“Azərişıq” əhalini borcla “yükləyir”

“Azərişıq” əhalini borcla “yükləyir” Bizə yeni stansiyalar lazımdırmı?

Hafiz Babalı: “Hesabat verməlidirlər ki, əldə edilən qazanc hara istifadə olunur”

“Azərişıq” ASC Asiya İnkişaf Bankının Azərbaycanda enerji sisteminin yenilənməsi üzrə proqramı çərçivəsində 6 yarımstansiyanın tikilməsi və təchizatını planlaşdırır. Proqram çərçivəsində 35/10 kVt gücündə “İlisu”, “Oğuz”, “Şamaxı”, “Əlvədi”, “Səpnəkəran” və “Pirsaat” yarımstansiyalarının layihələndirilməsi və tikintisi nəzərdə tutulur. Qeyd edək ki, proqramın həyata keçirilməsi ilə əlaqədar “Azərişıq” ASC tərəfindən tender elan olunub.

Məlumat üçün bildirək ki, 2015-ci ildə Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik Toplantısı çərçivəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev və Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Jangin arasında elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə kreditin ayrılmasına dair ilkin niyyət protokolu imzalanıb. Sənəd respublika ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, eləcə də enerji paylanmasının təkmilləşdirilməsi məqsədilə “Azərişıq” ASC-yə 750 milyon dollar məbləğində çoxtranşlı maliyyələşmə mexanizmi çərçivəsində kreditin verilməsini nəzərdə tutur.

Onu da vurğulayaq ki, Asiya İnkişaf Bankı 1999-cu ildən etibarən Azərbaycanın iqtisadi imkanlarının şaxələndirilməsi və genişləndirilməsinə dəstək məqsədilə mühüm hissəsi infrastruktur sektoruna yönəlməklə təxminən 2,1 milyard dollar məbləğində vəsait ayırıb. Noyabrın 28-də Tarif Şurası bəzi kommunal xidmət haqlarının “şaxələndirilmiş ödəmə sistemi”nin tətbiqi haqqında qərar qəbul edib. Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək.Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minib.Aylıq məsrəf 250 kvt/saat elektrikə görə qiymət 7 qəpikdir.Dekabrın 1-dən bundan artıq isə 11 qəpikdən hesablanır.Maraqlıdır, Azərbaycanda nə qədər elektrik enerjisi istehsal olunur və onun maya dəyəri neçəyə başa gəlir?

“Azərişıq” hesabat verməlidir”



İqtisadçı-ekspert Hafiz Babalı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, “Azərişıq” cəmiyyət qarşısında kifayət qədər hesabatlı qurum deyil: ““Azərişıq”ın “Azərenerji”dən əldə etdiyi enerjinin ona satış qiyməti ilə istehlakçıya ötürdüyü enerjinin qiymətləri arasındakı fərq faktiki onun gəliri sayılır. Elektrik enerjisinin əhaliyə 7-11 qəpiyə satılmasını Tarif Şurası əsaslandırmırsa, “Azərişıq” elektrik təchizatı sistemindən monopolist subyekt olduğu üçün elan etməlidir ki, nəyə görə bu qiymətlər təklif olunub?Əldə etdiyi qazanc hara istifadə olunur?

Hazırda yarımstansiyaların binaları kifayət qədər dəbdəbəli, gözqamaşdıran şəkildə inşa edilib.Bahalı tikinti materiallardan tikilən bu yarımstansiyalar çox yüksək qiymətə başa gəlir.Təbii ki, bunlar növbəti mərhələdə elektrik enerjisinin maya dəyərinə oturur. Yəni, “Azərişıq”ın komfortunun bədəlini istehlakçılar ödəyir. “Azərişıq” isə bunun hesabatını vermir.Burda enerjinin maya və dəyəri əldə olunan gəlirin necə istifadə edilməsi önəmlidir.Vergi amnistiyası çərçivəsində "Azərenerjitikintiquraşdırma” ASC-nin 120 milyon 585 min 69 manat borcu silindi.Bunun kimi bir sıra qurumların borclarının bir hissəsi silindi.Hesab edirəm ki, bunun bir hesabatı olmalıdır. Bəlkə onlar adi istehlakçılardır, sənaye müəssisələrinin rəhbərləridir,ola da bilər ki, villa sahibləridir. Hansılar ki, ictimaiyyətdə deyirlər onların da pulunu biz ödəyirik.Bütün bu informasiyaların bir açıqlaması olmalıdır”.

“Bəlkə sayğacın möhürünü bilərəkdən sındırırlar?”

Ekspert şahidi olduğu bir məsələni də diqqətə çatdırıb. O qeyd edib ki, elektrik enerjisini vaxtlı-vaxtında, nizam-intizamla ödəyən istehlakçının mənzilinə “Azərişıq”ın nümayəndələri tərəfindən bildiriş gəlib ki, vətəndaş sayğaca müdaxilə edib: “Bildirilib ki, guya sayğacdakı möhür sındırılıb və buna görə də vətəndaşa 400-500 manat cərimə yazılıb. Artıq vətəndaşa hesab qoyulub ki, o, bu cəriməni ya ödəməlidir, ya məhkəmələrdə sürünməlidir, ya da “Azərişıq”ın qapıların döyməlidir ki, günahsızlığını sübut etsin.Əgər sayğac mənzildən kənardadırsa, ona istehlakçının əlçatanlığı sıfır səviyyəsindədir.İstənilən şəxs ona müdaxilə edə bilər. Burda “Azərişıq”ın öz nümayəndəsini də ittiham etmək olar. Bəlkə onlar bilərəkdən bunu edir.Enerji haqqını stabil ödəyən vətəndaş sayğaca nəyə görə müdaxilə etməlidir?Faktiki olaraq mənzillərdən kənarda yerləşən sayğaclar qorunmur”.

“O krediti vətəndaşlar ödəyəcək”

Hafiz Babalı hazırda Bakıda, eləcə də regionlarda enerji bölüşdürülməsi üzrə yarımstansiyaların qurulmasına böyük ehtiyacın olduğunu bildirib: “Amma bu məsələyə bir qədər diqqətli yanaşılmalıdır. Qoyulan sərmayələr həmin yarımstansiyanın verdiyi enerjinin həcminə adekvat olmalıdır. Bura külli miqdarda sərmayələr qoyulur və biz bunun hesabatlılığını görmürük.Ümumiyyətlə, hesabatlılıq, səmərəlilik Azərbaycanda qlobal problemdir.Nəzərə almalıyıq ki, hazırda enerji şəbəkəsinə qoyulan vəsaitlər beynəlxalq maliyyə qurumlarının kreditləri hesabına təmin olunur.Bu vəsaitlər “Azərenerji”yə rəhbərlik edənlərin şəxsi mülkü deyil.Bu kreditləri Azərbaycan vətəndaşları ödəyəcək.Buna görə də dövlət zəmanəti hesabına kreditlər əldə edən bütün qurumlar xərclənən hər qəpiyin hesabatını verməlidir.

“Nazirlik göz yumur, cəmiyyət susur”

Qanunvericilikdə maliyyə hesabatları 5 hissədən ibarətdir.Burda xüsusi qeydlər bölməsi var. Əslində maliyyə hesabatlarında, mühasibat uçotlunda əksini tapan rəqəmlər həmin qeydlərdə əks olunur.Həmin qeydlər yalnız “Azərsu” ASC açıqlayır, amma nə “Azərenerji”, nə də “Azərişıq” bu xüsusi qeydləri açıqlamır.Açıqlanan qeydlər isə ictimaiyyətdən gizlədilir.Əslində şəffaflıq və hesabatlılığın bir qaydası da budur.Nazirlər Kabinetinin qaydaları var, qanunvericiliyin xüsusi normaları var, vergi məcəlləsinin tələbləri var ki, maliyyə hesabatları açıqlanmalıdır.Eyni zamanda hansı qaydada açıqlamanın da tələbləri var. Dövlət qurumları bu qaydaları pozurlar, nəzarət edən Maliyyə Nazirliyi də buna göz yumur, vətəndaş cəmiyyəti isə susur”.

Yeganə Oqtayqızı
Tarix: 20-01-2017, 14:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}