FÜZULİDƏ NARKOTİKLƏ ƏLƏ KEÇƏN İRAN VƏTƏNDAŞI BAĞLI SƏRHƏDDİ NECƏ KEÇƏ BİLİB?



Son günlərdə Stopnarkotik.az media resursunda “Azərbaycanda hər bir narkoman İrana xidmət edir” başlıqlı yazı dərc olundu. Bunun ardınca saytda diqqətimi belə bir məlumat da cəlb etdi: “Füzuli rayonunda oğurluq əməlləri törətməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb”.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumatda bildirildi ki, Füzuli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb: “Araşdırmalarla onların Nemət Haqverdiyev, Fəridə Rəhimova, Vüsal Bədəlov, Hikmət Tağıyev, Musa Hətəmov, Qardaş Gülmalıyev, Natiq Həziyev və Məhərrəm Rüstəmov olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin rayon ərazisində yerləşən mağazadan, anbardan və evdən oğurluqlar edərək ümumilikdə, 50 min manata yaxın dəyərdə ziyan vurduqları aşkar olunub”.
İlk öncə deyək ki, Füzuli rayonu 44 günlük müharibə nəticəsində azad edildikdən sonra hələ orada əhali tam məskunlaşmayıb. Odur ki, yuxarıda adları çəkilən 8 nəfərin belə çevikliklə rayon ərazisinə daxil olaraq, oğurluq etməyə fürsət tapması sual doğurur.
Məlumatın ikinci qismində isə deyilir ki, keçirilmiş digər bir əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xarici ölkə vətəndaşı da saxlanılıb: “Onun İran İslam Respublikasının sakini Hosein Farhadi olduğu müəyyən edilib. Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb”. Məsələnin daha maraqlı qismi burada cərəyan edir. Hələ normal yol və infrastrukturun olmadığı Fizuli rayonun ərazisində İran sakininin necə, hansı şəraitdə peyda olması əsas sual doğuran məqamdır.
Əlbəttə, söhbət İran vətəndaşından gedirsə, burada narkotiksiz keçinmək olmazdı. Yəni İran vətəndaşı niyə məhz Füzulidə və narkotiklə tutulur? İran vətəndaşının hələ tam qurulmayan Fizuli rayonuna səfər məqsədi nə ola bilər?

Ölkəyə “narkotik axını”nın İrandan daxil olduğu kimsəyə sirr deyil. Azərbaycana gətirilən narkotikin və həmin narkotiki ölkədə yerbəyer edərək “xırıd edən” narko-dilerlərdən tutmuş, iri narko-tacirlərin “İran qaynaqlı” olması ilə yanaşı, onu da deyə bilərik ki, son vaxtlaradək türmələrdə də “şıdırğı” gedən narkotik alverinin arxasında məhz molla rejimi dayanıb. Əlbəttə, Penitensiar Xidmət rəhbərliyinin dəyişməsi həbsxanalarda durumun dəyişəcəyinə ümid bəsləməyə əsas verir, lakin bu, kifayət deyil. Ola bilsin ki, bu vəsilə ilə türmələrdə narkotik alveri nisbətən səngiyəcək, amma bu yetərli deyil. Çünki ölkəyə daxil olan narkotrafik İrandan gəlirsə, bu sistemi “düz-qoş” edən narkotrafik zəncirinin halqaları da İranla işbirliyi içində olan, Tehran mollaları ilə “qaynaşmış” zatlardır.
İranın Azərbaycana sızdırdığı narkotik şəbəkəsinin zəncirbəndləri insan orqanizmində rişələnmiş xərçəng hüceyrələrini andırır. Narkomaniya da eynən xərçəng xəstəliyi kimi ölkəni əsir alıb. Deməli, məsələnin açar nöqtəsi olan “Qordi düyünü” ölkənin əsas keçid qapılarından başlayır. Başqa cür ola bilməz, çünki Azərbaycana narkotrafik hələ ki, Pablo Eskobarın ABŞ-a yola saldığı kimi narkotik yüklü təyyarə reyslərilə həyata keçirilmir və dünyada da ikinci “göylər kralı” – Eskobar yoxdur. Deməli, burada söhbət “yerli” və “milli” narkobaronlardan gedə bilər. Hansı ki, hazırda sərhəddən quru yolu ilə qalaq-qalaq narkotik daşımaq qüdrətinə malikdirlər.
Sözsüz ki, bu məsələdə “dövlət içində dövlət” ola bilmiş, söz sahibinə çevrilmiş hansısa məmurun, yaxud da məmurların müdaxiləsi, eləcə də dəstəyi olmadan “iş aşırmaq” qeyri-mümkündür. Söhbət hər kəsin üzünə bağlı olan sərhədləri narkotik reysi üçün aça biləcək qədər “qüdrət” sahibi olan məmurlardan gedir.
Buradan isə belə nəticə hasil olur ki, narkotik ölkəmizə gəlib çıxmazdan əvvəl onun yolu sərhəddə kəsilməlidir.
Azərbaycanın quru sərhədləri rəsmi olaraq bağlıdır. İranla hava nəqliyyatı da qapanıb. O halda İran vətəndaşı ya qanunsuz yolla, ya da hava reysi ilə başqa ölkədən Azərbaycana daxil ola bilib ki, burada da onun hüquq-mühafizə orqanlarına yaxalanmadan, polis nəzarətindən “sürüşərək” Füzuliyə necə gedib-çıxması araşdırılmalı və açıqlanmalıdır. Əgər iranlı Hosein Farhadi hava yolu ilə ölkəyə gəlməyibsə, demək İranla sərhədyanı rayonlardan keçərək Azərbaycana daxil olub. Bu halda da Farhadinin hüquq-mühafizə orqanları əməkdaşlarından yayınaraq Füzulidə necə peyda olması araşdırma mövzusudur. Qısası, həm polis, həm də sərhəd xidməti işlərini məlumat xarakterli bilgi verməklə bitmiş hesab etməməlidirlər. Adıçəkilən qurumlar tərəfindən iranlı şəxsin hansı məqsədlə Füzuli rayonuna “maneəsiz səfər etməsi” barədə ətraflı açıqlama verilməklə yanaşı, onun ölkəmizə necə daxil olması da ictimaiyyətə açıqlanmalıdır.

Stopnarkotik.az

Tarix: 29-08-2023, 16:47
Xəbəri paylaş





Xəbər lenti