Vüsal adlı şəxsdən 1500 borc almışam”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Vasifin sözlərinə görə, 3 iyul 2021-ci ildə hərbi xidmətini başa vuraraq evlərinə qayıdıb: “Bundan sonra iş axtarmağa başladım. Azər adlı şəxsi 2021-ci ilin sentyabrından tanımışam. Onunla əvvəllər heç bir formada münasibətim,həmçinin ədavət və düşmənçiliyim olmayıb”. 

Zərərçəkmiş şəxs qeyd edib ki, 2021-ci ilin sentyabrın 25-də qardaşı Vüsal evə gəlib: “Mənə bildirdi ki, bərbərxanada bir nəfər Azər adlı şəxslə tanış olub, həmin şəxsə barəmdə deyib. Mənim iş axtardığımı həmin şəxsə  bildirib. Həmin vaxt  Azər adlı şəxs qardaşım Vüsala deyib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işləyir, məni həmin agentlikdə sürücü kimi işə düzəldə bilər. Vüsal bunu mənə deyəndən sonra həmin şəxsin telefon nömrəsini verdi. Məqsəd isə özümün onunla əlaqə saxlamağımı, hansı sənədlər lazım olsa, təqdim edim. Vüsal da mənim nömrəmi Azər adlı şəxsə verdiki, lazım olanda, o da mənimlə əlaqə saxlasın”. 

Vasif deyib ki, 1 oktyabr 2021-ci ildə onun istifadəsinə zəng gəlib: “Həmin vaxt Azər adlışəxs zəng vurdu. Bildirdi ki, sənədlərimi ona göndərim. Mən də sənədlərimi hazır etdim və Azər adlı şəxsə göndərdim. Bundan sonra, yəninoyabrın 12-də, saat 19 radələrində Azər adlı şəxs yenidən zəng vuraraq bildirdiki, gəl Bakı-Şamaxı-Yevlax yolunun kənarında yerləşən “Anar” restoranında görüşək, sənin işinlə əlaqədar söhbətimiz var. Mən də ora getdim. Həmin vaxt  Azər artıq restorana çatmışdı. Biz görüşdük və otaqların birində oturduq. Həmin vaxt çay içdim, Azər adlı şəxs isə özü üçün yemək sifariş etdi. Həmin vaxt söhbətlərimiz əsnasında Azər mənə “utanıram deməyə, özün müharibə veteranısan, 1500 manat rüsum ödəmək lazımdır, sən fikirləşmə ki, o pul mənə çatacaq” sözlərini dedi. Mən də onun nə demək istədiyini başa düşdüm. Həmin vaxt Azər dedi ki, sənə kart şəkili göndərəcəm, dediyim vaxtda həmin karta 1500 manat pul göndərərsən. Mən də onunla razılaşdım və o biz oradan çıxdıq. Mən öz evimizə gəldim və Azər adlı şəxsin zəngini gözlədim”. 

Zərərçəkmiş bildirib ki, noyabrın 15-də, saat 12 radələrində Azər ona kart şəkilini göndərib: “Mən də evdən 1500 manat götürərək “MilliÖn” elektron ödəmə terminalından həmin karta göndərdim. Bundan sonra mütəmadi olaraq Azərlə əlaqə saxlamışam, işi nə vaxt düzələcəyini soruşmuşam. Noyabrın 19-da Azər bildirdi ki, gəl Bakı şəhərinə, işinlə əlaqədar müəyyən hərəkətlər olmalıdır. Mən də Bakı şəhərinə getdik. Bakıya çatdıqdan sonra Azər ilə əlaqə saxladım. Azər bildirdi ki, iki günə həll olunacaq. Mən də Bakı şəhərində 4 gün qalsam da, Azər işimlə əlaqədar hər hansısa bir sənədləşmə aparmadı. Bundan sonra Şamaxı rayonuna qayıtdım. Mütəmadi olaraq, Azər ilə əlaqə saxlasam da, müxtəlif bəhanələr edərək işimi düzəltmirdi. Azər verdiyim puldan cəmi 400 manatı qaytardı”. 

Bu cinayət işinə Şamaxı rayon Məhkəməsində baxılıb. Azər 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərin bundan başqa dələduzluq əməlləri müəyyən edilib. Hökmdə qeyd olunub ki, bu səbəbdən onun barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd olunan bu qərar Şamaxı rayon Məhkəməsinin hökmdə nəzərə alınıb. 
Tarix: 10-01-2023, 15:05
Xəbəri paylaş





Xəbər lenti