Səfərbərlik Xidmətinin şöbə rəisi hakim qarşısına çıxarıldı - TƏFƏRRÜAT

Səfərbərlik Xidmətinin şöbə rəisi hakim qarşısına çıxarıldı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmaz Rayon Şöbəsinin rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Siam.az teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirlındirilən şəxsin vəkili müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Vəkil vəsatətin təmin olunmasının vacib olduğunu deyib. Qeyd edib ki, təqsirləndirilən şəxsin həbsindən sonra həyat yoldaşının səhhətində ciddi problem yaranıb, hazırda müalicə olunur.
Əlavə edib ki, təqsirləndirilən şəxsin həbsindən sonra yetkinlik yaşına çatmayan uşağının nitqi tutulub, hələ də danışmır.

Prokuror vəsatətin təmin edilməməsini, cinayət işinin baxışa təyin olunmasını istəyib.

Hakim heyəti vəsatəti təmin etməyib.

Məhkəmə baxışı oktyabrın 30-a təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Ağayev Rahim Əlifağa oğlunun qanunsuz əməlləri ifşa olunub
Əməliyyat-istintaq tədbirləri ilə Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Rahim Ağayevin xidməti otağında axtarış aparılmaqla iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Rahim Ağayevə Cinayət Məcəlləsinin 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilib.
Qeyd edək ki, Rahim Ağayev daha əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Hərbi rütbəsi polkovnik-leytenant olan Rahim Ağayev "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Tarix: 20-10-2023, 22:04
Xəbəri paylaş





Xəbər lenti