Ehtiyatda olan hərbçi BDYPİ-də döyüldü, 10 sutka da həbs verildi - ŞİKAYƏT


Beylaqan rayonu, Məşədi Əzizbəyov küçəsi, ev 43 sakini, hazırda Bakı şəhərində kirayədə yaşayan ehtiyatda olan hərbçi Cuvarlı Əbdül Taryel oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iki ay öncə onu kameraların önündə döyüblər.
“Mən, müharibə iştirakçısı, müharibədən sonra sağlamlığının 50 faizini itirən Cuvarlı Əbdül Taryel oğlu, mətbuat vasitəsilə haqqımın talandığını səlahiyyətli qurumlara bildirirəm.
Qeyd edim ki, 2 ay əvvəl Badamdarda yerləşən Baş Dövlət Yol Polisi İdarəsindən mənə zəng oldu. Zəng əsasında məni şöbəyə dəvət etdilər. Getdim, məni dərhal 25-ci otağa yönləndirdilər. Orada mənə bildirdilər ki, sizin 17 balınız var, hazırda 4 ballıq cərimə etmisiniz, bu baldan əlavə sizə 150 manat cərimə yazılacaq.
Orada adlarını bilmədiyim, amma üzdən tanıyacağım polis əməkdaşları məndən 150 manat pul tələb etdilər. Həmçinin qeyd etdilər ki, ödəməsən, sürücülük vəsiqən yararsızlaşdırılacaq.
Polis əməkdaşlarına özümü təqdim edib bildirdim ki, Qarabağ qazisiyəm, ehtiyatda olan hərbçiyəm, pensiyam kəsilib, həm sağlamlıq baxımından, həm də maddi baxımdan vəziyyətim yaxşı deyil. Mənə dedilər ki, həftənin 6-ci gününə qədər vaxtın var, fikirləş, qərar ver.
Həftənin 6-cı günü yenidən Baş Dövlət Yol Polisi İdarəsinə çağırıldım. Bu dəfə də həmin otağa göndərdilər. Məndən soruşdular ki, neynədin, nə fikirləşdin?
Cibimdə cəmi 40 manat pulum var idi. 40 manatı onlara verdim və bildirdim ki, imkanım buna çatır. Getdim.
Sonradan eşitdim ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, cərimə sürücüyə 1 və 10 gün ərzində gəlmirsə, sonradan yazılan cərimələr qeyri-qanunidir. Kamera görüntüsü yoxdursa, cərimə yoxdur deməkdir. Bunu biləndən sonra yenidən idarəyə gəldim və 25-ci otağa daxil olub, verdiyim pulu tələb etdim. Orada özümü cilovlaya bilməyib, “utanmırsız, məni aldadırsız” ifadəsi işlətdim. Həqiqətən də məni aldatmışdılar. Bu söz-söhbətdən sonra ödədiyim 40 manatı mənə qaytardılar və dərhal mənə 350 manat cərimə yazaraq, sürücülük vəsiqəmə məhdudiyyət qoydurdular.
Məsələdən sonra Daxili İşlər Nazirliyinə şikayət etdim. Şikayətimdən sonra rəislə danışıb, məni Baş Dövlət Yol Polisi İdarəsinə yolladılar. Orada rəis məni qarşıladı və dedi ki, narahat olma, 2 günə problem həll olunacaq.
1 həftə keçdi, lakin xəbər yox idi. Həftənin 6-cı günü özüm çağırılmadan idarəyə getdim. Əvvəl məni qəbul edən kapitana dedim ki, ayıb deyildi, 40 manat rüşvətə görə başıma bu oyunu açdınız? Dedim ki, “sən haram pul qazanırsan, amma mən halal qazancımın arxasındayam”. Mən boynuma alıram, bu sözləri ona dedim. Həmin vaxt kapitan ağır söyüş söyərək, təpiklə məni vurdu. Dediyi söyüşü özünə qaytarıb, mən də özümdən asılı olmayaraq təpiklə onu vurdum. Mən durduq yerdə onu söyməmişəm, nə də vurmamışam. Onun vəzifəsi var deyə mənə ağır söyüş söyməlidir?
Qeyd edim ki, səhhətimlə bağlı da ciddi problemlərim var. Şəxsiyyət pozğunluğu diaqnozu qoyulub. Ağciyərimin 50-60 faizi işləmir. Nəfəsi rahat alıb-verə bilmirəm. Yəni mən xəstə adamam, müharibə görmüş adamam, mənim kimisini döymək çox asandır. Görün, bu kapitan necə arxayındır ki, otaqda 6-7 polislə birgə kameranın qarşısında məni ölümünə döydülər.
Onu da qeyd edim ki, əvvəl rəisin otağına girəndə kameraların işlək vəziyyətdə olduğunu görmüşdüm. Yəni döyülmə halım kamera görüntülərində var. Məni çox ağır döymüşdülər, boğazım cırıq-cırıq, bədənim göm-göy olmuşdu. 10 sutka həbs verərək, ekspertə getməyimə mane oldular.
Məhkəmədə tələb etdim ki, həkim müayinəsindən keçirilim, lakin şikayətimə baxılmadı. Çünki hakim həkim müayinəsindən keçməyimə razı olsaydı, müayinədə hər şey ortaya çıxacaqdı.
10 sutka həbsim bitdikdən sonra yenidən DİN və Baş Prokurorluğa şikayət etmişəm. Hələ də şikayətimə baxılmır. Həmin gündən sürücülük vəsiqəmə də məhdudiyyət qoyulub. Bu qədər qanunsuzluqla qarşılaşsam da, döyülsəm də qarşı tərəfə heç bir cəza verilmir. Əksinə, rəis və başqa qurum rəhbərləri həmin polisin müdafiəsi üçün əllərindən gələni edirlər”.

Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 4-09-2024, 09:01
Xəbəri paylaş





Xəbər lenti