Yeni inflyasiya təhlükəsi: GƏLİR?

Yeni inflyasiya təhlükəsi: GƏLİR? Avqust ayında dövriyyədə olan nağd pullar 113,3 milyon manat artaraq Sentyabr ayının 1-nə 7 milyard 592.9 milyon manata çatıb. Mərkəzi Bankın statistikasına əsasən, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 71.2 faizə qalxıb. Avqustun əvvəlində bu nisbət 69.8 faiz idi. 10 milyard 660.6 milyon manatlıq pul bazasının 8 milyard 468.4 milyon manatını manatla pul bazası təşkil edib. Pul bazasına daxil olan məcburi ehtiyatlar 142.8 milyon manatdan 140.7 milyon manata düşüb. Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Dövriyyədə olan pul kütləsinin artması vəziyyətə necə təsir göstərə bilər?
Yeni inflyasiya təhlükəsi: GƏLİR?
İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, bazarda pul dövriyyəsinin artması, iqtisadi aktivlikdən xəbər verir:


“Amma hazırda Azərbaycan iqtisadiyyatında makroiqtisadi tarazlığın pozulması, eləcə də milli valyutanın məzənnəsinin təzyiq altında qalması, aktivliyə həssas reaksiya verə bilər. Bu aktivlik manata təzyiqi artıra biləcək. Ancaq dövriyyənin institutsional səviyyədə artması, iqtisadiyyatın yüksəlişidir”.

İqtisadçı qeyd edib ki, pul dövriyyəsinin artmasını nağd və yaxud kart vasitəsilə ödənişlərə şamil etmək olmur:

“Hazırda nağdsız ödənişlərə üstünlük verilir. Demək olar ki, bu proses çox uğurla həyata keçirilir. Apardığımız müşahidələrə əsasən qeyd etmək olar ki, son dövrdə istehlakçı bazarında nağdsız ödənişlər üzrə 6-7 faizə qədər artım baş verib. Nağdsız ödənişlərin iqtisadiyyata heç bir mənfi təsiri yoxdur. Bu, eyni zamanda gizli iqtisadiyyatda olan mənbələri aradan qaldırır”.

Pul kütləsinin artmasının inflyasiyanın səviyyəsinə necə təsir edəcək?

Fuad İbrahimovun sözlərinə görə, hazırkı vəziyyətdə dövriyyədə pul kütləsinin artımı inflyasiyaya mənfi təsir göstərəcək:

“İnflyasiyanın qarşısını almaq üçün iqtisadiyyatın digər anti-inflyasiya tədbirlərini həyata keçirmək lazımdır. Məsələ burasındadır ki, biz o balansı hərəkətə gətirə bilmirik. Yəni, mümkünsüz hesab olunur. Makroiqtisadi tarazlığın pozulmasının qarşısını kütləvi formada islahatlar həyata keçirməklə almaq olar”.

Yeganə Oqtayqızı
Tarix: 11-10-2017, 22:28
Xəbəri paylaş





Xəbər lenti